Beynəlxalq Muğam Mərkəzi yeni böyük layihə təqdim edəcək FOTO


Digərləri 05 Apr 2018 22:24:00 284 0

Beynəlxalq Muğam Mərkəzi yeni böyük layihə təqdim edəcək  FOTO

Beynəlxalq Muğam Mərkəzi xalq musiqisinə aid bir neçə layihə həyata keçirir.

Son.az Trend-ə istinadən bildirir ki, söhbət həm Azərbaycan musiqisindən (muğam, təsnif, xalq mahnıları), həmdə müxtəlif ölkələrin etnik musiqilərindən gedir. Mərkəzin irimiqyaslı layihələrindən söhbət açarkən "Muğam axşamları", "Aşıq musiqi axşamları", "Etnik musiqi inciləri", "Unudulmayanlar" layihələrini qeyd etmək olar.

Beynəlxalq Muğam Mərkəzi özünün yeni irimiqyaslı "Dastan gecələri" adlı layihəsində öz fəaliyyətini daha da genişləndirir və xalq poeziyasına müraciət edir. Şifahi xalq yaradıcılığının ən önəmli nümunələrindən olan aşıq yaradıcılığı özündə aşıq musiqisi ilə bərabər şifahi poeziya nümunələrini də birləşdirir.

Layihə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun birgə təşkilatçılığı ilə reallaşacaq. Aprelin 18-də başlayan və ilin sonuna kimi davam edən layihə çərçivəsində müasir aşıq sənətinin tanınmış nümayəndələrinin ifasında Azərbaycan dastanlarından bəzi örnəklər sənətsevərlərə təqdim olunacaq. Dastan ifaçılığı barədə geniş təsəvvür yaratmaq və onu təbliğ etmək məqsədilə həyata keçirilən layihə həm də bugünkü Azərbaycan aşıq sənətinin bədii-texniki və melo-poetik xüsusiyyətlərinin zənginliyini göstərməyə xidmət edir.

Aşıq sənəti Azərbaycan xalq yaradıcılığının qədim tarixi köklərə malik unikal hadisəsidir. Aşıq sənəti tarixi inkişafında müxtəlif mərhələlərdən keçmiş, xalqımızın bir çox qeyri-maddi mədəni dəyərlərini özündə cəmləmişdir. 2009-cu ildə Azərbaycan aşıq sənəti Azərbaycan xalqının mənəvi-mədəni sərvəti kimi YUNESKO-nun "Qeyri-maddi mədəni irs üzrə reprezentiv siyahı"sına daxil edilmişdir.


Xəbərə aid foto