Generalleytenant: "Müdafiə Nazirliyində çevik idarəetmə sistemi yaradılıb"


Digərləri 02 Apr 2018 19:24:00 270 0

Generalleytenant: "Müdafiə Nazirliyində çevik idarəetmə sistemi yaradılıb"

Döyüş hazırlığının təşkilində 2016-cı ilin aprel döyüşlərində əldə edilən müsbət təcrübələrin tətbiqinə diqqət yönəldilir

Azərbaycan Ordusunda 2014-cü ildən başlayan modernləşmə prosesinin yeni mərhələsində əsas diqqət göstərilən mövzulardan birincisi qoşunların döyüş hazırlığının gücləndirilməsi və hərbi təhsil sisteminin təkmilləşdirilməsi, dünya standartlarına uyğunlaşdırılmasıdır. Bununla əlaqədar qeyd olunan sahəyə bilavasitə cavabdehlik daşımaq məqsədilə 2014-cü ildə Müdafiə Nazirliyində Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi yaradılıb.

Son.az xəbər verir ki, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov "azeridefence" jurnalına müsahibəsində Azərbaycan Ordusunun döyüş hazırlığı, hərbi təhsil və təlim sahəsində görülən işlərdən danışıb.

Cənab general-leytenant, müsahibəmizə Azərbaycan Ordusunda hərbi təhsilin təşkili, strukturlaşma və bu sahədə son illərdə əldə edilən nəticələrə dair fikirlərinizlə başlamaq istərdik. Rəhbərlik etdiyiniz idarə bu istiqamətdə hansı işlər görür?

- Əvvəla qeyd edim ki, müasir dövrdə qoşunlarda fəaliyyətin təşkili və idarə olunması müstəsna əhəmiyyət kəsb edən amillərdəndir. Səmərəli idarəetmə isə planlaşdırma, təşkil etmə, rəhbərlik və nəzarət funksiyalarının necə yerinə yetirilməsindən asılıdır. Aparıcı ölkələrin ordularında hər zaman gündəlik iş prosesində bu məsələyə diqqət yetirilir və əldə olunan təcrübələr əsasında inkişaf etdirilir. Başqa sözlə, bu davamlı bir prosesdir.

Son 4 ildə Müdafiə Nazirliyi sistemində hərbi təhsilin idarə olunması sahəsində bir sıra əhəmiyyətli addımlar atılıb. Nazirliyin mərkəzi aparatının idarəetmə potensialı xeyli gücləndirilib. Dünyanın bir sıra ölkələrində hərbi təhsilin idarəolunması təcrübəsi öyrənilib, geniş təhlil aparılıb, müvafiq struktur dəyişiklikləri ilə bağlı tədbirlər planı hazırlanıb və həyata keçirilib.

Bu çərçivədə qeyd etməliyəm ki, 2015-ci ildə Müdafiə Nazirliyinin mərkəzi aparatının strukturunda hərbi təhsilin idarə olunmasına cavabdeh orqan, Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi yaradılıb. Baş İdarənin tabeliyinə verilən Hərbi Təhsil İdarəsinin strukturunda da əhəmiyyətli dəyişikliklər edilib. Yeni struktur aidiyyəti sahələrdə hərbi təhsil siyasəti və strategiyasının daha məqsədyönlü hazırlanmasına və çevik həyata keçirilməsinə zəmin yaradıb.

Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi tərəfindən prioritetlər nəzərə alınmaqla tədris prosesinin inkişaf proqramları işlənilir, hərbi təhsil sistemi ilə bağlı məlumatlar təhlil olunur, təkliflər hazırlanır, hesabatvermə həyata keçirilir, vahid inkişaf strategiyasının və kadr siyasətinin formalaşdırılmasında iştirak edilir, mövcud qanunvericiliyin xüsusi təyinatlı təhsil müəssisələri tərəfindən yerinə yetirilməsinə təşkilati-metodik rəhbərlik həyata keçirilir.

İdarəetmədən söz düşmüşkən, onu da qeyd etmək istəyirəm ki, hazırda Müdafiə Nazirliyində çevik idarəetmə sistemi yaradılıb. İdarəetmə üçün zəruri məlumatlar monitorinq və qiymətləndirmə nəticəsində əldə olunur. Aparılan monitorinq və qiymətləndirmənin nəticələri nəinki təhsilalanların nailiyyətləri, eləcə də fənlərin tədrisi, təlim strategiyalarının tətbiqi, müəllimlərin fəaliyyəti, fənn proqramlarının, dərsliklərin səviyyəsi barədə etibarlı mənbə rolunu oynayır, bilavasitə keyfiyyətin idarə olunmasına zəmin yaradır.

