Bir zamanlar bazarda qutab satan milyonçuxeyriyyəçi Ağabala Quliyev


Digərləri 15 Apr 2018 22:25:00 346 0

Bir zamanlar bazarda qutab satan milyonçuxeyriyyəçi Ağabala Quliyev

1908-ci il martın 30-da Stavropolda çıxan "Yuq" qəzetində belə bir xəbər dərc olunmuşdu: "Şəhərimizdə ən müasir texnikayla işləyən dəyirman istifadəyə verilmişdir.

Mühəndis Savitskinin layihəsi əsasında tikilmiş bu dəyirmanın illik istehsal gücü 500 min puddur. Dəyirmanın dəyəri isə 352000 rubl təşkil edir".

Son.az bizplus.az-a istinadən bildirir ki, 108 il əvvəl 352 min rubl fantastik rəqəm sayılırdı. Və Rusiyanın ucqarında adi dəyirmana bu qədər, indiki dillə desək investisiya qoyulması çoxlarını təəccübləndirmişdi. Çoxları hesab edirdi ki, bu adam kimdirsə, dəli olub, bu qədər pulu göyə sovurub. Amma sonradan məlum olacaqdı ki, Stavropol kimi ucsuz-bucaqsız zəmilərə malik bir quberniyada belə bir dəyirmanını tikilməsi ağılsızlıq yox, uzaqgörən bir addım imiş. Keşləli Hacıqulunun oğlu nə elədiyini yaxşı bilirmiş...

*** 1862-ci ildə Bakının Keşlə kəndində, yoxsul bir ailədə anadan olmuşdu Ağabala. Atası Hacıqulu aftafa düzəldib satar, ailəsini də elə bununla dolandırarmış. Ağabala Hacıqulunun böyük oğlu idi. 7-8 yaşından da bazarda işləməyə başlayır Ağabala. Anasının bişirdiyi qutabları bazarda satarmış.

Ağabala Quliyev Bir qədər də böyüyəndən sonra atası onu fəhləliyə düzəldir. Tatausovun dəyirmanında fəhlə işləməyə başlayır. Gündə az qala 14 saat işləyən bu yeniyetmə qısa zamanda sahibkarın etimadını qazanır. 16 yaşlı Ağabala sex müdiri təyin edilir. Sex müdiri işlədiyi dövrdə isə əməkhaqqını qəpik-qəpik yığaraq normal sərmayə toplaya bilir. 4 ildən sonra isə Ağabala xozeyinin yanına gələrək ondan ayrılacağını deyir. Məlum olur ki, Ağabala Quliyev elə doğulduğu Keşlədəcə köhnə bir dəyirman almaq istəyir. Və alır da...

*** Dəyirmanı işə salmaq, rəqabətə davam gətirmək onun üçün asan olmur. Amma o, bunu bacarır. Köhnə avadanlıqları yenisi ilə əvəz edir, Bakı yəhudilərinin birindən sələmlə pul götürərək təzə texnika alır. Gecə-gündüz işləyir. Qısa müddətdən sonra Almaniyadan belə, texnika gətirdir. Dəyirmanının fəaliyyətini genişləndirir. Və günlərin bir günü məlum olur ki... Ağabalanın dəyirmanının üyütdüyü una o qədər böyük tələbat var ki, o dövrün milyonçuları olan Sadıxovların, Tağıyevin, Qlaz qardaşlarının dəyirmanları həm gücünə, həm də keyfiyyətinə görə onunkundan geri qalır. Vur-tut iki ildən sonra isə o da məlum olur ki, Bakıda bu sahədə onunla rəqabətə girə biləcək bir nəfər var: bu da Skobelevlərdi. Amma az sonra Skoblelər də onunla rəqabətə davam gətirə bilməyəcəkdi, Quliyev nəinki Bakının, bütün Qafqazın un kralına çevriləcəkdi. Bakıda, Vladiqafqazda, Stavropolda, Samarada, Qroznıda tikdirdiyi dəyirmanlar ona bütün Rusiyada şöhrət qazandıracaqdı.

O, Rusiyanın taxıl istehsal edən regionları ilə daima əlaqədə idi. Rostov, Krasnodar, Stavropol diyarlarından vaqonlarla taxıl gətirdər, dəyirmanlarının bircə saat da dayanmasına imkan verməzdi.

*** Quliyevin sərvəti günü-gündən artırdı. Amma maraqlısı budur ki, o, digər Bakı milyonçuları kimi dəbdəbəli binalar tikdirməzdi. Bakıda onun yaşadığı bircə dəbdəbəli bina vardı: Keçmiş Poluxin, indiki Murtuza Muxtarov küçəsi, 24 ünvanında yerləşən bina indi də Bakıya gözəllik verir. Quliyev, əksinə, xeyriyyə məsələlərinə daha çox diqqət ayırırdı. Milyonçu 1905-ci ildə təşkil olunmuş Müsəlman Xeyriyyə cəmiyyətinin yaradıcılarından olub.

1916-cı ildə Bakıda baş vermiş məşhur "Qadın qiyamı"ndan sonra onunu fabrikləri əhaliyə havayı un və un məmulatları paylayırdı. Bundan başqa, Bakıdan Batuma neft kəməri çəkilməsi məsələsi meydana çıxanda da necə deyərlər, sinəsini qabağa verənlərdən biri məhz Ağabala Quliyev idi.