Vüqar Rəhimzadənin məqaləsi ABŞ-ın "Thompson Reuters" indeksli jurnalında dərc olunub


Digərləri 16 Apr 2018 15:19:12 221 0

Vüqar Rəhimzadənin məqaləsi ABŞ-ın "Thompson Reuters" indeksli jurnalında dərc olunub

Vüqar Rəhimzadənin məqaləsi ABŞ-ın "Thompson Reuters" indeksli jurnalında dərc olunub.

Bakı. Siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Slavyan Universitetinin dosenti, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin "KİV dövlətin ictimai-siyasi sisteminin institutu kimi" adlı məqaləsi ABŞ-da nəşr olunan "Thompson Reuters" indeksli "Confrontation" jurnalında dərc olunub. V.Rəhimzadə 1968-ci ildən işıq üzü görən və Nobel mükafatçılarının da məqalələrinin dərc edildiyi jurnalın 121-ci sayında Azərbaycanda demokratik cəmiyyətin əsas atributlarından biri kimi mətbuatın inkişafına göstərilən diqqət və qayğıdan, medianın müstəqil ictimai institut kimi formalaşmasının elmi əsaslarından bəhs edib. Məqalədə qeyd olunur ki, KİV cəmiyyətin siyasi sisteminin mühüm tərkib hissəsi kimi dövlət və cəmiyyət arasında mühüm əlaqələndirici funksiya yerinə yetirir. Bu gün mətbuat cəmiyyətdə sabitləşdirici rola malikdir və sosial dəyişikliklərin təkanverici qüvvəsini kimi çıxış etməyə qadirdir. Bu da öz növbəsində, dövlətin informasiya siyasətinin əhəmiyyətini müəyyən edir. Müəllif yazır ki, informasiya sahəsindəki siyasət daha az öyrənilmiş və daha çox mürəkkəb olan siyasi fəaliyyət növüdür. Vurğulanır ki, ən yeni informasiya və telekommunikasiya texnologiyalarının inkişafı özü ilə təkcə texnoloji innovasiyalar, elm tutumlu istehsala keçid və s. gətirmir, həmçinin insan məskəninin bütün informasiya mühitini, ictimai həyatın bütün sosio-mədəni məzmununu kökündən dəyişir, informasiya sahəsini cəmiyyətdə üstün mövqeyə çıxarır. Yeni informasiya məkanı dünya bazarının az qala ən sürətli və intensiv inkişaf edən sektoruna çevrilən, hər hansı milli sərhədləri və ideoloji maneələri aradan qaldıran, milli-mədəni fərqləri tarazlayan dünya informasiya bazarının yeni reallıqlarını diktə edir.