Sumqayıtda 39 yaşlı qadından kişilərə qarşı ŞOK ƏMƏL: görüşür, sonra...


Digərləri 04 Apr 2018 12:35:00 279 0

Sumqayıtda 39 yaşlı qadından kişilərə qarşı ŞOK ƏMƏL: görüşür, sonra...

"Advocacy Center" MMC-nin direktoru vəzifəsində işləmiş 1979-cu il təvəllüdlü Nüşabə Baxışovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az xəbər verir ki, Nüşabə Baxışova 2008-ci ildə külli miqdarda dələduzluq etdiyi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum olunub. Həmin il Sumqayıt Apelyasiya Məhkəməsinin qərarına görə, barəsində təyin edilmiş hökm dəyişdirilib, məhkəmə onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edib. O, məhkəmə zalından azadlığa buraxılıb.

2012-ci ildə Nüşabə Baxışova Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, məhkumluğunun üzərindən götürülməsini istəyib. Məhkəmənin 17 avqust 2012-ci il tarixli qərarı ilə məhkumluğu üzərindən götürülüb.

Məhkumluğu üzərindən götürülən Nüşabə Baxışova yenidən "Advocacy Center" MMC-nin direktoru vəzifəsində işləməyə başlayıb.

4 aya düzələn təqaüd

Nüşabə Baxışova Sumqayıt şəhər sakini Roza İbrahimovaya özünü vəkil kimi təqdim edib. Onun "Kimya" zavodunda işləmiş, xəstə olan əri İsfahan İbrahimovun pensiya almasına köməklik göstərəcəyi barədə vəd verib.

Nüşabə Baxışova Roza İbrahimovanın ərinin vaxtından əvvəl 54 yaşından pensiyaya çıxarılmalı olduğunu bildirib, məhkəmələrdə olan əlaqələrindən istifadə edərək 4 ay ərzində İsfahan İbrahimovun pensiya alması və əvvəlki illərdən qalmış pulların da ödənilməsi barədə məhkəmə qətnaməsi çıxartdıracağına söz verib.

Roza İbrahimovanı aldadan Nüşabə Baxışova 2013-cü ilin yayında Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində, "Arzu" şadlıq sarayında yerləşən "Advocacy Center" MMC-nin ofisində 3500 manat alıb.

Avropa Məhkəməsinə müraciət

Bundan başqa o, Eynulla Əliyevə "Azərenerji" ASC tərəfindən Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində verilmiş 3 otaqlı mənzili zəbt edən məcburi köçkünlərin mənzildən çıxarılması məsələsinin həll edilməsinə köməklik göstərəcəyini bildirib. O, Eynulla Əliyevin arvadı Səmayə Əliyevaya həmin problemi qısa müddətə həll edəcəyi, bununla bağlı Avropa Məhkəməsinə müraciət edəcəyi, uzun müddət həmin mənzildən məhrum olmağa görə əlavə kompensasiya ödətdirəcəyi barədə yalan vədlər verib. Bu məqsədlə Səmayə Əliyevanın 2300 manatını ələ keçirib.

Daha sonra həmin ilin oktyabrında Kərimulla Hümmətov ona müraciət edib və Abşeron rayon Saray qəsəbəsində oğlu üçün aldığı 0,5 ha torpaq sahəsinin sənədləşdirilməsinə köməklik göstərilməsini istəyib.

Nüşabə Baxışova Əmlak Məsələləri üzrə Dövlət Komitəsində olan əlaqələrindən istifadə edərək bir ay müddətində həmin torpaq sahəsini sənədləşdirəcəyini vəd verib və oktyabrın 10-da Kərimulla Hümmətovdan 3000 manat alıb.

