Fatimənin nazirlikdə işləyən əri, Anar Nağılbazın arvadı, Sərxanın öpüş master klassı, Xatirənin açıq geyimi


Şou-biznes 02 Apr 2018 09:15:00 287 0

Fatimənin nazirlikdə işləyən əri, Anar Nağılbazın arvadı, Sərxanın öpüş master klassı, Xatirənin açıq geyimi

Son.az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (165-ci say) təqdim edir.

Ötən həftə Biləsuvarda toydaydım. Məclisi İmişlidən Məhərrəm adlı müğənni aparırdı. Bir az həmsöhbət oldum. Əla səsi var. Dedi ki, Arif Babayevin tələbəsi olub, indi yetərincə məşhur olan xeyli müğənnilərlə tələbəlikləri bir yerdə keçib. Hazırda heç kimlə əlaqəsi yoxdur. Görənlər də onu guya tanımırlar. İnsafən səsi də həmin məşhurların çoxundan yaxşıdır, ifası da. Əlimdən bir şey gəlmədi. Dedim, hansısa yazımda fürsət olsa, adını bir dəfə çəkəcəyəm. Hiss elədim ki, kövrəldi. Dedim, fikir eləmə, sənin qadan düşsün, səni görüb görməzdən gələn tələbə yoldaşlarının ürəyinə. Redaktor bu hissəni silməsə, həm Məhərrəmə vermiş olduğum sözü tutardım, həm də o sənətçilərə sözümü çatdırmış olardı. Yeri gəlmişkən, ifasından bir hissəni özüm çəkmişəm. Keçdik mövzulara...

Fatimə haqda nəinki xəbər yazmaq, ümumiyyətlə, danışmaq qadağam olduğu üçün bu xəbəri qorxa-qorxa yazıram. Çünki yazı çıxar-çıxmaz Fatimənin əri (Mənə zəng vuran şəxs özünü məhz bu cür təqdim etmişdi-İ.V.) zəng vurub xəbərdarlıq edəcək. Əllərim də dəhşətli dərəcədə əsir. Xəttim pis olsa, üzrlü sayın. Rəqqasə Fatimə canlı efirə zəng vurub və müğənni Rahidə Baxışovanı qeyri-səmimilikdə ittiham edib. Sonradan məlum olub ki, Rahidə də xına evi açdığı üçün Fatimə ondan küsüb.

"Beş-altı aydır bu məsələ var. Efirdə danışmaq istəmirdim. Fatimə də zəng vurub özümlə danışardı. Fatimə rəqqasə olmamışdan əvvəl mən oxuyurdum. Fatimənin rəqsini, məktəbini əlindən almamışam. Xına evi açdım, ondan sonra soyuqluq başladı".

Yeri gəlmişkən, Fatimə oxşar qalmaqalları Xuraman Şuşalı və Xatunla da yaşayıb. Rahidənin sözü olmasın, o müğənni olanda, tanınanda Fatiməni, görəsən, ailə üzvlərindən savayı tanıyan var idimi? Lap tutaq ki, tanınırdı. Axı bu, nə mənasız iddiadır. Bəlkə Fatimə Müəllif Hüquqları Agentliyindən bir kağız da alsın ki, xınayaxdı adət-ənənəsini məhz o gətirib. Adamın əri nazirlikdə də işləyər, lap vəzifədə də olar. Ancaq dəqiqəbaşı jurnalistə zəng etdirməzlər, həmkarlarla kəllə-kəlləyə gəlməzlər.

Anar Nağılbazla keçmiş həyat yoldaşı Anjelika Cəbiyevanın arasındakı qalmaqala repçinin atası, keçmiş deputat Rizvan Cəbiyev də qoşulub. Özü də necə deyərlər, bir az bərk qoşulub. Rizvan müəllim nəvələrinin anasını hüquq-mühafizə orqanlarına çağırtdırıb, üzləşiblər. Rizvan müəllim təcrübəli adamdır, illərin jurnalistidir, qanunları da əla bilir. İnanmıram ki, oğlunun övladlarına baxmalı olduğunu bilmir. Görünür, ya yaşlanıb, ya da Anar atasını başqa cür başa salıb. Ya da Anjelikanın Anarla dostu tərəfindən məruz qaldıqlarından xəbərsizdir. Buna da inanmıram. Çünki eşitdiklərimə görə məhz Rizvan müəllimin əlaqələri sayəsində həmin məsələ müvəqqəti olaraq qapadılıb.