Yeganə: "Hacı seyfdən pul çıxarıb verdi ki, get, maşını dəyiş"


Şou-biznes 07 Apr 2018 18:35:11 270 0

Yeganə: "Hacı seyfdən pul çıxarıb verdi ki, get, maşını dəyiş"

Son.az müğənni Yeganə Mürsəlovanın ölkə.az-a müsahibəsini təqdim edir.

- Yeganə xanım, ənənəvi sualımı vermək istəyirəm. Yaradıcılığınızdakı yeniliklərdən danışaq.

- İllər öncə oxuduğum "Taleyim" mahnısını yeni formada aranjeman etdirmişəm. Düzdür, bu mahnı remiks formada oxunub. Ancaq mahnının bəstəkarı Natiq Şuşalı bir həftə öncə vəfat etdi. Bu ifamı onun xatirəsinə ithaf edirəm. Mahnının yazılmasından təxminən iyirmi il ötsə də, bu gün də sevilir. Ondan sonra təsniflər, muğam, bəstəkar mahnıları oxudum. İndi də bu mahnıyla tanınıram.

- Yenidən təsniflərə, muğamlara müraciət etmək fikriniz varmı?

- Bəli, fikrim var. Hər dəfə çalışıram ki, gənc bəstəkarlara da müraciət edim. Çalışıram ki, bütün janrlara müraciət edim.

- Gənc bəstəkarlardan mahnı oxumağınız onlara dəstək xarakteri daşıyır, yoxsa peşəkar bəstəkarlara qonorar ödəyib mahnı almaq istəmirsiniz?

- Peşəkar bəstəkarlara da, gənclərə də eyni məbləği ödəyirəm.

- Məsələn, Tunar Rəhmanoğludan oxuduğunuz mahnıya görə pul ödəmisiniz?

- Əlbəttə, ödəmişəm. Qonorarsız iş olar? Hərdən məndən soruşurlar ki, Türkiyədə buraxdığın alboma nə qədər pul xərclədin? Bu sualdan iyrənirəm. Heç soruşan yoxdur ki, buradakı mahnılara, kliplərə, albomlara nə qədər pul xərcləmisən? Guya burada havayı verirlər ki? Gənc bəstəkar da ailəsini dolandırmalıdır, onun da işi budur. Əgər toydan pul qazanıramsa, bəstəkara da qonorar ödəməliyəm.

- Əgər yenə də toylardan qazanacaqdınızsa, Türkiyədə çəkdirdiyiniz kliplərə nə ehtiyac var idi? Axı sizi bu gün oxuduğunuz "Tapşin" mahnısına görə yox, "Taleyim"ə, yaxud aşıq mahnısına görə məclislərə dəvət edirlər...

- Mən ora fərqi görmək üçün pul xərcləməyə getməmişdim. Azərbaycanda Tahir Əkbər, Hikmət Mirməmmədli, Faiq Sücəddinov, Nailə Mirməmmədli, Gövhər Həsənzadə, Xanım İsmayılqızı kimi bütün tanınmış bəstəkarlarla işlədim. Hətta Humayun, Dilkeş təsniflərini lentə aldırdım. Allah ustadım Ağaxan Abdullayevə rəhmət eləsin. O, əvəzolunmaz sənətkar olmaqla yanaşı, böyük ustaddır və elə ustad bir daha doğulmayacaq. Ağaxan müəllim Alim Qasımovun da ustadıdır. Yadınızdadırsa, həmin ərəfədə əksər sənətçilər qonşu ölkələrə, xüsusən Gürcüstana, Rusiyaya üz tuturdu. Dedim ki, Gürcüstana, Rusiyaya gedincə, Türkiyəyə gedim.

- Həm də orada ailə həyatı qurdunuz...

- Türkiyədə işləyəndən iki il sonra ailə həyatı qurdum. Bəzən bu barədə xoşagəlməz şeylər yazırlar. Nə həyat yoldaşım icazə verir, nə də özüm münasibət bildirmək istəyirəm. Deyirlər ki, Yeganə ora ərə getməyə getmişdi. Yeganə Türkiyədə o boyda işlər gördü və iki il sonra ailə qurdu.