20 il sonra hər birimiz sevgilimizi... Planetin ən mistik alimindən həyat, eşq və axirətlə bağlı SENSASİYALI MÜSAHİBƏ


Digərləri 18 Apr 2018 23:24:00 322 0

20 il sonra hər birimiz sevgilimizi...  Planetin ən mistik alimindən həyat, eşq və axirətlə bağlı SENSASİYALI MÜSAHİBƏ

Planetin ən mistik adamı kimi tanınan buddist Robert Turman ideal qadın, gələcək, reinkarnasiya haqqında danışıb, həm də 20 il sonra dünyanın siyasi və dini xəritəsinin dəyişəcəyini iddia edib.

Son.az Robert Turmanın bu yaxınlarda Rusiya mətbuatına verdiyi müsahibəsini təqdim edir:

Harvard məzunu olan buddist Nyu-Yorkda Kolumbiya universitetinin professoru, Dalay-lama və bir çox ulduzların yaxın dostu, buddizm üzrə dünyada əsas ekspert, bestsellerlərin müəllifi və sanskritçənin mükəmməl bilicisidir. Bütün sadaladığımız üstünlüklərə baxmayaraq, təkid edir ki, ona sadəcə, "Bob" adı ilə müraciət etsinlər.

Məşhur aktrisa Uma Turman professor Robert Turmanla İsveç əsilli model və psixoterapevt Nena von Şlebrüqqenin böyük qızıdır. Onun valideynləri 1967-ci ildə ailə qurub. Planetin ən mistik adamı - Robert Turman uşaqlarını buddist təlim-tərbiyəsi ilə böyüdüb. Hətta öz uşaqlarına hind adları qoyub. Məsələn, Umanın adı "ölçü hissi" və ya "həzz verən" mənasını verir.

- Siz gələcəyin ideal qadınını necə görürsünüz?

- O, daima inkişafda olmalıdır. Təkcə ağlını deyil, ruhunu və qəlbini də tərbiyə etməlidir. Öz daxili aləmini təkmilləşdirməlidir. İdeal qadın - yaxşı yoqinyadır. O, öz ərinin qayğısına qalır, onu yalnız uğur qazanmaq üçün ruhlandırmır, həm də sağlamlığının qeydinə qalır ki, o da yaxşı yoq olsun. Qadınlar təsir etmə gücü və həssaslığı sayəsində mənəviyyatını daha çox zənginləşdirmək potensialına malikdir.

- Yoqanın dəbdə olmasına necə yanaşırsınız? İndi onunla hamı məşğul olur, bu, yoqaya qarşı sayğısızlıq deyil ki?

- Yoqa həmişə və istənilən halda yaxşıdır.

- Buddistlər reinkarnasiyaya (ruhun təkrar qayıdışı və bədənlənməsi, ruhun bir bədəndən digərinə keçməsi) inanırlar. Siz necə düşünürsünüz, öldükdən sonra biz bu dünyaya tez qayıdırıq, ya əksinə?

- Kim deyib ki, ümumiyyətlə, biz ölürük? Karma biologiyasının qanunlarına əsasən, biz yenidən doğuluruq. Hər bir insan paklanmaya qədər arınma prosesini keçir, ruhu təkrar-təkrar dünyaya qayıdır. Getdikdən demək olar ki, dərhal sonra başqa təcəssümü qəbul edərək dünyaya geri qayıdırıq. "Nə olacağıq?" sualı isə başqa məsələdir.

Dünyaya yenidən insan simasında qayıtmaq böyük şərəfdir. Çünki insan ən ali bioloji varlıqdır. İnsan reinkarnasiyasına layiq olmaqdan ötrü bu dünyada müdrik, rəhmli, xeyirxah olmaq üçün çabalamalı, neqativ enerjilərlə məşğul olmamalı, ucuz ehtirasın qurbanı olmamalı və qısa müddətli zövqlərə aldanmamalıyıq.

- Biz yenə də keçmişdə münasibət qurduğumuz insanlara aşiq olacağıq?

- Belə hallar həqiqətən də tez-tez baş verir və bu, "karma münasibətləri" adlanır. Daha mükəmməl münasibətlər var, amma onlar çox nadir hallarda baş verir. Bu, "ikinci yarım" kimi qəbul edilən (Amerikada biz soul-mate - ruh əkizi deməyi sevirik) anlayışdır. Belə sevmək üçün, daha yüksək səviyyədə özünüdərk lazımdır. Əgər erkən xristianlıq dövrünə qədər antik dünyada, Pifaqorun vaxtında olduğu kimi karma biologiyası rəsmi qəbul olarsa, hər birimiz sevgilimizi fərqli şəkildə seçəcəyik. Və onda bizim xoşbəxt, sevgi dolu münasibətlər yaratmaq potensialımız daha çox olacaq.

- Bəs indi və burada əsl sevgi mövcud deyil?

