SOCAR Türkiyədəki neft emalı zavodunu istismara buraxır


Digərləri 30 Mar 2018 21:16:00 295 0

SOCAR Türkiyədəki neft emalı zavodunu istismara buraxır

SOCAR prezidenti Rövnəq Abdullayev Türkiyəyə səfəri çərçivəsində şirkətin Əliağada həyata keçirdiyi layihələrin gedişi ilə tanış olmaq məqsədi ilə "Petkim" neft-kimya kompleksinə, eləcə də cari ilin sentyabrında istismara veriləcək STAR neft emalı zavoduna baş çəkib.

Son.az bildirir ki, şirkətdən Trend-ə verilən məlumata görə, SOCAR-ın Əliağadakı bütün törəmə şirkətlərinin ümumi idarəetmə binasına gələn şirkət rəhbərliyi binaya baxışdan sonra burada Türkiyədəki aktivlərinin cari vəziyyəti və gələcək planları ilə bağlı müşavirə keçirib. 

Qeyd olunub ki, ötən il "Petkim" üzrə istehsal prosesləri, tədarük zənciri və digər sahələrdə aparılmış optimallaşdırma tədbirləri nəticəsində 48 milyon dollar vəsaitə qənaət edilib. 2008-ci ildə SOCAR-ın idarəçiliyinə keçdikdən sonra 2017-ci ilin sonuna kimi "Petkim" şirkətinin xalis mənfəəti 9,2 dəfə, bu şirkətin səhmlərinin dəyəri isə 8,7 dəfə artıb. 

Müşavirədə SOCAR rəhbərliyinə məruzə olunub ki, dəyər zənciri üzrə "Petkim"lə sinerji təşkil edəcək STAR NEZ-də artıq tikinti işlərinin 99 fazi yekunlaşdırılıb. Cari ilin sentyabrında zavodda ilk məhsulun satışı, dekabrda isə şərti qəbulu həyata keçiriləcək. Zavodun istehsal gücü 10 milyon ton həcmində nəzərdə tutulur. STAR zavodunda illik 4,8 milyon ton dizel, 1,6 milyon ton təyyarə yanacağı, 1,6 milyon ton nafta və həmçinin, mayeləşdirilmiş təbii qaz, qarışıq ksilen, HRON, neft koksu və kükürd kimi əsas məhsullar istehsal olunacaq. Zavodun məhsullarının böyük qismi, o cümlədən nafta "Petkim" kompleksində xammal kimi istifadə ediləcək ki, bu da ümumi xərclərin aşağı salınmasında böyük rol oynayacaq. Ümumiyyətlə, zavodda istehsal ediləcək məhsulların əsas hissəsi Türkiyənin daxili bazarı, qalan hissəsi isə ixrac üçün nəzərdə tutulur. Cari ildə STAR üzrə aparılacaq işlərin əsas hədəfi istehsalat proseslərinin rəqəmsallaşdırılması olacaq.