Təkəbbür və qürur


Digərləri 20 Mar 2018 16:45:00 322 0

Təkəbbür və qürur

Əziz müsəlmanlar! Uca dinimiz İslam insanlara təvazökar olmağı öyrətmiş, təkəbbür və qürurdan uzaq durmağı tövsiyə etmişdir. Çünki dinimizə görə, təvazökarlıq göstərərək sadə olmaq müsəlman üçün əsas prinsiplərdəndir. Təkəbbür və qürur isə Allaha inanmış, Peyğəmbərə bağlanmış olan hər kəs üçün qadağan edilmişdir. Müsəlmanlar təkəbbür və qürurdan uzaq durmalıdırlar.

Son.az islam.az-a istinadən bildirir ki, təkəbbür qürrələnmək, lovğalanmaq, özündən razı olmaq və xəyala qapılmaq deməkdir. Bunların isə heç biri bəndəyə yaraşan xislətlər deyildir. Təkəbbür və qürur İslamın sevmədiyi pis xislətlərdən olub, Allah və Rəsulu tərəfindən bəyənilməmişdir.  Qurani-Kərimdə təkəbbürlə bağlı belə buyurulur: "Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb qürrələnəni sevmir" (Loğman, 18).  "Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla gəzirlər" (Furqan, 63) "Sənə tabe olan möminləri qanadın altına al" (Şuəra, 215). Həzrəti Peyğəmbər isə qürur və təkəbbür haqqında belə buyurmuşdur: "Sizə cəhənnəmlikləri xəbər verim? Onlar qatı ürəkli, malını xeyirdən əsirgəyən, təkəbbürlü şəxslərdir" (Riyazu,-salihin, 2/45). Bir gün Rəsulullah buyurur ki, "Qəlbində zərrə qədər təkəbbür olan şəxs cənnətə girə bilməz". Səhabələrdən Malik ibn Mirarə "Ya Rəsulullah, insan istəyər ki, paltarı və ayaqqabısı gözəl olsun" deyə bildirir. Bunun cavabında Rəsulullah belə buyurur: "Allah gözəldir, gözəlliyi sevir. Təkəbbür isə haqqı qəbul etməmək, insanları xor görməkdir" (Riyazu's-salihin, 2/44). Əziz möminlər! Sadaladığımız ayə və hədislər bizə təkəbbür və qürur sahiblərinin vəziyyətlərini açıq şəkildə ifadə etməkdədir. Dinimiz təkəbbür və qüruru mənəvi bir xəstəlik olaraq görür. Bu cür xəstəliklərə yoluxmuş insanları Allahın sevmədiyi aydındır. Bəs o insanı ki, Allah sevmir, bəndələr sevərmi? Təkəbbürlü və lovğa şəxsləri, başqalarını bir kənara qoyaq, ən yaxın adamları belə sevməz. Çünki bu cür insanlar eqoist olur, ən gözəl şeyləri daima özlərinə layiq görür, hər kəsdən ehtiram gözləyir və etdikləri şeylərin hər kəs tərəfindən bəyənilməsini arzu edirlər. Ən pisi isə odur ki, səhvə yol verdiklərini qəbul etmir, sərvətləri və şöhrətləriylə, bilikləri və zahiri gözəllikləri ilə öyünürlər. Amma düşünmürlər ki, bir gün bütün bunlar əldən çıxacaq.  Hörmətli müsəlmanlar! Təkəbbür və qürur heç bir zaman kamilliyin nişanəsi ola bilməz. Bu yalnız cəhalət və qəflətin, xəyalpərəstlik və yarımçıq təhsilin əlaməti sayılır. Dinimizin bu pis xislətləri tənqid edib pisləməsi də elə bu səbəbdəndir.  Elə isə, yaxşı və kamil bir müsəlman könlündə təkəbbür və qürura yer verməməli, qəlbini haqqa bağlamalı və şeytanın oyuncağı olmaqdan ehtiyat etməlidir. Peyğəmbərimizin buyurduqlarına tabe olmalı, onun yolundan əsla uzaqlaşmamalıdır.  Uca Rəbbimizin insanlara ən gözəl yaşayış tərzini ifadə edən bu ilahi mesacı ilə xütbəmizi nöqtələmək istəyirik:  "Yer üzündə təkəbbürlə gəzib dolanma. Çünki sən nə yeri yara bilər, nə də yüksəlib dağlara çata bilərsən" (İsra, 37)