Bu ilin yanvar-fevral aylarında qeyri-neft sektoru üzrə ixrac 37 faiz artıb


Digərləri 06 Apr 2018 15:36:06 213 0

Bu ilin yanvar-fevral aylarında qeyri-neft sektoru üzrə ixrac 37 faiz artıb

Azexport.az portalına bu ilin fevral ayında 37,6 milyon dollar dəyərində ixrac sifarişi daxil olub

Bakı. Azexport.az portalına bu ilin fevral ayında 37,6 milyon dollar dəyərində ixrac sifarişi daxil olub. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2018-ci ilin yanvar-fevral ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 241,7 milyon dollar təşkil edib. 2017-cı ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar - fevral ayında qeyri-neft sektoru üzrə ixrac 37,4 faiz artıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin yanvar-fevral aylarında ən çox qeyri-neft məhsullarımız Rusiyaya ixrac edilib. Belə ki, yanvar-fevral ayı ərzində Rusiyaya 67,8 milyon, Türkiyəyə 65,4 milyon, İsveçrəyə 25,6 milyon, Gürcüstana 17,4 milyon və Çinə 7,6 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. 2018-ci ilin yanvar-fevral ayları ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında qızıl birinci yerdə qərarlaşıb (24,4 milyon dollar). Bu siyahıda ikinci yeri elektrik enerjisi (20,3 milyon dollar), üçüncü yeri isə xurma (19 milyon dollar) tutub. Ümumiyyətlə isə yanvar-fevral ayları ərzində meyvə-tərəvəz ixracı 58,4 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 23,9 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 20,7 milyon, elektrik enerjisinin ixracı 20,3 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 9,7 milyon, kimya sənayesi məhsullarının ixracı 6.6 milyon dollar olub. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-fevral aylarında elektrik enerjisinin ixracı 5,9 dəfə, meyvə-tərəvəzin ixracı 50,9 faiz, pambıq ipliyi ixracı 43,4 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 14,8 faiz, kimya sənayesi məhsullarının ixracı 7,2 faiz artıb.