Bakı Ali Neft Məktəbi SOCARın III Beynəlxalq Forumunu keçirir


Digərləri 23 Apr 2018 13:37:00 260 0

Bakı Ali Neft Məktəbi SOCARın III Beynəlxalq Forumunu keçirir

Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılığı ilə SOCAR-ın III Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neftkimya" Forumunun açılışı oldu.

BANM-dan Son.az-a verilən məlumata görə, keçən ilki ilə nisbətən bu il Forumda iştirak edən ölkələrin sayında artım müşahidə olunub.

Ümumiyyətlə, bu il Forumda iştirak etməyə Azərbaycandan 72 nəfər, Rusiyadan 49 nəfər, Qazaxıstandan 32 nəfər, Böyük Britaniya, Almaniya, Fransa, İsveçrə, İtaliya, İspaniya, Avstriya, Polşa və digər Avropa ölkələrindən 53 nəfər, BƏƏ, İran, Türkmənistan, Özbəkistan və digər Asiya ölkələrindən 18 nəfər, Kolumbiya və Sinqapurdan isə 2 nəfər neft-qaz sektoru üzrə müəssisələrin rəhbər nümayəndələri qatılıb.

Forumu Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov açaraq, artıq üçüncü ildir ki keçirilən SOCAR-ın Beynəlxalq Forumunun Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunduğunu bildirib. Elmar Qasımov Forumun keçirilməsinin çox gözəl bir vaxta təsadüf etdiyini xüsusi vurğulayaraq, bir neçə gün bundan qabaq Azərbaycan Prezidenti İlham Əliyevin seçkilərdə böyük səs çoxluğu ilə yenidən prezident seçildiyini qeyd edib, Forum iştirakçıları adından xalqı təbrik edərək Azərbaycanın daim çiçəklənməsini və inkişafını arzulayıb.

Daha sonra rektor Elmar Qasımov Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu neft strategiyasının bütün dünyaya təbliğ olunmasında Forumun səmərəli platforma olduğunu bildirib:

"SOCAR-ın III Beynəlxalq Forumunda iştirak üçün dünyanın 30-yaxın ölkəsinin neft-qaz sektorunun aparıcı müəssisələrinin rəhbər nümayəndələrindən ibarət 230-a yaxın iştirakçı qatılıb. Bu göstərici Azərbaycanın adının dünya neft sektorunda önəmli mövqedə olmasından xəbər verir".