Meşə yanğınları qəsdən törədilir?


Digərləri 30 Mar 2018 15:41:00 296 0

Meşə yanğınları qəsdən törədilir?

Dünyanın bir sıra ölkələrində böyük sahələri əhatə edən meşə yanğınları baş verir. Bu cür yanğınlara daha çox isti keçən yay aylarında rast gəlinir. Azərbaycanda isə meşə yanğınları geniş ərazini əhatə etməsə də, mütəmadi olaraq baş verir. Bu yanğınların baş verməsi təkcə təbiət hadisələrindən deyil, daha çox insan ehtiyatsızlığı amili ilə əlaqədardır.

Son.az bildirir ki, məsələ ilə bağlı ARB TV-nin "Günə doğru" verilişində maraqlı sujet yayımlanıb. İstirahət üçün meşəyə gələn insanlar yemək hazırlamaqdan ötrü ocaq qalayırlar. Çox vaxt istirahəti bitirdikdən sonra ocağı tam söndürmədən həmin ərazini tərk edirlər. Nəzarətsiz qalan ocaq isə meşə yanğınlarının baş verməsində əsas amillərdən biri hesab olunur. Samir Kərimov (FHN əməkdaşı): "Əgər hər hansı bir şəxs meşədə tonqal qalamaq istəyərsə, Meşə Mühafizəsi və Bərbası Müəssisəsi ilə razılaşdırılmış onlara xüsusi ayrılmış yerlərdə və yanğın təhlükəsizliyi qaydalarına riayət etməklə həmin tonqalları qalamaq olar. Bu hansı halda mümkündür. Tonqal qalanan ərazi minimum bir metr ərazidə otlardan, quru yarpaqlardan təmizlənməli, müəyyən torpaq qatının üz hissəsi götürüldükdən sonra orada tonqal qalamağa icazə verilir". Meşə yanğınlarını söndürmək heç də asan deyil. Yanğınlar dağlıq ərazidə xüsusilə küləkli havada baş verərsə, yanğının söndürülməsi prosesi daha da çətinləşir. Bəs yüksək dağ massivində yerləşən meşədə yanğın necə baş verir? Samir Kərimov (FHN əməkdaşı): "Təbii fəlakətlərdən baş vermiş yanğın hadisələri ümumi yanğın hadisələrinin 10 %-ni təşkil edir. 90 %-i insan faktoru ilə əlaqəlidir. Bu faktorlar ondan ibarətdir ki, meşələrdən istifadə edən şəxslər ehtiyatsızlıq ucbatından tonqalların qalanması, söndürülməmiş siqaret kötüyünün meşə sahəsinə atılması, söndürülməmiş kibritin, alışqanın meşə sahəsinə atılması və s. Bu səbəbdən yanğın təhlükəsziliyi nəticəsində meşələrdə yanğın hadisələri baş verir". Həmçinin meşə yanğınları yaxınlıqdakı kənd təsərrüfatı sahələrində otların yandırılması nəticəsində də meydana gəlir. Meşə sahələrində yanğın hadisələrinin qarşısını almaq üçün qabaqlayıcı təhlükəsizlik tədbirləri görülüb. Bir sıra ərazilərə maarifləndirici lövhələr yerləşdirilib və növbətçi briqadalar yaradılıb. Samir Kərimov: "Meşə Mühafizəsi və Bərpası Müəssisələrində hər bir meşə sahəsi üzrə yanğına qarşı cavabdeh şəxslər, könüllü yanğın dəstələri və yanğın postları qurulur. Ondan əlavə olaraq Dövlət Yanğından Mühafizə hissəsinin əməkdaşları da böyük fəallıq göstərirlər. Onu da qeyd edim ki, baş vermiş yanğın hadislərinin söndürülməsində əhali bizə daim köməklik göstərir". Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə görə yanğına səbəb olan fiziki şəxslər üçün 100 manatdan 500 manata kimi cərimə nəzərdə tutulub. Bundan əlavə yanmış əraziyə dəyən ziyan da cərimənin üzərinə əlavə olunur.


Xəbərə aid fotolar