“Hakimiyyət bütün bəşəri dəyərləri məhv etdi”


Dünya 04 Apr 2018 09:52:00 232 0

“Hakimiyyət bütün bəşəri dəyərləri məhv etdi”

"Artıq iki ildir ki, Samvel və Armine anası və nənəsi ilə Yerevan ətrafındakı hərbi qəbiristanlığa gəlib işğal altında olan Azərbaycan torpaqlarında məhv edilən atalarının xatirəsini yad edirlər. İki il bundan əvvəl onların ataları Qraçya Muradyan aprel hadisələri zamanı Azərbaycan ordusu ilə döyüşlərdə məhv edilib".

Son.az "Kaspi" qəzetinə istinadən xəbər verir ki, "Radio Azatyunyun"da yerləşdirilən reportajda qeyd edilir ki, "atalarını "şirin və güclü" adlandıran uşaqlar onlara necə hər səhər şirin süd gətirdiklərinin xatırlayırlar. "Biz atamızla gəzirdik. İndi biz ən çox bunun üçün darıxırıq. Onun səsi üçün darıxırıq", - deyə uşaqlar xatırlayırlar. Bu qəbiristanlıqda aprel döyüşləri zamanı ölən yüzlərlə erməni əsgəri dəfn edilib. Aprel hadisələrinin ildönümü qəbiristanlıqda anılıb. 

Mərasimə qatılan nazir Vigen Sarkisyan isə onlara atalarının hansı səbəbdən başqa ölkənin torpaqlarında olmalarını izah etmək əvəzinə, onları yeni-yeni qurbanlar verməyə çağırıb. Daşnak təfəkkürü ilə onları sakitləşdirməyə çalışan nazir populist bəyanatlarla çıxış edib. Bildirib ki, "bizim mübarizə Qarabağda başlayıb, Qarabağda qurtarmır". Əlavə edib ki, daha geniş ərazilər tutmağa hazır olmalıdırlar. Lakin erməni mediası və cəmiyyəti üçün nazirin populist fikirləri maraqlı deyil. Erməni müxalifəti və mətbuatı, ictimaiyyəti həmin hadisələrdən sonra ordunun qüdrəti barədə miflərin məhv olduğu qənaətindədir. Əsas fikir də bundan ibarətdir ki, "Aprel sindromu" hakimiyyətin necə də səriştəsiz olduğunu üzə çıxardı.

Yeri gəlmişkən, üstündən iki il keçməsinə baxmayaraq erməni cəmiyyəti hələ də aprel hadisələrinin xofundan, stressindən yaxa qurtula bilmir. Azərbaycan ordusunun düşmən təxribatının qarşısını alaraq irimiqyaslı hərbi əməliyyatlara başlatması və əldə etdiyi nəticələr erməni cəmiyyətində ən çox müzakirə olunan məsələlər sırasındadır.