Müharibə və ixtilaflar girdabında: dünya nizamını pozan qüvvələr


Dünya 19 Apr 2018 19:24:00 282 0

Müharibə və ixtilaflar girdabında: dünya nizamını pozan qüvvələr

Son zamanlar Rusiya ilə Qərb arasında açıq və ya gizli mübarizə daha da intensivləşib. Böyük Britaniyada Sergey Skripal ilə bağlı insident isə vəziyyəti bir qədər də mürəkkəbləşdirib. Bu hadisə müxtəlif prizmalardan təhlil edilir. Rusiya KİV-lərində onun arxasında dayanan və qlobal proseslərlə birbaşa bağlı olan faktorlar da qabardılır.

Son.az newtimes.az-a istinadən xəbər verir ki, bütövlükdə dünya siyasətində əsrlərdir ki, həlledici rol oynayan, lakin hələ tam üzə çıxmayan dairələrin müəyyən planlarından bəhs edilir. Aydın olur ki, məsələ daha dərin və təhlükəli məqamlara bağlıdır. O cümlədən böyük dövlətlərin parçalanması, yaxud güclənməsi prosesi ilə bağlantılı analizlər verilir. Bütün bunlar faktiki olaraq dünya siyasətinə qeyri-ənənəvi müstəvidə nəzər salmaq imkanı yaradır.

Siyasətin həlledici dairələri: onlar kimlərdir?

Böyük Britaniya ilə Rusiya arasında "Skripalın işi" ilə əlaqəli meydana gələn gərginlik yeni mərhələyə qədəm qoyub. Tərəflər qarşılıqlı surətdə diplomatları deportasiya etdikdən sonra yeni addımların atılacağı haqqında Moskva və Londondan informasiyalar yayılır. Bəzən sual yaranır: bir nəfərə görə iki böyük dövlətin bu dərəcədə düşmən kəsilməsinə dəyərmi? Bu sualı başqa bucaq altında qoymaq olar: hansı səbəblərdən Skripal hadisəsi az qala Birinci və İkinci dünya müharibələrinin başlaması üçün bəhanə olmuş sui-qəsdlər səviyyəsinə yüksəldilib?

Təbii ki, burada xüsusi xidmət orqanlarının imici faktoru da mövcuddur. Yəni Böyük Britaniya ələ aldığı rusiyalı casusu öz adamı kimi qorumaq öhdəliyini tam yerinə yetirməlidir ki, digərləri də sabah onunla işləməyə inansın. Moskva isə göstərir ki, ona xəyanət edənlər gec, ya tez harada olmasından asılı olmayaraq cəzalarını alırlar.

Başqa bir versiyaya görə, hadisəni Böyük Britaniya kəşfiyyatının özü törədib və məqsəd Rusiyaya qarşı yeni təzyiq dalğasını alovlandırmaqdan ibarətdir. Bunun əsası kimi son illər Moskvanın dünya siyasətinə aktiv surətdə qarışmasını göstərirlər. O cümlədən Rusiya kəşfiyyatı Amerika və İngiltərədəki seçkilərə informasiya-təxribat hücumları edib. İngilislər indi onun cavabını verirlər.

Bütün hallarda aydın görünür ki, məsələ bir adamın taleyi ilə bağlı deyil. Ortada hansısa prinsipial geosiyasi maraq var və proseslər də gizli olaraq həmin faktora uyğun yeni dinamika alır. Burada əsas fərqli məqam Qərb ilə Rusiya arasında münasibətlərin daha da pisləşməsindən ibarətdir. Ancaq bir qədər əvvəl əsas gərginliyin ABŞ-la Rusiya arasında olduğu təəssüratı vardı. Belə söhbət dolaşırdı ki, Avropa ilə Rusiya ABŞ-dan asılı olmayaraq yaxınlaşa bilərlər. Skripal məsələsi bu ehtimalı minimuma endirdi.

Çünki ABŞ, Böyük Britaniya, Fransa və Almaniya rəsmi olaraq bəyanat yaydılar ki, adı çəkilən məsələdə Londonu müdafiə edirlər. Bununla da Rusiyaya qarşı vahid Qərb cəbhəsinin formalaşdığı nəticəsini çıxarmaq olar. Bu isə gözləniləndən də geniş təsiri ola bilən hadisədir. Rusiya mətbuatında dərc olunan bir analitik yazıda həmin kontekstdə maraqlı bir versiya irəli sürülüb. Onun Rusiya ilə yanaşı digər dövlətlərə də aidiyyəti ola bilər.

"Vzqlyad" nəşrində dərc edilən məqaləyə görə, real səbəb Skripal deyil, o, bir bəhanədir. Əsas məsələ dünya imperialist dairələrinin əsrlərdir ki, apardığı savaşın növbəti ssenarisinin oynanılması ilə bağlıdır (bax: Россия бьется со смертельно опасным противником / Vz.ru, 16 mart 2018). Müəllifin fikrinə görə, Rusiya dünya elitası ilə ziddiyyətdədir. Həmin elita dünya işlərinə həlledici təsir gücünə malikdir. Məhz indi həmin elita Moskva ilə T.Mey və B.Consonun dilində danışır. Bu mənada rusların Böyük Britaniyaya "xanım ingilis" kimi baxması böyük yanlışlıqdır. Bu, XIX əsrin sonlarından Rusiyada formalaşmış neqativ ənənənin nəticəsidir. Bu, rəqibi kiçik görmək kimi yanlış mövqedir. Reallıqda Rusiya millətlərüstü dünya hakimiyyəti və kapitalı ilə üz-üzədir. Onlar növbəti dəfə Rusiyanın axırına çıxmaq arzusundadırlar. Buna görə də əsas məsələ nə Krımdır, nə də Skripal. Başlıca səbəb Rusiyanın "onların sonuna çıxmasından ibarətdir" (bax: əvvəlki mənbəyə).

Konkret desək, Rusiya anqlo-sakson ssenarisi üzrə qloballaşma prosesinin qarşısına çıxıb. Bu layihə Qərbdən idarə edilən vahid dünyanın yaradılmasını nəzərdə tutur. "Qərb" termini də "atlantik", "anqlosakson" sözlərinin sinonimi kimi işlədilir. Son 100 ildə həmin layihənin açıqcasına reallaşdırılmasına çalışılır. Şirkətlərin və kapitalın böyüməsi, sivilizasiya və mədəniyyətlərin yaxınlaşması, qarışması və qarşılıqlı nüfuz etməsinin təmini bunun həyata keçirilməsi mexanizmləridir.