"Borcların silinməsi prosesinə artıq başlanılıb"


Digərləri 05 Apr 2018 16:35:00 242 0

"Borcların silinməsi prosesinə artıq başlanılıb"

"Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq sahibkarlığın inkişafının dəstəklənməsinə yönələn tədbirlər sırasında məcburi dövlət sosial sığorta haqları üzrə borcların silinməsini də xüsusi qeyd etmək olar. Artıq bu prosesə başlanılıb. Proses çərçivəsində özəl sektorun müxtəlif sahələrində məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borclardan ibarət 155,3 milyon manata qədər borcun tam olaraq silinməsi, eləcə də 26,7 milyon manatadək borcun ödəniləcək hissəsinə müvafiq olaraq qalan hissəsi üzrə borcun silinməsi təmin ediləcəkdir ki, bu da özəl sektorun dəstəklənməsində növbəti böyük addımdır".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham Azərbaycan") nümayəndələri ilə görüşü zamanı jurnalistlərə müsahibəsində bildirib.

Nazir qeyd edib ki, bu baxımdan "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" 2018-ci il 6 mart tarixli Qanunun qəbul olunması və cari il aprelin 1-dən qüvvəyə minməsi xüsusi əhəmiyyət kəsb edir: "Həmin Qanuna uyğun olaraq, məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsinə dair təlimati məktub hazırlanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq yerli şöbələrinə göndərilib. Həmin proses çərçivəsində məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş borclar və məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları və hesablanmış penyalar üzrə 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış borclar tam məbləğdə silinəcəkdir. Məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları və hesablanmış penyalar üzrə 2015-ci ilin 1 yanvar tarixindən 2018-ci ilin 1 aprel tarixinədək yaranmış borcların müəyyən hissəsi ödənilməklə, qalan hissənin silinməsi təmin ediləcəkdir.".