Əlahiddə Çevik Polis Alayında soyqırımı qurbanlarının xatirəsi yad edilib FOTO


Digərləri 31 Mar 2018 21:18:00 288 0

Əlahiddə Çevik Polis Alayında soyqırımı qurbanlarının xatirəsi yad edilib  FOTO

Martın 31-də Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polis Alayında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a bildiriblər ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən alay komandiri, polis general-mayoru Zaur Abdullayev bildirib ki, Prezident İlham Əliyev yanvarın 18-də "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Sərəncam imzalayıb. Bir əsr əvvəl "böyük Ermənistan" xülyası ilə başqa xalqların torpaqları hesabına dövlət qurmaq istəyən daşnaklar öz rəzil himayədarlarının havadarlığı ilə insanlıq adına ləkə olan qanlı cinayətlər törədiblər. Ermənilər cəzasızlıqlarından daha da azğınlaşaraq etnik təmizləmə və soyqırımı siyasətini on illiklər boyu davam etdiriblər. Təəssüf ki, demokratiyanın, bəşəri dəyərlərin guya beşiyi olan dövlətlər həmin qanlı cinayətlərə, soyqırımına biganə qalıb. Yalnız xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra üzləşdiyimiz faciələrə obyektiv siyasi qiymət verilib. Ümummilli Liderin mart hadisələrinin 80-ci ildönümündə - 1998-ci il martın 26-da imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Fərman erməni millətçilərinin cinayətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymətdir.

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Nuru Məmmədov azərbaycanlılara qarşı törədilmiş qətliamların, eyni zamanda, 1918-ci ilin martında baş verən soyqırımının tariximizin qanlı səhifəsi olduğunu deyib. Qeyd edib ki, erməni millətçiləri iki əsr ərzində azərbaycanlılara amansız soyqırımı və etnik təmizləmə siyasəti həyata keçiriblər. Rusiya imperiyası bu yolla Cənubi Qafqazda möhkəmlənmək, ermənilər isə Rusiyanın havadarlığına arxalanaraq tarixi Azərbaycan torpaqlarını ələ keçirib erməni dövləti qurmaq məqsədi güdüblər. Prezident İlham Əliyevin çıxışlarında vurğuladığı kimi, Dağlıq Qarabağ əzəli Azərbaycan ərazisidir. Ermənilər Dağlıq Qarabağa XIX əsrin birinci yarısında gəliblər. Bu, məlum faktdır. Hüquqi baxımdan bu region Azərbaycanın ərazisidir. Ona görə də biz bu məsələni yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında həll etmək istəyirik. Biz Dağlıq Qarabağ ermənilərinə Azərbaycanın tərkibində ən yüksək muxtariyyət statusunun verilməsini təklif etmişik. Bu bizim tərəfimizdən ediləcək maksimum güzəştdir. Çünki onun statusu həmişə muxtar vilayət olub.


Xəbərə aid fotolar