Uşaqlarda anadangəlmə qüsurlar necə aşkarlanmalıdır?


Digərləri 16 Apr 2018 21:32:00 309 0

Uşaqlarda anadangəlmə qüsurlar necə aşkarlanmalıdır?

Yeni doğulanlarda hansı anadangəlmə inkişaf qüsurları və xəstəliklər təhlükəli sayılır? İnkişaf qüsurları və xəstəlikləri törədən faktorlara qarşı necə mübarizə aparmaq olar?  Hansı qüsurları tamamilə aradan qaldırmaq mümkündür? 

Son.az bildirir ki, APA TV-nin "Öncə sağlıq" proqramının növbəti buraxılışının qonağı olan uşaq cərrahı, Klinik Tibbi Mərkəzin əməkdaşı Allahverdi Musayev və Respublika Diaqnostika Mərkəzinin pediatr-neanotoloqu Yalçın Mirzəyev bu və başqa sualları cavablandırıblar.

A.Musayev anadangəlmə inkişaf qüsurlarının artması barədə fikirlərə münasibət bildirərkən deyib ki, əslində say artmayıb, bu, tibbin, müayinə metodlarının inkişafı, müasir diaqnostika metodları ilə problemlərin vaxtında aşkarlanması ilə bağlıdır.

Onun sözlərinə görə, artıq bəzi anadangəlmə qüsurları hətta uşaq ana bətnində olanda,  hamiləliyin 4-5-ci ayında müəyyən etmək mümkündür: "Anadangəlmə ürək, böyrək, qida borusu problemləri, mədə-bağırsaq yollarında olan patologiyaları asanlıqla aşkar etmək mümkündür".

Həkim bildirib ki, ürək qüsurları, onurğa beyni yırtıqlarını hamiləliyin 5-6-cı ayında aşkarlamaq mümkündür. Mütəxəssisin sözlərinə görə, inkişaf qüsurlarının yaranmasında, ətraf mühit, genetik, qidalanma və s. faktorların rolu var.

Cərrah inkişaf qüsurlarından böyrək problemlərinə daha çox rast gəlindiyini deyib: "Böyrək və sidik axarlarının genişlənməsi ilə bağlı daha çox patologiya görürük. Bundan başqa mədə-bağırsaq, qida borusu ilə bağlı patologiyalara da rast gəlinir".

O, yarıq damar problemlərinə də son vaxtlar çox rast gəlindiyini vurğulayıb.

A.Musayev uşaqlarda rast gəlinən bir sıra ürək və damar qüsurlarının daha təhlükəli olduğunu da açıqlayıb.