Xızıda qardaşını öldürən şəxs:


Digərləri 10 Apr 2018 13:40:00 219 0

Xızıda qardaşını öldürən şəxs:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını öldürməkdə təqsirləndirilən Şirxan Məhərrəmovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə Ş.Məhərrəmov özünü təqsirli bildiyini deyib, lakin ittihamda qeyd edilən bəzi məqamlarla razılaşmayıb.

O, sərbəst ifadə verən zaman söyləyib ki, 2005-ci ildə üç qardaş 4 hektar torpaq sahəsində təsərrüfatla məşğul olublar: "Daha sonra isə torpaq sahəsini aralarında bölmək istəyiblər. Böyük qardaşları olan Səməd Məhərrəmov buna etiraz edib və torpaq sahəsini heç kimlə bölməyəcəyini deyib. Bundan sonra aramızda mübahisələr yarandı. Kiçik qardaşıma məxsus torpaq sahəsində tikinti apardıq. Getdi məhkəməyə verdi. Sonra mən onun üstünə getmədim. Amma onun hədələri, söz-söhbətləri bitmədi. Həmin gün də torpaq sahəsində olan elektrik xəttini açmaq istəyirdim. Çünki ərazidə iş gedirdi, xətt də qırıla bilərdi. Mənə arxadan yaxınlaşıb təpiklə vurdu. Daha dözə bilmirdim. Bu hərəkətinin səbəbini soruşanda məni təhqir elədi. Mən də gedib silahı gətirdim".

Ş.Məhərrəmov qardaşını öldürmək qərarına gəlməsinin səbəbini belə izab edib: "Ona dedim ki, "məni bezdirmisən, səni öldürəcəm". Qardaşım "səndə o ürək hardandır?" dedi. Buna görə də onu vurdum. Mən əsəblərimi cilovlaya bilmədim".

Məhkəmədə elan edilib ki, qardaşlar arasında torpaq sahəsi üstündə məhkəmə davası da olub. Həmin məhkəmələrin qərarına əsasən, torpaq sahəsi mərhuma məxsus olub.