Uşaq bezlərilə bağlı XƏBƏRDARLIQ:


Digərləri 23 Apr 2018 21:20:00 259 0

Uşaq bezlərilə bağlı XƏBƏRDARLIQ:

Müasirləşən dünyada həyatımıza sürətlə daxil olan bir çox yeniliklər var və onlardan da biri uşaq bezləridir. Bu bezlər olmasa, körpələri saxlamaq necə çətin olardı deyə valideynlər dəfələrlə dilə gətirirlər. Adətən keçmişdə hər bir şeyin indikindən daha yaxşı olduğunu söyləyən yaşlı nəslin nümayəndələri "Eh, bez olandan sonra uşaq saxlamağa nə var ki...", - deyə hətta qibtə hisslərini gizlətmirlər. Hazırda demək olar ki, bütün ölkələrdə analar körpələri üçün gündəlik uşaq bezlərindən istifadə edilir. Çünki körpənin dərisini daha quru saxlayır, istifadəsi rahat və asan başa gəlir, bir sözlə, anaları bir xeyli əziyyətdən azad edir. Amma illərdir uşaq bezlərinin zərərləri ilə bağlı müzakirələr də səngimək bilmir. Hətta bu bezlərdən istifadənin uşaqlar üçün gələcəkdə ciddi problemlər yaradacağı söylənilir.

Məlumat üçün bildirək ki, uşaq bezlərinin yaranması XX əsrin ortalarına təsadüf edir. Belə ki, üç nəvəsinə baxmalı olan kimyaçı-texnoloq Viktor Milz güclü sorma təbəqə hazırlayıb uşağın alt paltarına bağlayır. Daha sonra bezlər daha da təkmilləşdirilərək, kütləvi şəkildə 1961-ci ildən istifadəçilərin ixtiyarına verilir. Hazırda bir quru bezin çəkisi 50 qramdır. Ölkəmizdə ölçüsünə görə məhsulun bir ədədi 20-70 qəpiyə təklif olunur. 

Son.az lent.az-a istinadən xəbər verir ki, pediatr Günay Rəsulovanın dediyinə görə, uşaq bezlərindən istifadə zamanı valideynlər diqqətli olmalıdırlar. Çünki bu vasitənin təlimata uyğun istifadə olunmaması və gərək olmadığı hallarda da taxılması gələcəkdə uşaqların sağlamlığına ciddi problemlər yarada bilər: "Əvvəlcə onu deyim ki, körpələrə ən gec 2 yaşına qədər bez taxmaq olar. Bundan sonra yavaş-yavaş tərgitmək lazımdır. Mütləqdir ki, uşaqlara hər zaman bir ölçü böyük bez geyindirilsin. Xüsusilə də oğlan uşaqlarında qan damarlarının sıxılması nəticəsində xayaların qanla qidalanması çətinləşir və bu, onlarda xaya hidropsuna, yəni su yığılmasına gətirib çıxarır. Xayalarda kiçilmələr baş verir və bunun da nəticəsi sonsuzluq ola bilər".

Onun sözlərinə görə, mütəmadi şəkildə uşaqlara bezlərin taxılması onlarda böyrək, yaxud sidik yolları ilə bağlı problemləri izləməkdə çətinlik yaradır: "Yəni uşaq daim bezdə olduğu üçün onda olan iltihabi prosesləri görmək olmur. Bezlərdən uyğunsuz zamanda istifadə bəzən gec sünnət edilən oğlan uşaqlarında simos, parasimos kimi infeksiyalara səbəb olur. Həmçinin qızlarda da sidik yollarının, sidik kisəsinin iltihabi prosesini yaradan səbəblərdəndir".

G.Rəsulova vurğuladı ki, bəzən valideynlər gərək olmadığı halda da gecə uşaqları bezlə yatırırlar. Bu zaman enterebiot - yəni qıl qurd deyilən infeksiya yoluxmuş uşaqda daha da artır: "Uşaq yatarkən dişi qıl qurd anusdan bayıra çıxır və onun ətrafında 1000-dən artıq yumurta qoyur. Bezin arasında qalan yumurtalar canlanaraq orqanizmə toksiki maddələr buraxır".

Həkim valideynlərə tövsiyə edir ki, uşaqlara bezi tərgitmək üçün isti ayları seçsinlər: "Çalışmaq lazımdır ki, körpənin dərisi daha çox hava görsün. Bezlərdən istifadə edən uşaqlarda kontakt dermatitin yaranmasına çox sıx rastlanır. Yəni uşağın dərisi qıcıq, bişməcə olur. Xüsusilə dərisi həssas uşaqlarda bu problem daha çox yaranır. Bəzən bu bezlər sintetik materialdan hazırlanır ki, bunun da fəsadları çoxdur. Valideynlər bu problemlərlə qarşılaşmamaq üçün daha keyfiyyətli məhsuldan istifadə etməlidirlər".