Laylasız böyüyən gələcəyimiz


Digərləri 20 Mar 2018 16:20:00 341 0

Laylasız böyüyən gələcəyimiz

Layla beşiyim, layla,

Evim, eşiyim, layla. Sən get şirin yuxuya, Çəkim keşiyin layla. Balam layla, a layla! Gülüm layla, a layla!

Son.az lent.az-a istinadən bildirir ki, nənələrimizdən, analarımızdan çox eşitmişik. Laylalar bizə doğmadır, insanı uşaqlığına qaytarır. Amma ettiraf edək ki, laylaların uşaqlar üçün nə qədər əhəmiyyətli olduğunu  dərk etsək də, onlardan çox az istifadə edirik, ya da heç etmirik. İndi neçə ana körpəsini layla deyrək yatırır? 

Laylaların uşaqlarda yuxugətirmə təsiri ilə yanaşı digər müsbət cəhətləri də var. Məsələn, Londondakı Great Ormond Xəstəxanasından olan mütəxəssislərin araşdırmasına görə, laylalar körpələrin yatmasına kömək olduğu qədər, xəstə uşaqlarda ağrını da azaldır. Tədqiqatçılardan David Hargreaves deyib ki, laylalar beynin romantik bölgələrini xəbərdar edərək, rahatlamanı təmin edir və bu hiss ağrı səviyyəsinə də təsir edir.

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru Muxtar İmanov‎ bildirib ki, laylalar beşik başında anaların xüsusi ritm və ahənglə zümzümə etdiyi nəğmələrdir. Bəzən beşik nəğməsi də adlanır. Laylalarda ananın körpəyə olan məhəbbəti, onun övladı ilə bağlı arzu və istəkləri yüksək poetik bir dillə tərənnüm edilir. M.İmanovun sözlərinə görə, laylalar Azərbaycanda unudulmaqda olan folklor janrlarından biridir: "Bunun günahkarı biz özümüzük. Nəinki laylalar, folklorşünaslıqda nəhəng bir janr olan dastanlar da sıradan çıxmaq üzrədir. Əgər toylarda aşığa dastan söylətmiriksə, analar öz körpələrinə layla demirsə, bunları necə yaşatmaq olar? Avropalılar süni şəkildə də olsa, hansısa formada bunları gündəmə gətirirlər, unudulmağa qoymurlar. Bz də bunlara dəyər verməliyik ki, başqalarında günah axtarmayaq".