Komitə Beyləqanda zəbt olunmuş və qanunsuz tikililəri aşkarladı


Digərləri 04 Apr 2018 12:48:00 284 0

Komitə Beyləqanda zəbt olunmuş və qanunsuz tikililəri aşkarladı

Ölkə üzrə Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi ilə bağlı işlər müsbət nəticələrini verməkdədir.

Bakı. Ölkə üzrə Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi ilə bağlı işlər müsbət nəticələrini verməkdədir. Əmlak Məsələləri Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, artıq daha bir rayonda kadastr uçot işləri tam olaraq yekunlaşıb. Belə ki, Beyləqanın inzibati sərhədləri daxilində nüfuzlu xarici şirkətlərin iştirakı ilə aparılmış torpaqların elektron kadastr uçotu işinin nəticələri hazırdır. Əldə edilən məlumatların elektron şəkildə yerli icra hakimiyyətlərinə və aidiyyəti qurumlara xidməti istifadə üçün təqdim edilməsi prosesi davam edir. Bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Beyləqanda “Beyləqan rayonunun inzibati sərhədləri daxilində aparılmış torpaqların elektron kadastr uçotu işinin nəticələri və təhlili” ilə bağlı İctimai təqdimat keçirilib. Tədbirdə komitənin tabeli qurumlarının, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının, rayon İcra Hakimiyyətinin nümayəndələri, eləcədə bələdiyyələr, müəssisə, idarə, təşkilat və media nümayəndələri iştirak ediblər. Tədbirin keçirilməsində başlıca məqsəd Beyləqanda kadastr uçot işləri ilə bağlı görülən işlərin nümayişi, əldə edilən nəticələrin izahı və bu tədbirlərin gələcək perspektivləri ilə bağlı ictimaiyyəti məlumatlandırmaqdır. Həmin nəticələrin istifadə üçün aidiyyəti qurumlara təqdim olunması da tədbirin əsas vəzifələrindəndir. Qeyd edəki, Prezident cənab İlham Əliyevin “Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 7 mart 2016-cı il tarixli fərmanına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ölkə üzrə torpaqların elektron kadastr uçotu işi aparılır və rəqəmsal kadastr xəritələri tərtib edilir. Görülən işlər nəticəsində 16 rayonda torpaqların kadastr uçot işləri yekunlaşıb.