Bölgələrimiz investorlar üçün cəlbedici olub


Digərləri 25 Mar 2018 19:15:00 353 0

Bölgələrimiz investorlar üçün cəlbedici olub

Keçən il Ağstafa rayonuna 25 milyon manat xarici sərmayə qoyulmuşdur

Keçən il Ağstafa rayonuna 25 milyon manat xarici sərmayə qoyulmuşdur

Son.az "Azərbaycan" qəzetinə istinadən yazını təqdim edir.

Tarixə çevrilən 2017-ci il dünyanın bir çox ölkələrinin həyatında müxtəlif hadisələrlə yadda qaldı. Bəziləri müharibə və terrordan, bəziləri daxili siyasi çəkişmələrdən  və vətəndaş qarşıdurmalarından əziyyət çəkdi.

Dünya birliyində özünün layiqli yeri olan və Cənubi Qafqazın lideri statusunu daşıyan Azərbaycanda isə 2017-ci il yaddaqalan hadisələrlə, xüsusilə iqtisadiyyatda qazanılan uğurlarla əlamətdar oldu. Sahibkarlığa dövlət dəstəyinin artırılması, biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar, siyasi və makroiqtisadi sabitlik Azərbaycan iqtisadiyyatının inkişafını, xarici təsirlərə və risklərə dayanıqlığını şərtləndirən başlıca amillərlə yadda qaldı.

Həyata keçirilən sosial-iqtisadi islahatlar sayəsində Ağstafada da bütün sahələr üzrə nailiyyətlər qazanılmışdır. Məhsul istehsalının həcmi 2,9, o cümlədən sənaye məhsulu istehsalı 2,2, kənd təsərrüfatı məhsulları istehsalı 2, tikinti-quraşdırma işlərinin həcmi 8,6, rayon üzrə orta aylıq əməkhaqqı 1,4 dəfə artmışdır. Son illər rayonda onlarca yeni sənaye müəssisəsi istifadəyə verilmişdir ki, bunun da sayəsində əhalinin məşğulluq problemi həll edilmişdir. Sahibkarlığın dəstəklənməsi və bu istiqamətdə həyata keçirilən tədbirlər sayəsində 7 mindən artıq yeni iş yeri açılmışdır. Regionlara investisiyanın cəlb edilməsi, ayrı-ayrı rayonlarda sənaye zonalarının, yeni istehsal və emal müəssisələrinin, istixana komplekslərinin yaradılması istiqamətində zəruri işlər görülmüşdür. Təkcə keçən il rayona 34,8 milyon manat özəl investisiya qoyulmuşdur ki, bunun da 25 milyon manatı xarici sərmayədir. Həmin investisiya hesabına saatda 25 ton istehsal gücünə malik dənli və paxlalı bitkilərin istehsalı üzrə Ağstafa Aqrar-Sənaye Kompleksi, ümumi emal gücü 36 min ton taxıl olan çeşidləmə-qurutma və saxlama anbarı, sutkada 120 ton emal gücünə malik dəyirman kompleksi, sutkada 48 ton gücündə olan çörək və yarımfabrikatlar zavodu, sutkada 36 ton istehsal gücünə malik makaron zavodu fəaliyyətə başlamışdır.

Hazırda "Karvan-L" EKO sənaye parkında istehsal gücü sutkada 500 kvadratmetr olan keramik dam örtüklərinin istehsalı müəssisəsində, "ATİLO" MMC-nin inşa etdiyi sərinləşdirici içkilər zavodunda son tamamlama işləri görülür. Müəssisədə quraşdırılan müasir texnologiya hesabına müxtəlif çeşiddə məhsullar istehsal ediləcək. Burada sərinləşdirici içkilər, o cümlədən pivə istehsalı sexləri ilə yanaşı, məhsulun qablaşdırılması və saxlanması üçün də sex və anbar inşa olunur. Müəssisədə 120 nəfər işlə təmin olunacaq. Xalça fabrikinin tikintisi isə artıq başa çatdırılmışdır. Fabrikdə 120 qadın özünə daimi iş yeri tapmışdır.

Hazırda 150 nəfərin çalışdığı "Akkord-Tekstil" MMC-nin tikiş fabrikində istehsal olunan məhsullar Azərbaycan brendi ilə bir çox Avropa ölkələrinə ixrac olunur.

Ağstafada aqrar sahənin də inkişafına ciddi diqqət yetirilir. Məhz bunun nəticəsidir ki, son illər kənd təsərrüfatı məhsulları istehsalı sahəsində bir sıra uğurlar qazanılmışdır. Təkcə ötən il rayon üzrə kənd təsərrüfatı məhsulları istehsalının həcmi 28,4 faiz artmışdır. 30 min 883 ton taxıl istehsal edən fermerlər hər hektardan 29,1 sentner məhsul götürmüşlər. İl ərzində həmçinin 15,5 min ton kartof, 6,7 min ton tərəvəz, 3,1 ton barama istehsal edilmişdir. Bundan başqa, keçən il 501 hektarda şəkər çuğunduru becərilmiş, göstərilən yüksək aqrotexniki qulluq nəticəsində 2597 ton şəkər çuğunduru istehsal olunmuşdur.