Çikaqoda 28 may Azərbaycanın Milli Günü elan edilib


Digərləri 17 Apr 2018 06:32:00 286 0

Çikaqoda 28 may Azərbaycanın Milli Günü elan edilib

ABŞ-ın ən böyük şəhərlərindən olan Çikaqo şəhərinin meri cənab Rahm Emanuel Azərbaycan Demokratik Respublikasının 100-cü ildönümü ilə əlaqədar olaraq rəsmi bəyanat verib.

Bakı. ABŞ-ın ən böyük şəhərlərindən olan Çikaqo şəhərinin meri cənab Rahm Emanuel Azərbaycan Demokratik Respublikasının 100-cü ildönümü ilə əlaqədar olaraq rəsmi bəyanat verib. Trend-in məlumatına görə, bəyanatda 1918-ci il 28 may tarixində Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunur. Sənəddə bildirilir ki, Azərbaycan Demokratik Respublikası müstəqilliyinin qısa müddət ərzində irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər seçki hüququnu tanımaqla yanaşı müsəlman dünyasında ilk dəfə olaraq qadınların seçki hüququnun verilməsini təmin edib. Eyni zamanda sənəddə Azərbaycan Demokratik Respublikasının 1920-ci ildə öz müstəqilliyi uğrunda mübarizə aparmasına rəğmən onun Sovetlər Birliyinin tərkibinə daxil edildiyi və 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etməyə nail olduğu vurğulanır.