"Prezidentin bu fərmanı dövlətin vətəndaşının, şəhid ailələrinin yanında olduğunu bir daha göstərdi"


Digərləri 19 Apr 2018 15:50:00 275 0

"Prezidentin bu fərmanı dövlətin vətəndaşının, şəhid ailələrinin yanında olduğunu bir daha göstərdi"

"Prezident İlham Əliyevin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərmanı şəhid ailələrinə, Azərbaycan vətəndaşlarına böyük qayğısının ifadəsidir".

Son.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, uzun müddət idi ki, bu məsələ gündəmdə idi: "Həm Nazirlər Kabineti, həm Milli Məclis bu məsələnin həlli yollarını axtarırdı. Ancaq cənab Prezident fərman verərək öz fondundan bu vəsaiti ayırmaqla məsələni köklü sürətdə həll etdi və dövlətin vətəndaşının, şəhid ailələrinin yanında olduğunu bir daha göstərdi".

Deputat qeyd edib ki, bu fərman böyük bir addımdır və fərmanda göstərilən maddələrə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları qısa müddət ərzində hüquqi məsələləri həll edəcəklər, hər bir şəhid ailəsi ona çatan dövlət yardımını alacaq: "Əslində bu, cənab Prezidentin o ailələrə birbaşa öz fondundan verdiyi yardımdır və yüksək qiymətləndirilməlidir".

Qeyd edək ki, Prezident İlham Əliyev ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərman imzalayıb.

Sənədə əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra - hərbi qulluqçuların) vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilir.