"Yaxın aylarda yenidən vulkan püskürə bilər"


Digərləri 28 Mar 2018 14:35:43 281 0

"Yaxın aylarda yenidən vulkan püskürə bilər"

Azərbaycanda ötən ildən palçıq vulkanlarının püskürməsində aktivlik müşahidə edilir. 2018-ci ilin əvvəli də Azərbaycanda palçıq vulkanlarının aktivləşməsi ilə səciyyələnir.

Son.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun (GGİ) Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda hər il ərzində 2-4 palçıq vulkanı püskürür. Ancaq bəzi illərdə seysmik aktivlik artıqda palçıq vulkanlarının püskürməsi halları da artıb:

"Azərbaycanda palçıq vulkanlarının püskürməsinin əsas səbəbi zəlzələlərdir. Seysmik aktivlik artıqda palçıq vulkanlarının püskürməsi halları da çoxalır. Məsələn, 1926-cı ildə ölkədə il ərzində 8, 1986-cı ildə 12, 2004-cü ildə 9 püskürmə olub. 1986-cı ildən 1989-cu ilə qədər ölkədə seysmoloji aktivlik yüksək olduğundan palçıq vulkanlarının püskürməsi hallarının da sayı çox olub. 2000-ci ildə noyabrın 25-də Bakıda baş verən güclü zəlzələ nəticəsində 2001-ci ilin may ayına qədər yeraltı təkanlar qeydə alınıb. Ona görə də bu müddətdə rekord səviyyədə 16 püskürmə baş vermişdi".

2004-cü ildə vulkan püskürməsi baxıçımdan "sakitlik" dövrünün müşahidə edildiyini deyən A.Əliyev qeyd edib ki, 2017-ci ildən başlayaraq, ölkədə palçıq vulkanlarının püskürməsində yenidən aktivləşmə qeydə alınır. 2017-ci ildə yalnız yanvar ayından iyun ayınadək 7 püskürmə qeydə alınıb:

"Bu da rekord səviyyədir. Çünki adətən, il ərzində 7 püskürmə olduğu halda, həmin ildə 6 ay ərzində bu qədər sayda püskürmə baş verib".