Heyvan iti bıçaqla kəsilmirsə, ətdəki faydalı ferment itir


Digərləri 05 Apr 2018 21:35:00 323 0

Heyvan iti bıçaqla kəsilmirsə, ətdəki faydalı ferment itir

Son zamanlar Bakıda və hətta bölgələrdə də qəssablar və ya qəssab olmayan insanlar tərəfindən küçədə, yol kənarında diri heyvanların bağlanılıb, sonra kəsilərək satılması çoxalıb. Çox vaxt sosial şəbəkələrdə insanlar yerə axıdılan qandan, antisanitariyadan, son zamanlar isə orda bağlanan heyvanların qorxmasından, hətta ağlamasından yazaraq, belə hallara etiraz edir. Çoxu buna gülərək, " heyvan nədir, ağlamaq nədir, onlar heç nə başa düşmür" deyə düşünür.

Düzdür, insanlar təzə kəsilmiş əl ətinin keyfiyyətinə, faydasına əmindir. Amma bilmək lazımdır ki, əgər heyvanı kəsən peşəkar qəssab, bıçağı iti deyilsə, o, heyvanın başını boynundan düzgün kəsib ayırmırsa, o ət bizim üçün nəinki faydalı deyil, hətta zərərlidir. Son.az medicina.az-a istinadən bildirir ki, bu barədə həkim, naturopat Füzuli Hüseynov insanları ət seçimində bir daha diqqətli olmağa çağırıb.

" Halal, düzgün heyvan kəsimində istər iribuynuzlu heyvan, istər qoç kəsimdən əvvəl yaxşı saxlanmalı, rahat olmalıdır. Yəni onu ac, susuz saxlamaq və ya çəkisi artsın deyə çoxlu duz, su vermək olmaz. Heyvanı kəsərkən bıçağı ona göstərmək, bir heyvanı digərinin qarşısında kəsmək, heyvanı döymək, vurmaq, qorxutmaq qəti olmaz. Heyvan digərlərindən ayrılıb, kəsim yerinin arxasına aparılmalı, gözü bağlanmalı, bıçaq çox iti olmalıdır. Əgər heyvan iti bıçaqla, düzgün kəsilibsə, həmin ətdə peroksidaza fermenti olur. Bu ferment ətin dadlı, keyfiyyətli olması üçün önəmlidir. Əgər peroksidaza yoxdursa, ətin çox az hissəsi insanın hüceyrə qılafından hüceyrə içinə keçib, onu qidalandıra bilir. Bir sözlə, peroksidazası olmayan əti nə qədər yesək də, qarnımızı şişirtməkdən başqa bir işə yaramaz.

Mən bu haqda çox savadlı, təcrübəli insanlardan, qəssablardan soruşmuşam.  Heyvanın yanında başqa heyvan kəsiləndə, kəsimdən öncə heyvan qorxanda ətdə peroksidaza fermenti azalır. Bu barədə peyğəmbərdən də hədislər var. Bıçağı heyvan yanında itiləmək onu bir neçə dəfə öldürmək deməkdir. Deməli, o heyvanın əti ölü və faydasız ətdən başqa bir şey deyil".