Sənaye məhəllələri regionların sənaye potensialını işə salır


Digərləri 05 Apr 2018 12:25:00 271 0

Sənaye məhəllələri regionların sənaye potensialını işə salır

Müasir dünyada iqtisadi inkişafın əsas parametrlərindən biri istehsalatda müasir innovasiya və texnologiyalardan istifadə edilməsidir. Bu, keyfiyyətli və ucuz məhsul istehsalına imkan yaradır. Hazırda dünya bazarında məhsul satışında güclü rəqabət var - kim bazara daha keyfiyyətli və sərfəli qiymətlə məhsul çıxarırsa, qazanan da o olur. 

Elə ölkəmizdə müasir texnika və texnologiyalarla məhsul istehsal edən texnoparkların və sənaye məhəllələrinin yaradılmasında da məqsəd bazara rəqabətqabiliyyətli məhsulun çıxarılmasıdır. Fəaliyyət göstərən texnoparklarımızın məhsullarının xarici bazarda satılması seçilən yolun doğru olduğunu sübut edir. Azərbaycanda texnoparklarla yanaşı, sənaye məhəllələrinin yaradılması istiqamətində də mühüm işlər görülür. Hədəf hər bir rayonda belə məhəllələrin yaradılmasıdır. Məlumdur ki, texnoparklar istehsal imkanlarına və ərazisinə görə böyük sahələri əhatə edir. Bu cür parklar xarici investorların cəlb edilməsində də önəmli rol oynayır. Çünki onlar böyük məbləğdə sərmayəni iri şəhərlərdəki müəssisələrə yatırmağa daha çox üstünlük verirlər. Sənaye məhəllələri isə texnoparklara nisbətən daha yığcam olur. Digər tərəfdən, belə istehsal sahələri yaradılarkən yerli xammaldan istifadəyə üstünlük verilir. Bu da məhsulun maya dəyərini aşağı salır. Hər bir rayonda sənaye məhəllələrinin yaradılması isə regionların dinamik inkişafını stimullaşdırır. Xatırladaq ki, sənaye məhəllələrinin yaradılmasına Prezidentin "Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında" 2014-cü il 8 oktyabr tarixli fərmanı ilə başlanılıb. Məqsəd sənaye və xidmət sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarların inkişafı üçün əlverişli şəraitin yaradılması və əhalinin məşğulluğunun təmin edilməsidir. Fərmanda qeyd edilir ki, sənaye məhəlləsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura malik olan, kiçik və orta sahibkarlar tərəfindən məhsul istehsalının, eləcə də xidmətlərin göstərilməsi üçün istifadə edilən ərazidir. Sənaye məhəllələri istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, kooperasiya əlaqələrinin gücləndirilməsi, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və s. məsələlərin operativ həlli baxımından da böyük əhəmiyyət kəsb edir. Ölkəmizdə ilk sənaye məhəlləsi Neftçalada yaradılıb. Bu yaxınlarda - martın 29-da Neftçala Sənaye Məhəlləsində "Azərmaş" ASC və "İran Khodro" şirkətlərinin birgə yaratdığı "Xəzər" avtomobil zavodu işə salındı. Dəyəri 15 milyon dollar olan müəssisənin səhmlərinin 75 faizi "Azərmaş" ASC-yə, 25 faizi "İran Khodro" şirkətinə məxsusdur. Burada İran İslam Respublikasının və Avropanın aparıcı ölkələrinin müasir texnologiyaları əsasında müxtəlif avtomobil modelləri istehsal olunacaq. Bu məhsullar "Made in Azerbaijan" brendi altında həm yerli, həm də xarici bazarda satılacaq. Müəssisə ilkin mərhələdə hər il 10 min avtomobil istehsalı ilə fəaliyyət göstərəcək. Sonrakı fazada avtomobillərin istehsalının 15 minə çatdırılması planlaşdırılır. Yaxın gələcəkdə isə 50 min avtomobilin istehsalı nəzərdə tutulur. Həmin avtomobillər qabaqcıl texnologiya və "Avro 5" standartlarına cavab verəcək.  