Təxminən 5 il bundan əvvəl Müdafiə Nazirliyinin strukturunda hərbi təhsil fəaliyyətinin təşkili və hərbi təhsil sisteminin idarə olunması ilə bugünkü idarəetmə sistemi arasında ciddi dəyişikliklər baş verdi. Təkmilləşdirmə nəticəsində təhlil və planlaşdırma, monitorinq və qiymətləndirmə, əlavə təhsil kimi vacib sahələrlə bağlı funksional strukturlar yaradılıb. Bu cür strukturların yaradılması təhsil sahəsində aparılan islahatların səmərə və keyfiyyətinə əsaslı təsir göstərməklə yanaşı, vahid təhsil siyasətinin işlənməsi və həyata keçirilməsinə töhfəsini verir.

Hərbi təhsil sahəsində normativ sənədlərin hazırlanması istiqamətində də ciddi addımlar atılıb. Hərbi Təhsil İdarəsi tərəfindən aparılan təhlillər əsasında xüsusi təyinatlı təhsil müəssisələrinin nizamnamələri, eləcə də bu təhsil müəssisələrində həyata keçirilən təhsil və elmi fəaliyyətin təşkil olunması məqsədilə müvafiq təlimatlar hazırlanıb. Hazırda xüsusi təyinatlı təhsil müəssisələrində fəaliyyətlər qeyd olunan rəhbər sənədlərin tələbləri əsasında həyata keçirilməkdədir.

Hərbi Təhsil İdarəsi tərəfindən xüsusi təyinatlı təhsil müəssisələrində hərbi uçot ixtisasları üzrə tədris planları və fənn proqramı toplularının hazırlanmasına müvafiq təşkilati-metodiki rəhbərlik həyata keçirilir və bu fəaliyyət mütəmadi olaraq davam etdirilir.

2016-cı ilin aprel döyüşlərindən sonra qoşunlarda təlimlərin intensivliyinin artması müşahidə olunur. Geridə qoyduğumuz 2017-ci ildə qoşunların döyüş hazırlığının yüksəldilməsi sahəsində hansı fəaliyyətlər həyata keçirilib və cari ildə gözləntiləriniz nədən ibarətdir?

- 2017-ci tədris ilində Azərbaycan Ordusunda döyüş hazırlığı Müdafiə nazirinin və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müvafiq əmr və sərəncamlarının tələblərinə uyğun təşkil edilib və keçirilib. Birlik və birləşmələrdə döyüş hazırlığının qənaətbəxş təşkili və keçirilməsi nəticəsində şəxsi heyətin ixtisas hazırlığının, hərbi hissə və bölmələrin döyüş uzlaşmasının yüksəlməsinə nail olunub.

Döyüş hazırlığının təşkilində və keçirilməsində əsas diqqət 2016-cı ilin aprel döyüşlərində əldə edilən müsbət təcrübələrin tətbiqinə, qoşunların döyüş tapşırıqlarına uyğun fəaliyyətlərinin praktiki icrası üzrə bacarıq və səriştələrinin artırılmasına, komandirlərin və qərargah zabitlərinin peşəkarlıq səviyyəsinin yüksəlməsinə, döyüş hazırlığı üzrə tədbirlərin vaxtında və keyfiyyətli yerinə yetirilməsinə nail olmaq üçün nəzarət və köməkliyin göstərilməsi sisteminin səmərəli metodlarının tətbiqinə yönəldilib.

Ali Baş Komandan, cənab İlham Əliyevin ordunun döyüş qabiliyyətinin yüksəldilməsi və təkmilləşdirilməsi məqsədi ilə verdiyi tapşırıqlara uyğun olaraq, qoşunların çöl vərdişlərinin artırılması, praktiki bacarıq və səriştələrinin təkmilləşdirilməsi məqsədilə döyüş atışlarının və taktiki təlimlərin keçirilməsinə xüsusi diqqət yetirilir. Ümumilikdə keçən il ərzində 150-dən çox tabor (divizion) taktiki təlimi, 15 briqada taktiki təlimi, həmçinin qonşu və tərəfdaş ölkələrlə birgə taktiki təlimlər keçirilib.

Keçirilən taktiki (taktiki-xüsusi) təlimlərdə komandir heyətinin müstəqil və düzgün qərarların qəbul edilməsi, döyüşün təşkili, bölmələrin idarə olunması və onların arasında qarşılıqlı əlaqənin qurulması,  ştatda olan və əlavə verilmiş silah və texnikanın döyüş imkanlarından tam istifadə edərək qısa müddətdə atəşlə zərərvurmanın səmərəliliyinin  artırılması üzrə bacarıq və vərdişləri təkmilləşmiş, təyin edilən rayonun tutulması və ərazidə yerləşmə, maskalanma və mühafizənin təşkili, mürəkkəb və dinamik dəyişən şəraitdə döyüş taktiki qrupları və yandankeçmə dəstələri tərkibində sürətli və qətiyyətli hücum fəaliyyətlərinin icra edilməsi üzrə praktiki təcrübə əldə edilib, şəxsi heyətin çöl vərdişləri artırılıb.

