Tərtərdə 6 kəndi birləşdirən yeni avtomobil yolu inşa edilir


Digərləri 28 Mar 2018 14:54:30 228 0

Tərtərdə 6 kəndi birləşdirən yeni avtomobil yolu inşa edilir

Tərtər rayonunda 21.5 km uzunluğunda yeni avtomobil yolu inşa edilir.

Bakı. Tərtər rayonunda 21.5 km uzunluğunda yeni avtomobil yolu inşa edilir. Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, Tərtər rayonunun Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolu 7 minə yaxın əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirir. Lakin yolun torpaq və çınqıl örtüklü olması sözügedən yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsini xeyli çətinləşdirir, əhalinin rahat gediş-gəlişinə maneə yaradırdı. Bu üzdən sözügedən yol ölkə rəhbərliyinin tapşırığı ilə respublikada bu il yenidən qurulmasına ehtiyac olan yolların siyahısına daxil edilib və Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikintisinə start verilib. Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolu texnoloji ardıcıllığa uyğun olaraq 2 hərəkət zolağı enində IV texniki dərəcəyə uyğun inşa edilir. Tikinti layihəsinə uyğun olaraq yolun torpaq yatağının bərpası üçün yararsız qrunt müxtəlif dərinliklərdə qazılaraq çıxarılır, əvəzinə çınqıl qruntu tökülərək kipləşdirilir. Yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün 0.8-1 metr hündürlükdə yararlı qrunt tökülərək yayılır, yolun genişləndirilməsi işləri aparılır. Bundan başqa torpaq yatağı hazır olan hissələrdə yeni yol əsası inşa edilir. Yol əsasının alt layının tikintisi optimal qırmadaş, üst layının tikintisi isə qum-çınqıl qarışığı ilə aparılır. Bu işlərə paralel olaraq çiyinlərin optimal-çınqıl materialı ilə bərkidilməsi işləri də görülür.