Honk Konqun ən varlı şəxsi təqaüdə çıxır


Digərləri 22 Mar 2018 23:10:00 286 0

Honk Konqun ən varlı şəxsi təqaüdə çıxır

Honk Konqun ən varlı şəxsi Li Ka-şinq (37.7 milyard dollar sərvətə sahibdir) dünyanın 50-dən çox ölkəsində fəaliyyət göstərən və 323 000 işçisi olan "CK Hutchison Holdings Ltd"nin sədrliyindən bugün təqaüdə çıxdığını elan etdi.

Son.az moneta.az-a istinadən bildirir ki, 89 yaşlı Li may ayının 10-da baş tutacaq şirkətin illik yığıncağından sonra rəsmi şəkildə təqaüdə çıxacaq. 13 yaşından zavodda işləməyə başlayan Li iş etikası və biznes uğuruna görə "Superman" ləqəbini qazanıb.

Jurnalistlərə verdiyi müsahibəsində Li bildirib ki, "Mən uzun müddətdir çalışıram. Mən hər zaman demişəm ki, istənilən vaxt işdən ayrıla bilərəm, şirkət eyni qaydada idarə olunmaqda davam edəcək", Li deyib.

Bir neçə il öncə varisi seçilən böyük oğlu Victor Li biznesin rəhbərliyini öz üzərinə götürəcək.

Li Ka-şinq kim olub?

Li Ka-şinq 29 iyul 1928-ci ildə Çinin Çaojou şəhərində kasıb müəllim ailəsində anadan olmuşdur. Valideynləri ilk olaraq ona Li Ka-li Çzyaçen adı veriblər. Lakin sonradan yapon ordusundan qorunmaq üçün ailəsi Honk Konqa köç edəndə adını dəyişiblər. Gələcək milyarderin ailəsi kasıb olsa da, adlı-sanlı olub. Belə ki, Çində müəllimlik peşəsi ən prestijli, şərəfli peşə hesab olunurdu. Bu səbəbdən də Şinqin atasına hər kəs hörmət edirmiş. Atası onun alim olmasını istəyirmiş. Arzusunun reallaşması üçün oğluna ancaq "oxu" deyərmiş. Li Ka-şinq özü bu haqda belə deyir:

"Atam məndə öyrənmək və həyatda nəyin əsas olduğunu bilmək arzusu yaratdı. Həyatımda proseslərin necə inkişaf etməsindən asılı olmayaraq, atamın mənimlə fəxr etməsi üçün hər şey edəcəkdim."

Li Ka-şinqin uşaqlığı müharibə illərinə təsadüf etdiyindən çox ağrılı və səfalət içində keçib. Belə ki, onun 8 yaşı olanda Yaponiya Çinə qarşı hərbi əməliyyatlara başlayır. Ailə daimi yaşayış yerindən ingilislərin nəzarətində olan Honq Konqa üz tutur. Atası özü ilə ancaq ən dəyərli əşyalarını - şagirdlərinin hədiyyə etdiyi kitabları götürür. Honkonqda yaşayan varlı tacir qardaşının onlara dəstək olacağını düşünür. Lakin qardaşı onu və ailəsini evinin yaxınlığına belə buraxmır. Ailə günlərlə küçədə yaşadıqdan sonra bir balıqçının komasına yerləşir. Bir il sonra Linin atası vərəmdən vəfat edir. Qardaşı ailəni dolandırmaq üçün əmisinin qapısında fəhlə işləyir. Sonradan həmin günləri xatırlayan Li Ka-şinq belə deyir:

"Mən həyatla üz-üzə gəldim. Həyatı necə varsa, elə də gördüm. On iki yaşım var idi, amma özümü 20 yaşında, hətta daha böyük hiss edirdim".

Sosial, maddi çətinliklərə rəğmən, Honq Konqa yerləşdikdən sonra təhsilini davam etdirməsi üçün valideynləri onu məktəbə qoyurlar. Çətinliklər fonunda Li Ka-şinq təhsil almaqda davam edir. Amma atası vəfat etdikdən sonra təhsilini yarımçıq buraxmaq məcburiyyətində qalır.

Ailəsini dolandırmaq üçün əmisinə üz tutur və iş istəyir. Əmisi onu kəmər satıcısı kimi işə götürür. Əslində vəziyyət elə imiş ki, Li ən ağır işlərə də razı olmağa hazır olub.