2017-ci ildə Azərbaycan Ordusunun nümayəndələri Beynəlxalq Ordu Oyunlarının 5 müsabiqəsində iştirak ediblər və bütün müsabiqələrdə yüksək nəticələr göstərməklə yanaşı Ermənsitan Silahlı Qüvvələrinin komandalarını əhəmiyyətli dərəcədə üstələyiblər.

Həmçinin keçən il ilk dəfə olaraq Beynəlxalq Ordu Oyunlarının müsabiqələrindən biri - "Dəniz Kuboku" müsabiqəsi ölkəmizdə keçirilib və bu müsabiqədə Azərbaycan Ordusunun komandası birinici yer tutub. Onu da xatırlatmaq istərdim ki, həmin yarışda Azərbaycan, Rusiya, Qazaxıstan və İran HDQ-nin gəmiləri iştirak ediblər.

Döyüş hazırlığında yüksək nailiyyətlərin əldə edilməsi üçün təlim mərkəzlərinin, poliqonların və ümumilikdə təlim-maddi texniki bazanın inkişaf etdirilməsi və onların müasir tələblərə cavab verən səviyyəyə çatdırılması istiqamətində müvafiq tədbirlər planlı şəkildə həyata keçirilib, təlim obyektlərinin rəhbər sənədlərin tələblərinə uyğun yenidən qurulması üzrə bir çox əhəmiyyətli işlər görülüb. Cari ildə də bu sahədə işlər plana uyğun şəkildə davam etdiriləcək.

2018-ci ildə əvvəlki illərdə olduğu kimi birgə təlimlərin keçirilməsi və konkret olaraq hansı ölkələrlə keçirilməsi nəzərdə tutulur?

- Döyüş hazırlığının yüksəldilməsi, qarşılıqlı əlaqənin inkişaf etdirilməsi və təcrübə mübadiləsi məqsədilə 2017-ci il ərzində Azərbaycan Ordusu ilə xarici dövlətlərin orduları arasında 13 birgə təlim keçirilib. Cari ildə isə 28 birgə təlimin keçirilməsi nəzərdə tutulur. Həmçinin Azərbaycanda "Beynəlxalq Ordu Oyunları 2018" çərçivəsində "Dəniz kuboku" müsabiqəsinin də keçirilməsi planlaşdırılır. Bundan başqa, Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə ənənəvi "Turaz Qartalı/Şahini" təliminin, Quru Qoşunları bölmələrinin iştirakı ilə daha bir təlimin, o cümlədən ikitərəfli və üçtərəfli təlimlərin keçirilməsi də nəzərdə tutulur.

Yeri gəlmişkən, bir məsələni də vurğulamaq istərdim ki, bu gün regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın xüsusi rolu vardır. Bunu beynəlxalq təşkilatların rəsmiləri, eləcə də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev dəfələrlə öz çıxışlarında bəyan edib. Ölkəmiz bu gün həm Cənubi Qafqaz, həm də Xəzər regionunda reallaşan bir çox layihələrdə aparıcı rol oynayır. Eləcə də regionda reallaşan iqtisadi layihələrdə Azərbaycan söz sahibidir. Belə olan halda Azərbaycan regionda təhlükəsizliyin təmin edilməsində də öz sözünü deməlidir və deyir. Gürcüstan, Türkiyə, Rusiya, Qazaxıstan kimi region ölkələri ilə hərbi və təhlükəsizlik sahəsində sıx əməkdaşlıq edilir, bu kontekstdə ikitərəfli və çoxtərəfli təlimlər təşkil olunur. Bütün bu təlimlər regionda sülhün və asayişin təmin olunması istiqamətində göstərilən birgə səylərdir.

Söhbət Türkiyə və Gürcüstanla birgə təlimlərdən düşmüşkən, 2014-cü ildən bu istiqamətdə mütəmadi işlərin görüldüyünü müşahidə edirik. Bu ikitərəfli və çoxtərəfli təlimlərin Azərbaycan Ordusu üçün əhəmiyyəti nədən ibarətdir?

