Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibdə ilk iclası keçirilib FOTO


Digərləri 18 Apr 2018 17:48:00 247 0

Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibdə ilk iclası keçirilib  FOTO

Mətbuat Şurası (MŞ) İdarə Heyətinin yeni tərkibdə ilk iclası keçirilib.

Mətbuat Şurasından Son.az-a verilən məlumata görə, şura sədri, Milli Məclisin deputatı Əflatun Amaşov gündəlikdə duran məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.

Ə.Amaşov bildirib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisdə Prezident andı içərək ölkə başçısı kimi fəaliyyətə başlayıb. Bu münasibətlə o, Şuranın İdarə Heyətinin üzvləri adından İlham Əliyevi təbrik edib, ona qarşıdakı fəaliyyətində uğurlar arzulayıb.

Ə.Amaşov Azərbaycan jurnalistlərinin VII qurultayının qərarı ilə Şuranın tərkibinin genişləndirildiyini vurğulayıb. "Hazırda İdarə Heyəti 23-ü əsas, 6-ı ehtiyat olmaqla 29 nəfərdən ibarətdir. Əminəm ki, Şuranın yeni tərkibi də məhsuldar işləyəcək. Qurumun İdarə Heyətinin hər bir üzvünə uğurlar arzulayıram" deyə Ə.Amaşov əlavə edib.

İclasda ilk olaraq Şuranın sədr müavinləri seçilib. MŞ İdarə Heyətinin üzvləri - Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev və Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin namizədlikləri digər üzvlər tərəfindən dəstəklənib.

Bundan sonra Şuranın yeni icraçı katibinin müəyyənləşdirilməsi məsələsinə baxılıb. Bu vəzifəyə MŞ sədrinin təqdimatı əsasında tanınmış hüquqşünas, uzun müddət Şuranın hüquq komissiyasının işində yaxından iştirak etmiş Şəmsəddin Əliyevin namizədliyi təsdiqlənib.


Xəbərə aid fotolar