Azərbaycan Beynəlxalq Prokurorlar Assosiasiyasının işinə töhfələr verir


Digərləri 16 Apr 2018 18:08:06 216 0

Azərbaycan Beynəlxalq Prokurorlar Assosiasiyasının işinə töhfələr verir

170-dən çox dövlətin üzvü olduğu Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) ilə ölkəmiz uğurlu əməkdaşlıq edir.

Bakı. 1995-ci ildə Birləşmiş Millətlər Təşkilatının Vyana ofisində təsis edilmiş, dünya prokurorlarının yeganə qlobal təşkilatı olan 170-dən çox dövlətin üzvü olduğu Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) ilə ölkəmiz uğurlu əməkdaşlıq edir. Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, assosiasiyanın əsas məqsədi transmilli cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, çirkli pulların yuyulması və korrupsiyaya qarşı mübarizə sahəsində sürətli, səmərəli və işgüzar əlaqələrin qurulmasında prokurorlar arasında forum rolunu oynamaqdır. Azərbaycan Respublikası təşkilat yarandığı vaxtlardan onunla işgüzar münasibətlər qurmuş, Baş Prokurorluq və Hərbi Prokurorluq Assosiasiyaya təşkilati üzv kimi qəbul edilmiş, ölkəmizin nümayəndələri uzun illərdir Assosiasiyanın rəhbər qurumları olan İcraiyyə Komitəsində və Senatda Azərbaycanı layiqincə təmsil edirlər. Respublikamızın Assosiasiyanın işində fəal iştirakı, təşəbbüskarlığı və səmərəli təmsilçiliyi nəzərə alınaraq BPA-nın 2016-cı ildə İrlandiyanın paytaxtı Dublində keçirilmiş illik tədbirlərində Assosiasiyanın İcraiyyə Komitəsinin 45-ci iclasının 2018-ci ilin 9-10 aprel tarixlərində Bakı şəhərində keçirilməsi qərara alınıb. Bununla əlaqədar Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun dəvəti ilə Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti cənab Qerhard Yaroşun rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də Kanada, İsveçrə, İrlandiya, Cənubi Afrika Respublikası, Tayland, Bəhreyn və Mavriki dövlətlərinin Baş prokurorları, habelə təşkilata üzv olan digər ölkələrin prokurorluq orqanlarının yüksək səviyyəli şəxsləri ölkəmizdə səfərdə olublar. Səfər çərçivəsində qonaqlar əvvəlcə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər. Dünyanın 20-dən çox ölkəsinin prokurorluq orqanları yüksək təmsilçilərinin və Azərbaycan Respublikasının dövlət rəsmilərinin iştirakı ilə İcraiyyə Komitəsinin açılışı olub. Açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi – şöbə müdiri Fuad Ələsgərov ölkə Prezidenti cənab İlham Əliyevin adından qonaqları salamlayıb, tədbirin ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyətə malik bir sıra tədbirlərlə eyni vaxta təsadüf etdiyini qeyd edərək hazırkı iclasın dövlətimizin hüquqi dövlətin qurulması və qanunun aliliyinin təmin edilməsi işinə, eləcə də bu fəaliyyətdə prokurorların roluna və beynəlxalq tərəfdaşlarla əməkdaşlığa töhfə verdiyini bildirib. İclasa sədrlik edən Baş prokuror Zakir Qaralov ölkəmizin təşkilatla fəaliyyətə başladığı vaxtdan etibarən uğurla əməkdaşlıq etdiyini və Assosiasiyanın ali idarəetmə orqanlarında fəal təmsil olunduğunu vurğulayıb, Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun BPA-nın uzun illər İcraiyyə Komitəsinin üzvü olmuş, hazırda Assosiasiyanın senatoru və fəxri üzvü, Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin isə İcraiyyə Komitəsinin üzvü olmasını qeyd edib. Baş prokuror ölkəmizin belə mötəbər tədbirə ev sahibliyi etməsindən məmnunluğunu ifadə edərək hazırkı iclasın təşkilatın işinə verdiyi töhfələrinə görə yaddaqalan olacağına və əməkdaşlığımızın daha da inkişafı və dərinləşməsinə xidmət edəcəyinə əminliyini bildirib. Beynəlxalq Prokurorlar Assosiasiyasının Senatoru və fəxri üzvü, ədliyyə naziri Fikrət Məmmədov açılışda Assosiasiyanın tarixi və keçdiyi inkişaf yolu və Azərbaycanın BPA-nın inkişafında töhfələri ilə bağlı foto-slaydlardan ibarət əyani prezentasiya ilə çıxış edib, İcraiyyə Komitəsinin 2002-ci ildə Bakıda keçirilmiş iclasını və Komitə üzvlərinin böyük şərəf verilərək ümummilli lider Heydər Əliyev tərəfindən qəbul olunduğunu xatırladaraq Bakı iclasının yaddaqalan və belə tədbirlər üçün yüksək standart kimi müəyyən etdiyini vurğulayıb. Bildirib ki, Assosiasiyanın işində yaxından iştirak edilərək ölkəmiz tərəfindən BPA-nın rus dilində saytı və dünya prokurorları üçün korrupsiyaya qarşı internet şəbəkəsi aparılır, bütün nəşrləri Azərbaycan və rus dillərinə tərcümə olunmaqla qurumun təcrübəsindən ölkəmiz və müxtəlif digər dövlətlər tərəfindən geniş bəhrələnilir. Assosiasiyanın prezidenti Qerhard Yaroş çıxış edərək iclasın yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə öz dərin təşəkkürlərini bildirib, Azərbaycanın Assosiasiyanın işinə verdiyi önəmli töhfələri və onun fəaliyyətində göstərdiyi təşəbbüskarlıq və mühüm dəstəyi xüsusi vurğulayıb.