Mənzil davası

Növbəti dəfə Sumqayıt şəhər sakini Sona Quliyeva işlədiyi zavoddan mənzil almasına köməklik göstərməsi üçün Nüşabə Baxışovaya müraciət edib. O, Sona Quliyevaya özünü vəkil kimi təqdim edərək fəaliyyət göstərməyən "Sumqayıt Boru Prokat" zavodunda ev tikintisi aparılmadığından bu məsələnin məhkəmə və digər qaydada həll edilməsinin mümkünsüz olduğunu bildiyi halda, zavoda yaşayış sahəsinə ehtiyacı olan qismində alındığı uçotunu bərpa edib və ona mənzil verilməsini məhkəmə qaydasında həll edəcəyinə söz verib.

Bu işi görmək adı ilə Nüşabə Baxışova zərərçəkmişdən ayrı-ayrı vaxtlarda pul alıb. O, bu işdən ümumilikdə 4500 manat məbləğində pul mənimsəyib.

Nüşabə Baxışovanın növbəti dələduzluğu ilə Simnarə Yarmətova üzləşib. 2013-cü ilin dekabrında ona müraciət edən Sumnarə Yarmətova oğlu Bəxtiyar və gəlini Gülnarəni qanunla müəyyən edilmiş qaydada yaşadığı evdən qeydiyyatdan çıxarılmasına köməklik göstərməsini istəyib.

Vəkilin rüsumu

Nüşabə Baxışova qadına bu məsələni 3 ay ərzində məhkəmə qaydasında həll edəcəyinə söz verib və aldatmaq yolu ilə ondan ilkin olaraq vəkil kimi işdə iştirak etməsinə görə rüsum adı ilə 300 manat alıb.

Sonradan Nüşabə Baxışova Simnarə Yarmətovaya oğlu və gəlininin ata yurdundan payları olduğunu deyib və onların hesabına 10000 manat ödənilməli olduğunu bildirib. Bu ödənişi etmək üçün Nüşabə Baxışova hissə-hissə olmaqla Simnarə Yarmətovadan 10000 manat alıb.

4 nəfər necə tapıldı?

Bundan başqa, Nüşabə Baxışova 5-ci mikrorayon ərazisində yerləşən qeyri-yaşayış sahəsinin atasının adına sənədləşdirilməsinə köməklik göstərməsi üçün ona müraciət edən Murad Abbasova əlaqələrindən istifadə edib, qeyri-yaşayış sahəsinin özəlləşdirmə şəhadətnaməsində adları olan 4 nəfər şəxsi taparaq, onlardan etibarnamə alıb, həmin şəxslərin adlarını şəhadətnamədən çıxarıb və sahəni Muradın atasının adına sənədləşdirməyə vəd verib.

Bu məqsədlə o, 2014-cü ilin əvvəlinə kimi həmin sənədi Murad Abbasova təqdim edəcəyinə dair yalan vəd verib və ondan 4000 manat alıb.

Nüşabə Baxışovanın növbəti dələduzluğu ilə üzləşənlərdən biri də Natiq Hüseynov olub. Natiq Hüseynov arvadı Afaqla qaynı Babəkin arasında Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən, ev 19/68 saylı, 3 otaqlı mənzillə bağlı yaranmış mübahisəsini və bacısı Sevil Hüseynovanın ölümünə səbəb olmuş dərman satışı ilə məşğul olan firmaların onlara vurduğu 12000 manat dəyərində olan ziyanın ödənilməsinə köməklik göstərməsindən ötrü Nüşabə Baxışovaya müraciət edib.

Bir ailənin davası

Nüşabə Baxışova Natiq Hüseynova özünü vəkil kimi təqdim edərək ailə üzvləri arasında olan əmlakın bərabər bölünməli olduğunu bildiyi halda, mənzillə bağlı yaranmış mübahisəsini məhkəmədə olan əlaqələrindən istifadə etməklə, məhkəmə qaydasında arvadının xeyrinə həll edərək qaynının həmin mənzildən çıxarılmasına vəd verib.

Bundan başqa, o, Natiq Hüseynova vurduqları ziyana görə firmaların 12000 manat deyil, 20000 manat cərimə ödəmələri barədə məhkəmə qərarı alacağına dair yalan vədlər verib. Bu işləri görmək məqsədilə Natiq Hüseynovdan 5300 manat alıb.