Xatırladaq ki, hazırda bir neçə rayonda sənaye məhəlləsi salınır. Masallı Sənaye Məhəlləsinin tikintisi ilin sonunda başa çatacaq. Artıq 3 istehsal, 1 inzibati bina, yüksək gərginlikli yarımstansiya, hər biri 100 kubmetrlik 2 nasosxana, 4 sutəmizləyici qurğu, 300 kubmetrlik 2 texniki və suvarma, içməli və yanğın əleyhinə su anbarları, buraxılış-keçid məntəqəsi tikilib, asfalt yol, elektrik, daxili kanalizasiya xətləri çəkilib. Dövlət bu işləri öz vəsaiti hesabına həyata keçirir. Məqsəd yerli və xarici sahibkarlar üçün münbit investisiya mühiti yaratmaqdır. Yəni, hər bir sahibkar bu sənaye məhəlləsində yalnız özünün məhsul istehsal edən müəssisəsini tikməyə vəsait xərcləyir. Belə hal istər yerli, istərsə də əcnəbi sahibkarlar üçün sərfəlidir. Masallı Sənaye Məhəlləsində sahibkarlara ümumi dəyəri 33 milyon manatdan çox olan 13 layihə təqdim edilib. Layihələr əsasən mebel, alüminium, xalça, süfrə suyu və plastik qapı-pəncərə, eləcə də müxtəlif növ tikinti materialları istehsalı, kənd təsərrüfatı məhsullarının emalı sahələrini əhatə edir. Sənaye məhəlləsində fəaliyyət göstərəcək müəssisələr işə düşdükdən sonra burada 600-dən çox yeni iş yeri açılacaq. Müxtəlif rayonlardakı sənaye müəssisələrinin istehsal istiqamətləri də müxtəlif olacaq. Məsələn, Hacıqabul Sənaye Məhəlləsi ağır maşınqayırma, xüsusi vaqonqayırma, avtomobil və kompozit materialların istehsalı sahəsində ixtisaslaşacaq. Məhsul istehsalından əvvəl onun satışı da düşünülüb. Belə ki, burada istehsal edilən məhsulların MDB, Yaxın Şərq və Afrika bazarlarında satılması nəzərdə tutulur. Qeyd edildiyi kimi, sənaye məhəllələri yaradılarkən yerli xammaldan istifadəyə üstünlük veriləcək. Məsələn, Sabirabad Sənaye Məhəlləsində əsasən yun tədarükü, pambıqtəmizləmə, kənd təsərrüfatı məhsullarının emalı həyata keçiriləcək. Belə hal kənd təsərrüfatında məhsul istehsalını stimullaşdıracaq, istehsalı planlaşdırmağa imkan yaradacaq. Bununla yanaşı, burada taxta, plastik məmulatlar və tikinti materiallarının istehsalı da nəzərdə tutulub. Sabirabad Sənaye Məhəlləsində sənaye və xidmət sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarlara geniş imkanlar yaradılacaq. Məqsəd yerli xammaldan məhsul istehsal etmək və əhalinin məşğulluğunu təmin etməkdir. Bu məqsədlə dövlət tərəfindən sənaye məhəlləsində lazımi infrastruktur yaradılır. Sənaye məhəlləsinin gələn il fəaliyyətə başlaması gözlənilir. Hazırda Ağdam, Ağstafa, Qazax və digər rayonlarda yeni sənaye məhəllələrinin yaradılması imkanları araşdırılır. Ümumiyyətlə, ölkənin bütün ərazisində sənaye məhəllələrinin yaradılması istiqamətində müxtəlif elmi araşdırmalar aparılır, harada, hansı təyinat üzrə sənaye müəssisələrinin yaradılmasının sərfəli olması müəyyənləşdirilir. Bu isə o deməkdir ki, yaxın illər ölkəmizdə fəaliyyət göstərən sənaye məhəllələrinin sayı sürətlə artaraq qeyri-neft sektorunda məhsul istehsalında önəmli rol oynayacaq.

"Azərbaycan"


Xəbərə aid fotolar