- Biz bir-birimizdən nə qədər az şey tələb etsək və nə qədər çox versək, münasibətlər bir o qədər harmoniyada olacaq. Əsl sevgi qarşı tərəfi xoşbəxt etmək ehtirası və istəyidir, amma heç bir halda kimisə xudbincəsinə sahiblənmək arzusu deyil. Xüsusən tərbiyə üsulları və xurafatlar çoxlarının içində daxili maneələr yaradır. Bu maneələr bizi əsl həzdən qorxudur. Özümüzə icazə vermirik ki, sevincdən və xoşbəxtlikdən məst olaq. Halbuki, insan beyni və ürəyi məhz məhəbbətdən əriyir və buna planlaşdırılıb. Amma yenə təkrar edirəm, başqası üzərində hakimiyyətlə buna nail olmaq mümkün deyil. Əsl sevgiyə gedən yol ancaq impatiya hissi və fədakarlıqdan keçir.

- Yaxşı, bəs sevgini necə qoruyaq?

- Məhəbbətin canlı orqanizm olduğunu fakt kimi qəbul edin, o da sizinlə birlikdə daim dəyişir. Ehtiras tədricən dərin qarşılıqlı hörmətə əsaslanan dostluğa keçir. Bu, təbii və gözəl prosesdir.

- Rusiyada boşanma faizi 70 faizə yaxınlaşır, Amerikada da vəziyyət ürəkaçan deyil. Ümumiyyətlə, nikah institutunun yaşamaq şansı var?

- Əlbəttə! Amma o, dəyişəcək, artıq dəyişir. Məsələn, qızım Uma iki dəfə boşanıb, indi də qeyri-rəsmi nikah münasibətlərində yaşayır. O, "Kişilər onlara ərə getməyənə qədər özlərini yaxşı aparır" fikrini tez-tez təkrar etməyi xoşlayır.

Biz isə Nena ilə artıq 50 ildir nikahdayıq, münasibətlərimiz əvvəlki kimi yaxşıdır. Gələcək nikahlarda əlaqələr daha çevik, açıq və ortaq olacaq. Qadına olan "sən mənimsən və mənə məxsussan" patriarxal seriyalı münasibəti keçmişdə qalacaq. Boşanmaq kədərlidir, xüsusilə də əgər ailədə uşaqlar varsa. Amma bəzən bu, ən yaxşı çıxış yoludur, ən əsas da əgər sivil qaydada razılığa gələ bilirsinizsə. Ümumiyyətlə, mən həmişə qadına özünü realizə etməyə və inkişaf etdirməyə kömək edən hər şeyin yanındayam. Güclüləri sevirəm.

- İndi və gələcəkdə uşaqları necə tərbiyə edək?

- Birincisi, az doğmaq lazımdır. Yeddi milyard insan həddindən artıq çoxdur. İkincisi, uşaqlarla başqa bir planetdən olan ali varlıq kimi davranmağa başlamaq lazımdır. Uşağa maksimum hörmət və dəstək göstərin, onu dinləyin və nəyin bahasına olursa-olsun unikal potensialını reallaşdırmaqda ona kömək edin. Uşaqlar buna görə sizə təşəkkür edəcəklər. Yalnız yadınızda saxlayın ki, uşaqlarınız əslində sizə məxsus deyillər!

- Siz yumurta hüceyrənin dondurulması və nəsil artırmanın digər yeni üsullarına necə yanaşırsınız?

- Dünyada ailəyə ehtiyacı olan o qədər kimsəsiz uşaq var ki... Qadınlar isə nəyin bahasına olursa-olsun dünyaya uşaq gətirmək istəyirlər. Onu özünüz doğmusunuz deyə elə bilirsiniz ki, o, tamamilə sizin olacaq? Belə çıxır ki, qalan uşaqlar ögeydir? Həyata, insanlara və uşaqlara qarşı bu cür münasibət tədricən köhnələcək. Yadınızda saxlayın ki, bu dünyada heç bir insan sizə aid ola bilməz.

- "Düşmənlərinizi də sevin" kitabının müəllifisiniz. Maraqlıdır ki, düşmənlərinizi sevə bilirsiniz? Bunu bizi də öyrədin.

- Budda və peyğəmbərlər öz fikirlərində tamamilə haqlıdır, düşmənə sevgi həqiqətən düşünmək və rahat yaşamaq üçün çox praktik yoldur. Mən praktikadan danışarkən ikiüzlü olmağı nəzərdə tutmuram. Lakin düşmənə xoşbəxtlik arzulayıram. Axı düşmən özünü yaxşı hiss edərsə, sənə zərər verməyə bir daha cəhd etməyəcək. Birini sevmək o deməkdir ki, onun xoşbəxt olmasını arzulayırsınız. Düşmənlərimiz isə bizi onların xoşbəxtliyinə yol açan bir maneə hesab edir. Bu maneə olmaqdan imtina etsək, onda o insanlar bizə nifrət etmək həvəsini itirəcək.


Xəbərə aid fotolar