Uşağı yedirdibiçirdib, yatırtmaqla iş bitmir...


Digərləri 26 Mar 2018 05:30:00 284 0

Uşağı yedirdibiçirdib, yatırtmaqla iş bitmir...

Dayə uşağın gigiyenası qədər inkişafını da düşünməlidir 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Uşaqlar üçün dayə tapmaq, öz övladlarını günün böyük bir hissəsini kiməsə əmanət etmək valideynlərin ən çətin sınaqlarından biridir. İşləmək məcburiyyətində olan analar uşaqlarını tanımadığı qadına əmanət etməyin asan olmadığını deyirlər. Amma işinin peşəkarı, sənəti yalnız uşaqları sevməklə çərçivələməyən dayələr də var. Belə dayələri Təhsil Nazirliyi nəzdində Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun dəstəyi ilə Narel Dayə Məktəbi yetişdirir. Biz də onların dərs prosesini izləmək üçün sözügedən məktəbə yollanırıq.

Nə analar əvvəlki kimidir, nə də uşaqlar...

Uşaqların erkən inkişafı üzrə mütəxəssis Seyidli Fərqanənin dərsindəyik. Gənc müəllimə uşaq inkişafı nəzəriyyələri, uşaqlarla ünsiyyətin və əməkdaşlığın, inkişafetdirici və öyrədici mühitin qurulması, uşaq oyunları, mütaliə, yaradıcılıq məşğələləri ilə bağlı dayələri bilgiləndirir. Müəllim deyir ki, dayənin işi uşağı təmiz saxlayıb, yedirdib, yatırtmaqla bitmir. Müasir dövrdə dayənin təmizkar olması, uşağı təmiz saxlaması ilə yanaşı, onun praktiki bilikləri də olmalıdır. O, gəlinciyin üzərində uşağı necə tutmaq, sakitləşdirmək lazım olduğunu göstərir. Dayələr maraqla qulaq asıb, suallarını verirlər. Hətta uşağın qucaqda saxlanılma formasında belə, ən xırda məqamın önəmli olması onları təəccübləndirir.   Dərsdən sonra Fərqanə xanımla söhbətləşirik. Deyir ki, dayələr arasında pedaqoji tərbiyə ilə bağlı böyük boşluqlar var: "İndi tələblər çox dəyişib. Nə analar əvvəlki kimidir, nə də uşaqlar... Hər bir ana övladının düzgün inkişafını istəyir. Ən böyük problem isə uşağın anayla bağının itməsidir. Ətrafımızda analar uşaqların dayəni öz anası bilməsindən narazılıq edirlər. Amma dayə məsələnin psixoloji və praktiki tərəflərini bilsə, belə problemlər yaranmaz. Uşağın anayla bağının itməməsi onun yetişməsində çox vacibdir. Əvvəllər dayədən daha çox xidmətkar olmaq tələb edilirdisə, indi vəziyyət dəyişib. Dayə uşağın gigiyenasını nə qədər düşünürsə, inkişafını da bir o qədər düşünməlidir. Bizim dayələrdə uşağa yanaşmada, onu şəxsiyyət kimi görməkdə problemlər var. Dayə daim uşağın özünü yaxşı hiss etməsi üçün nə etmək lazım olduğunu düşünməlidir. Biz bu məsələlərə daha çox fikir veririk".

"Dayə ana deyil..."

Müəllim deyir ki, uşağın anayla bağının qırılmaması məsələsində dayənin üzərinə çox yük düşür, uşaqla münasibətdə ən primitiv görünən məsələlər belə, onun həyatında çox önəmlidir: "Hamı uşağı qucağına alır və hər kəs də onu sakitləşdirə biləcəyini düşünür. Bilirsiniz ki, uşaq hər kəsin qucağında sakitləşmir. Yaşından asılı olmayaraq, uşaqla ünsiyyət çox vacibdir. Uşaqla yaşamaq üçün onun həyatında birbaşa iştirakçı olmalısınız. Yaxud valideynlərin hansısa problemini uşağa yansıtmaq olmaz. Şəxsi münasibətləri işə qarışdırmamalıyıq. Yuxarıda da qeyd etdiyim kimi, anaların ən çox narahat olduğu məsələ uşağın dayəni ana kimi bilməsidir. Bu problemlə rastlaşmamaq üçün ana evdə olarkən əgər uşaqla oynayırsa, dayə onu almağa çalışmamalıdır. Dayə düşünür ki, ana uşaqla vaxt keçirdikdə, əgər uşağa müdaxilə etməsə, ana düşünəcək ki, dayə işini yaxşı görmür. Yaxud, ana uşağa yemək vermək istəyir, dayə gəlir əlindən alır ki, mən edəcəm, narahat olmayın. Dayə ana deyil, anaya köməkdir".

"Dayələr hər şeyi bildiyini düşünür"

Məktəbin direktoru Nərminə Cəfərovanın iki övladı var. Dayə tapmağın çətinliklərini gördükdən sonra, belə bir məktəb açmaq qərarına gəlib. Deyir ki, dayənin uşaqları sevməsi hələ onun uşağa yaxşı baxacağı demək deyil: "Həkim olduğum üçün evimdə işləyəcək xanımla bağlı istəklərim, şərtlərim var idi.  Bir neçə qadını nəzərdən keçirdikdən sonra anladım ki, bu sahədə boşluq var. Çünki güvəndiyim xanımı tapsam belə, bu sahədə bilik və bacarıqları yox səviyyəsində idi. Öz uşağını böyütməklə, başqasının uşağına tərbiyə vermək arasında çox böyük fərq var. Mən məcbur olub güvəndiyim bir xanımı seçdim və işə getməyib ev şəraitində onu öyrətməyə başladım. Bəzən deyirlər ki, əgər bir insan uşaqları sevirsə, dayə işləyə bilər, amma təcrübə göstərir ki, bu, kifayət deyil. Uşağı sevməklə yanaşı, modern biliklərin və təcrübən də olmalıdır. Hətta uzun müddət dayə işləyən xanımlar belə, bizə müraciət edirlər və məlum olur ki, hər şeyi bildiyini düşünən onların bilmədikləri də çoxdur".


Xəbərə aid fotolar