Yevlaxda 7 yaşayış məntəqəsini birləşdirən yol inşa edilir (FOTO/VİDEO)


Digərləri 02 Apr 2018 23:26:03 219 0

Yevlaxda 7 yaşayış məntəqəsini birləşdirən yol inşa edilir (FOTO/VİDEO)

Yevlaxda Qoyunbinəsi-Hacımahmudlu-Nuralılar-Qaramanlı-Nəmərli marşrutu üzrə yaşayış məntəqələrini birləşdirən yeni avtomobil yolu inşa edilir.

Bakı. Yevlaxda Qoyunbinəsi-Hacımahmudlu-Nuralılar-Qaramanlı-Nəmərli marşrutu üzrə yaşayış məntəqələrini birləşdirən yeni avtomobil yolu inşa edilir. Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, Yevlax rayonunun Qoyunbinəsi-Hacımahmudlu-Nuralılar-Qaramanlı-Nəmərli kəndlərarası avtomobil yolu uzun illər istismar olunduğundan yolda qabarmalar və çökmələr əmələ gəlib, çiyinlər sıradan çıxıb. Bu üzdən sözügedən yolun əsaslı şəkildə yenidən qurulması yol boyu yaşayan vətəndaşların ürəyincə olub. 9.7 km uzunluğa malik Qoyunbinəsi-Hacımahmudlu-Nuralılar-Qaramanlı-Nəmərli avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa edilir. Yolun ensiz olması yol yatağının genişləndirilməsinə zərurət yaradıb. Bu məqsədlə əraziyə xüsusi qrunt gətirilərək yol genişləndirilir. Bu işlər yolun 10 min kv.m-dən çox hissəsində aparılır. Bundan başqa 5 min kub.m-dən çox həcmdə yolun deformasiyaya uğramış hissələrinin qazılaraq çıxarılması, əvəzinə yararlı material tökülərək kipləşdirilməsi və yeni yol yatağının inşası işləri görülür. Yol yatağı hazır olan hissələrdə qum-çınqıl qarışığından ibarət əsasın alt layının tikintisi işləri də aparılır. Bunun ardınca isə optimal-qırmadaş qarışığından istifadə edilərək lazımi qalınlıqda əsasın üst layının inşası nəzərdə tutulub. Ümumilikdə sözügedən torpaq işləri 100 min kv.m-dən çox ərazini əhatə edəcək. Həmçinin 40 min kv.m-ə yaxın sahədə çiyin hissələr lazımi materialla bərkidilir.