M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialında ənənəvi “Açıq qapı” günü keçirilib FOTO


Digərləri 21 Apr 2018 22:24:00 314 0

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialında ənənəvi “Açıq qapı” günü keçirilib  FOTO

Aprelin 21-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı Filialında ənənəvi "Açıq qapı" günü keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, universitetin foyesində abituriyentləri maraqlandıran informasiya, Filiala qəbul qaydalarına və burada tədris sisteminə dair ədəbiyyat və kitabçalar olan stendlər qoyulub. Abituriyentlər bu universitetə 2018/2019-cu tədris ili üçün qəbul imtahanlarının şərtləri və qaydaları ilə tanış ola, filologiya, kimya, riyaziyyat, psixologiya, iqtisadiyyat, fizika fakültələrində bakalavr hazırlığı barədə ətraflı informasiya ala biliblər. Qeyd edilib ki, filologiya fakültəsinin bazasında rus dili və ədəbiyyatı, habelə müasir Qərbi Avropa dilləri (ingilis, fransız, italyan, ispan dilləri və ədəbiyyatı) bölmələri fəaliyyət göstərir. İqtisadiyyat fakültəsinin iki bölməsində - iqtisadiyyat və menecment bölmələrində mütəxəssislər hazırlanır. Filialın magistratura bölməsinə qəbul filologiya, riyaziyyat və kompüter elmləri, kimya, psixologiya, iqtisadiyyat (beynəlxalq biznes) istiqamətləri üzrə həyata keçirilir. M.V.Lomonosov adına MDU-nun Bakı Filialında ənənəvi "Açıq qapı" günü adətən abituriyentlərin və onların valideynlərinin böyük marağına səbəb olur. Tədbirə qatılan altı yüzdən çox iştirakçı üçün universitetin iki zalı ayrılıb.

MDU-nun mexanika-riyaziyyat fakültəsinin ümumi topologiya və həndəsə kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Yuri Sadovniçi görüşü açaraq, abituriyentləri və onların valideynlərini salamlayıb. O, çıxışında vurğulayıb ki, M.V.Lomonosov adına MDU-nun Bakı Filialı 2008-ci ildə Azərbaycan Prezidentinin Fərmanı ilə yaradılıb və bu tədris ilində Filialın onuncu ildönümü tamam olur.

O deyib: "M.V.Lomonosov adına MDU-nun Bakı Filialının rektoru, akademik Nərgiz Paşayevanın sayəsində bu on il ərzində universitet böyük nailiyyətlər əldə edib. Filialın fəaliyyəti üç fakültədən - tətbiqi riyaziyyat, kimya və filologiya fakültələrindən başlayıb. Sonralar universitetin təhsil sahəsi genişləndikcə, psixologiya, iqtisadiyyat və fizika fakültələri açılıb. 2012-ci ildə Xocasən qəsəbəsində mükəmməl kampus inşa edilib. Tələbələrin dərin biliklərə yiyələnməsi, istirahəti və yaşaması üçün burada hər cür şərait yaradılıb. Filialın tədris fəaliyyəti M.V.Lomonosov adına MDU-nun tədris planları və proqramları üzrə və innovativ texnologiyalardan və metodlardan istifadə olunmaqla həyata keçirilir. Beləliklə, Filialın tələbələri Bakını tərk etmədən Moskva Dövlət Universitetində təhsil alırlar. Bakı Filialının məzunlarına M.V.Lomonosov adına MDU-nun diplomu təqdim edilir. MDU-nun diplomu bütün dünyada tanınır. Odur ki, universitetin məzunları işlə təmin olunmaq, təhsilini nüfuzlu xarici ali məktəblərdə davam etdirmək üçün gözəl imkan əldə edirlər. Filialda təhsil əvvəlcə dörd il ərzində bakalavriat proqramı üzrə aparılır, sonra arzu edənlər iki il ərzində magistraturada oxuya bilərlər. Filialda əsasən MDU-nun professor-müəllim heyəti dərs deyir. Özlərini elmi fəaliyyətə həsr etmək istəyənlər təhsillərini aspiranturada, Moskvada davam etdirə bilərlər".

Filialda həm tələbələr, həm də müəllimlər üçün hər cür şərait yaradılıb. Onun çox zəngin kitabxanası var. Kimya, fizika və psixologiya fakültələri nəzdində 20 laboratoriya ən müasir avadanlıqla təchiz edilib. Bu avadanlıq tədris prosesini və elmi-tədqiqat işi ilə bağlı məşğələləri təmin etmək üçün zəruri olan, demək olar, istənilən mürəkkəb eksperimental tədqiqatlar aparmağa imkan verir. Filialın tələbələri texniki cəhətdən təchiz edilmiş geniş auditoriyalarda təhsil alırlar. Kampusda idman kompleksi var, arzu edənlər yataqxana ilə təmin olunur. Filialın kampusunda 2012-ci ildən fəaliyyət göstərən yataqxanalarla bərabər, Moskvadan gəlmiş müəllimlər üçün daha bir yeni, üçmərtəbəli yataqxana binası ötən il inşa edilərək istifadəyə verilib. Hazırda kampusun yataqxanalarında 200-dən çox tələbə və MDU-nun 80 müəllimi yaşayır.

MDU-nun Bakı Filialının qəbul komissiyasının məsul katibi, fizika-riyaziyyat elmləri namizədi Denis İlyutko qəbul qaydaları haqqında ətraflı məlumat verib. Filialda iyulun 6-dan 12-dək keçiriləcək qəbul imtahanlarına buraxılmaq üçün abituriyentlər Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi birinci (yaz) imtahanda hər hansı ixtisas qrupu üzrə bakalavriat proqramı ilə ali məktəbə qəbul olunmaq üçün 300 və ya daha çox bal toplamalıdırlar. Özü də toplanmış ballar yalnız imtahana buraxılmağa imkan verir və Filiala daxil olan zaman toplanan balların üzərinə əlavə olunmur, yəni universitetə qəbul əlavə imtahanlar verməklə, müsabiqə əsasında aparılır.

Bir fakültəyə (bir neçə tədris proqramına, yaxud bir neçə hazırlıq istiqamətinə, yalnız bir fakültə çərçivəsində. Bu zaman prioritet göstərilir) yalnız bir ərizə verilə bilər. Birinci kursa qəbul haqqında ərizə elektron formada verilir. Ərizə forması www.msu.az saytında, yaxud http://dim.gov.az/ saytında doldurulur. Elektron-rəqəmsal imza olmadıqda, sənədləri rahat şəkildə vermək üçün abituriyent www.msu.az saytında, yaxud DİM-in http://dim.gov.az/ saytında qeydiyyata düşə bilər.