- İkitərəfli və ya çoxtərəfli birgə təlimlərin əhəmiyyəti ilk növbədə ölkələr arasında olan dostluq münasibətlərinin daha da möhkəmləndirilməsindən və biri-birimizə olan qarşılıqlı hörmət və etimadın artırılmasından ibarətdir. Bundan əlavə, texnologiyanın sürətlə inkişafı hərbi texnikanın da sürətlə inkişafına və onların tətbiqində yeni üsul və metodların ortaya çıxmasına səbəb olur ki, bu da qarşılıqlı təcrübə mübadiləsinin aparılması zəruriyyətini yaradır. Həmçinin bu cür təlimlər gələcəkdə ortaq düşmənə qarşı birgə döyüş əməliyyatlarının aparılması təcrübəsini yaradır, biri-birimizi daha yaxşı başa düşməyə, idarəetmə sistemlərimizi uyğunlaşdırmağa vasitə olur.

Cənab general, hərbi təhsil sisteminin inkişaf etdirilməsi və dünya standartlarına uyğunlaşdırılınası istiqamətində hansı addımlar atılır?

- Qeyd olunan məsələ ilə əlaqədar olaraq Müdafiə Nazirliyinin müvafiq idarə və xidmətlərinin, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə geniş müzakirələr keçirilib. Müzakirələrdə verilən təkliflər əsasında hərbi təhsil sistemində tətbiq olunması məqsədilə bəzi tədbirlər də hazırlanıb. Görüləcək işlər əsasən aşağıda qeyd olunan  sahələri əhatə edəcəkdir:

hərbi təhsil və elm sahəsində hüquqi bazanın və iyerarxiya prinsiplərinin təkmilləşdirilməsi; xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyət və struktur sahələrinin təkmilləşdirilməsi; müəllim heyətinin elmi səviyyəsinin, onların səriştə və peşəkarlığının, o cümlədən pedaqoji hazırlığının artırılması; zabitlərin pedaqoji və elmi fəaliyyətlə bağlı vəzifələrə təyinatı zamanı onların səriştə və peşəkarlıq səviyyələrinin nəzərə alınması; xüsusi təyinatlı təhsil müəssisələrinin kafedralarında hazırlanan tədris və elmi nəşrlərin keyfiyyətinin artırılması və onların qiymətləndirilməsi; kursant və dinləyicilərin elmi fəaliyyətinin təkmilləşdirilməsi; mövcud kitabxana fondunun zənginləşdirilməsi, elektron kitabxanalarının yaradılması və xaricdə nəşr edilən qabaqcıl, yüksək reytinqli hərbi elmi jurnal və digər nəşrlərin əldə edilməsi; hərbi elm və təhsil sahəsində çalışan professor-müəllim heyətinin stimullaşdırılması, onların elmi potensialının gücləndirilməsi üçün maliyyə təminatının optimallaşdırılması; xüsusi təyinatlı təhsil müəssisələrinin kafedralarında elmi fəaliyyətin planlaşdırılması və koordinasiyası; xüsusi təyinatlı təhsil müəssisələrində elmi işlərin icrası ilə bağlı laboratoriyaların yaradılması və bu istiqamətdə Müdafiə Nazirliyində elmi tədqiqatların aparılması üçün NATO-nun Sülh və Təhlükəsizlik Naminə Elm (SPS) proqramı çərçivəsində əməkdaşlıq etmək üçün zəruri əlaqələndirmə işlərinin görülməsi; xüsusi təyinatlı təhsil müəssisələrində elmi tədqiqatların aparılmasına maliyyə resurslarının ayrılması, qrant müsabiqələrinin keçirilməsi və sifarişlər əsasında elmi işlərin planlaşdırılması və s. Qeyd olunan tədbirlərin icrası cari və növbəti illəri əhatə etməklə mütəmadi xarakter daşıyacaqdır.

Təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və kadr təminatı barədə fikirlərinizi bilmək istərdik?

- Müdafiə Nazirliyinin tabeliyində olan hərbi tədris müəssisələrinin imkanlarının yaxşılaşdırılması istiqamətində bir neçə ildir ciddi işlər aparılır. Onu da qeyd edim ki, Cəmşid Naxçıvanski adına Hərbi Lisey üçün yeni təhsil müəssisəsinin ərazisində yeni bina inşa edilir. İnşaat işləri başa çatdıqdan sonra Lisey müasir tədris vasitələri ilə də təchiz olunacaq. Eyni zamanda digər tədris mərkəzlərimizdə yenilənmə işləri davam etdirilir. Xüsusi təyinatlı təhsil müəssisələrinin tədris-maddi bazası müəyyən olunan ixtisaslar üzrə tədris planları, fənn proqramları və müasir tədris metodikasına uyğun olaraq təhsilalanların hazırlığını təmin etmək üçün nəzərdə tutulan maddi-texniki vasitələr kompleksidir. Bu kompleks tədris prosesinin maddi-texniki bazasıdır, elmin, texnikanın və hərb işinin müasir inkişaf səviyyəsinə uyğun olmalıdır.