"BMTnin münaqişələrin qarşısını alması normaya çevrilməlidir"


Dünya 20 Apr 2018 12:39:00 237 0

"BMTnin münaqişələrin qarşısını alması normaya çevrilməlidir"

24-25 aprel tarixlərində BMT-nin Nyu-Yorkdakı baş qərargahında "Sülhyaratma və sülhün dayanıqlılığı" mövzusunda Yüksək Səviyyəli Toplantı keçiriləcək. Bu tədbir ərəfəsində BMT Baş Assambleyasının prezidenti Miroslav Layçak toplantının mahiyyəti və onun məqsədlərinə dair "Sülhə yeni yanaşma" adlı müəllif yazısı hazırlayıb. 

Son.az APA-ya istinadən həmin məqaləni təqdim edir:

"Birləşmiş Millətlər Təşkilatı yaradılanda onun təsisçiləri başqa bir dünya təsəvvür edirdilər. Elə bir dünya ki, orada mübahisələr döyüş meydanlarında deyil, görüş otaqlarında həll olunur. Elə bir dünya ki, orada müharibələr başlamağa macal tapmadan qarşısı alınır. Elə bir dünya ki, orada həyatlar itirilmədən hərəkətə keçirlər. Lakin bu gün dünyanın bir çox yerlərində zorakı münaqişələrin sayı artmaqdadır. Onların müddəti, mürəkkəbliyi və səbəb olduğu tələfatlar da getdikcə artır. Mülki şəxslər atəş arasında qalaraq daha həyatını itirmir - onlar indi özləri birbaşa hücum hədəfinə çevrilib. Biz həm də misli görünməmiş sayda insanın qorxu və ümidsizlik içində öz yuvalarını tərk etdiyini görürük.

Məhz bu səbəbdən BMT-nin sülhə yeni yanaşması olmalıdır. Mən 24-25 aprel tarixlərində Nyu-Yorkda "Sülhyaratma və sülhün dayanıqlılığı" mövzusunda Yüksək Səviyyəli Toplantı təşkil edəcəyəm. Bu tədbirdə dünya liderləri bir araya gələrək diqqətini münaqişələrin qarşısının alınması, vasitəçilik, dialoq və diplomatiya mövzusuna yönəldəcəklər. Bu, BMT-yə üzv dövlətlərin təşkilatımızın sülhün yaradılmasında daha yaxşı nəticələrə nail olmaq üçün göstərdiyi daha genişmiqyaslı səylərin bir hissəsidir. Mən sülh deyəndə, növbəti seçki dövründə yoxa çıxacaq sülhdən deyil, varlığından arxayın olduğumuz sülhdən danışıram. Aylarla, illərlə deyil, nəsillərlə davam edəcək sülhdən danışıram.

"Dayanıqlı sülh" deyəndə məhz bunu nəzərdə tuturuq. Münaqişələr başlayandan sonra tələm-tələsik həll yolu axtarmaqdansa, məhz ona nail olmağa çalışmalıyıq.