Qardaşını və oğlunu şəhid verən yeganə


Digərləri 19 Apr 2018 21:35:00 255 0

Qardaşını və oğlunu şəhid verən yeganə

Son.az lent.az-a istinadən​ Xalq yazıçısı Sabir Əhmədli ilə bağlı fakt və əhvalatları təqdim edir.  

Sabir Əhmədli Cəbrayıla top-qrad mərmisi düşdüyü vaxt ev təmir edirdi. Doğma torpağın alınacağına ya inanmırdı, ya inanmaq istəmirdi.

***

Çox halal adam olub. Evinə haram çörək aparmayıb. Hətta bir vaxtlar dəb imiş, nəzir-niyaz verənlərə deyirlərmiş ki, gedin pulunuzu Sabir müəllimlə dəyişin, halaldı onun pulu.

***

Oğlunu könüllü Qarabağ savaşına göndərib. Müharibə gedən vaxt oğlu şəhər uşağı olduğu üçün şəraitə alışa bilmirmiş. Bir qabda yemək yeyilməsi, səliqəsizlik onu darıxdırıb. Bayıra çıxanda snayperlə başından vurublar. Özü də həmin gün oğlunun ad günüymüş.

***

Oğlu şəhid olan vaxt özü cəbhə bölgəsinin başqa bir yerində əsgərlərlə görüşdə idi.     

***

80-ci illər ədəbi nəsli haqqında Yazıçılar Birliyində görüş keçirilirmiş. Sabir Əhmədliyə söz verilir. O, qəribə bir müşahidəsini açıqlayır:

- Onların hamısının hekayəsində yağış yağır.

***

Qardaşı Cəmil Əhmədov Sovet İttifaqı Qəhrəmanıydı. Döyüşlərdə həlak olmuşdu. Sabir Əhmədli Varşavanın qar basmış məzarlığında bir-bir qəbirləri qardan təmizləyə-təmizləyə inadla qardaşının məzarını axtarmışdı.

***

1985-ci ilin 9 may tarixində Sovet İttifaqı Qəhrəmanı olan qardaşı Cəmil Əhmədlinin abidəsini ziyarət edəndən sonra Xudafərin körpüsünü ziyarət etmək istəyir və Qumlaq kəndinə gedir. O zaman üçün təbii ki, bu çox müşkül məsələ idi. Amma Araza və o tay türk ellərinə bağlı olan yazıçı üçün bu əsl ilham mənbəyi olacağından rayon rəhbərliyi buna etiraz etmir.

Beləliklə, 1985-ci il mayın 10-da yazıçı Xudafərinə heç kimin yaxınlaşa bilməyəcəyi məsafə qədər yaxınlaşır.

***

Yazıçı Həmid Herisçi yazır: "Hərbiçilərimiz, siyasətçilərimiz, millətimizin eləyə bilmədiyini yenə də ədəbiyyatımız, əslində, yalqız-qocaman bir yazıçı həyata keçirdi - işğal altındakı torpaqlarımızı, xəyalən də olsa belə, düşmən tapdağından azad edib öz doğma yurdu Cəbrayıla qayıtdı".

***

Məmməd Arazı partiyadan uzaqlaşdırmaq üçün iclas keçiriblər. O iclasda yalnız Sabir Əhmədli Məmməd Arazı müdafiə edib və partiyadan uzaqlaşdırmaq qərarına etirazını bildirib.

***

2002-ci ildə Azərbaycanda ilk dəfə Yenisi Sənət Təzahürləri Mərkəzinin təşəbbüsü ilə "Proza N" internet-müsabiqəsi keçirildi. Münsiflər heyətində Sabir Əhmədli də vardı.