Hacıqabulda sahibkarlara güzəştli kreditlər verilib


Digərləri 20 Apr 2018 20:33:00 214 0

Hacıqabulda sahibkarlara güzəştli kreditlər verilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maarifləndirilməsi və investisiya layihələrinin maliyyələşdirilməsi tədbirlərini davam etdirir.

Son.az Trend-ə istinadən bildirir ki, aprelin 20-də bu istiqamətdə növbəti tədbir Hacıqabul rayonunun Navahı qəsəbəsində keçirilib.

100-ə yaxın sahibkarın iştirak etdiyi işgüzar forumda sahibkarlara güzəştli kreditlərin verilməsi mexanizmi barədə məlumat verilib, Hacıqabul Sənaye Məhəlləsində sənaye məhsullarının istehsalı və emalı ilə bağlı hazırlanan kompozit və plastik qablaşdırma materiallarının istehsalı məssisələrinin, həmçinin rayonda prioritet hesab edilən quru meyvə istehsalı müəssisəsinin, müasir cins heyvandarlıq və taxıl anbarı kompleksi, intensiv bağçılıq, pambıqçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti və bu ilin ötən dövrü ərzində verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, 2018-ci ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin ümumi dəyəri 362 milyon manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 52,3 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 5550-dən çox yeni iş yerinin açılmasına imkan yaradır. Qeyd edilib ki, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan istifadə etməklə sənaye sahələrinin inkişafı, məşğulluqda sənayenin payının artırılması baxımından sənaye məhəllələrinin yaradılması böyük əhəmiyyət kəsb edir. Şirzad Abdullayev Hacıqabul Sənaye Məhəlləsində fəaliyyət göstərəcək sahibkarları İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu ilə fəal əməkdaşlığa və güzəştli kreditlərdən yararlanmağa dəvət edib.