Yuxu haqqında bilmədiklərimiz


Digərləri 21 Apr 2018 21:05:00 380 0

Yuxu haqqında bilmədiklərimiz

(Əllamə Təbatəbainin "əl-Mizan" təfsirindəki qeydləri əsasında)

Böyük Quran mütəxəssisi Əllamə Təbatəbai "əl-Mizan" təfsirində Həzrət Yusifin (ə) əhvalatı ilə bağlı yuxu və onun növləri, yuxunun yaranma səbəbləri və yozum imkanları barədə geniş və maraqlı bəhs açmışdır. Müəllif bu mücərrəd (abstrakt) mövzu barədə fikirlərini kifayət qədər sadə və anlaşıqlı dildə ifadə etməyə nail olmuşdur. Geniş oxucu kütləsi üçün maraqlı olacağını nəzərə alaraq, Əllamə Təbatəbainin yuxu haqqında fikirlərini cüzi ixtisar və sadələşdirmə ilə diqqətinizə təqdim edirik.

***

Şübhə yoxdur ki, yuxu idraka bağlı olan bir məsələdir, amma xəyal qüvvəsi də onun üzərində müəyyən təsirə malikdir. Xəyal qüvvəsi daim fəaliyyətdədir. O, öz işini lamisə, eşitmə və sairə bu kimi hisslərin vasitəsilə əldə etdiyi məlumatlar əsasında qurur. Son.az islam.az-a istinadən bildirir ki, çox zaman öz "xəzinə"sində (bazasında) saxladığı bəsit və mürəkkəb obrazları, məfhumları təhlil edir. Məsələn, insan bədəninin ayrı-ayrı üzvlərini (baş, qol, qıç və s.) təhlil edir. Bəzən bəsit maddələri mürəkkəbə çevirir; məsələn, öz bazasındakı ayrı-ayrı elementlərdən bütöv insan qurur. Hərdən onun yaratdığı "məhsul" həqiqətlə uyğun gəlir, hərdən isə yox (məsələn, başsız və ya on başlı insan obrazı yaradır).

İnsan bədənini əhatə edən mühitin xüsusiyyətləri (istilik ya sərinlik kimi), eləcə də, orqanizmin daxili vəziyyəti (xəstəlik, narahatlıq, toxluq kimi) xəyal qüvvəsinə və son nəticədə yuxuya öz təsirini qoyur. Məsələn, ayıqlıq və ya yuxu halında hərarətə məruz qalan adam yuxuda özünü alovun içində görür, sərinlik hiss edən şəxs isə yuxuda qar üzərində yeridiyini hiss edir. Sağlamlığı pozulmuş, yaxud həddindən artıq çox yemiş adam yuxuda narahatlıq duyur, qarışıq və vahiməli yuxular görür.

İnsanın əxlaqi xüsusiyyətləri də yuxuya təsir edir. Ayıqlıqda bir şəxsə qarşı hədsiz eşq bəsləyən adam onu heç zaman unuda bilmədiyi üçün yuxuda da həmin şəxsi görür. Ayıq halda qorxaq təbiətə malik olan, kiçik hənirtidən təşvişə düşən şəxs yuxularında da dəhşətli mənzərələrlə üzbəüz qalır. Qəzəb, ədavət, təkəbbür, tamah kimi mənfi əxlaqi sifətlər də adamın yuxusuna müxtəlif şəkillərdə sirayət edir.

Əslində insan nəfsi yuxular vasitəsilə xarici (təbii) və daxili (fizioloji və əxlaqi) amillərin ona göstərdiyi təsiri ifadə edir. Yuxu yalnız bu baxımdan həqiqətə malikdir.

Amma diqqət yetirməliyik ki, heç də bütün yuxular bu cür deyil. Elə saleh və doğru yuxular var ki, həqiqətlərin üzərindən pərdəni götürür, onları inkar etmək mümkün deyil. Bununla yanaşı, bu cür yuxulara nə xarici təbii amillər, nə batini əxlaqi xüsusiyyətlər, nə də ətrafda baş vermiş hadisələr təsir göstərir. Bu yuxularla real hadisələr, yaxud gələcəkdə baş verəcək olaylar arasında heç bir bağlılığın olmadığını söyləmək yanlışdır.