İslamda evlənmək və onun bəzi adətləri


Digərləri 20 Mar 2018 12:10:00 242 0

İslamda evlənmək və onun bəzi adətləri

Daha öncəki mövzumuzda qeyd etdiyimiz kimi ailə qurmaq, evlənmək və ya ərə getmək dinimizin bizə buyurduğu ən mühüm və vacib əməllərdən biridir. Bildiyimiz kimi, insan müəyyən yaş dövrünə çatdıqda onun fərdiyyəti, mənəvi siması formalaşır, sanki qəlbində bir boşluq yaranır ki, bu boşluğu doldurmağa - yəni sevgiyə, qarşı cinsə məxsus olan biri ilə xoş ünsiyyət qurmağa ehtiyac duyur. Burada maraqlı bir rəvayəti diqqətinizə ərz etməyim yerinə düşərdi.

Belə ki, İslam dininin yarandığı ilk vaxtlarda cəhənnəm əhlinin əzab-əziyyəti haqqında bir ayə nazil olur. Bu cür əziyyətlərə düçar olmaq qorxusu ilə yaşayan üç cavan oğlan öz adi yaşayışlarından əl çəkərək səhralara üz tuturlar. Həmin gənclərdən biri bundan belə heç vaxt əhali ilə təmas qurmayacağına, digəri xanımı ilə yatmayacağına, sonuncusu isə bir daha ləziz yeməklər yeməyəcəyinə söz verir. Bu üç nəfərin həyat yoldaşları Muhəmməd Peyğəmbərin (s.ə.s.) yanına gələrək öz ərlərinin vəziyyətlərini Ona əbər verirlər. Həzrəti Peyğəmbər bu əhvalatı eşitdikdə xeyli narahat olur və dərhal məscidə üz tutur. Bu qeyri-adi vəziyyəti aydınlaşdırmaq üçün camaatı bir yerə toplayaraq belə buyurur:  "Mən sizlərin peyğəmbəriniz olmaqla bərabər həm evlənmişəm, həm yemək yeyirəm, həm də ki bədənimin qayğısına qalıram. Günümü camaat arasında keçirməklə sizinlə ünsiyyətdəyəm. Hər kim mənim yaşayış tərzimdən üz döndərsə, məndən deyil". Hədisdən də göründüyü kimi evlənib, ailə sahibi olmaq peyğəmbərimizin sünnəsi və ibadətlərin ən gözəlidir.  Düzdür, evlənmək bəzən ağır və həssasdır. Lakin bunların heç biri Adəm oğlunu ailə həyatı qurmaqdan yayındırmamalıdır. Ümumiyyətlə, insan çətinlikdən qaçmamalıdır. Bu bir həqiqətdir ki, hər bir şəxs məhz çətinliklə qazandığı uğurunun sevincini unutmur və daima onu qorumağa cəhd göstərir.  Aparılan tədqiqatların nəticəsində məlum olmuşdur ki, bəzi subay insanlar evləndikdən sonra onlarda daxilən bir sıra xoşagələn dəyişikliklər yaranmiş, ailə idarə etmək məsuliyyəti onları iş görməyə vadar etmiş və nəticədə cəmiyyətin fəal bir şəxsiyyətinə çevrilmişdirlər. Gəlin etriaf edək ki, insan məhz ailə qurub, övlad sahibi olduqdan sonra valideynlərinin əziyyətini daha dərindən qavrayır, çətin anında isti ailə ocağına sığınaraq onlardan mənəvi dəstək alır və nəticədə ailənin nə qədər müqəddəs, önəmli olduğunun fərqinə varır. Deməli, doğru şəkildə ailə qurmaq insanları iztirablardan xilas edir. Ötən mövzumuzda qeyd etdiyimiz kimi bəzən gənclər maddi durumlarının yaxşı olmaması üzündən ailə qurmaqdan boyun qaçırırlar. Bir daha vurğulamaq istərdim ki, heç bir səbəb, hətta yoxsulluq belə mömin bəndəni evlənməkdən çəkindirə bilməz. "Nur" sürəsinin 32-ci ayəsində deyildiyi kimi:  "Aranızda olan suöay kişiləri və ərsiz qadınları, əməlisaleh kölə və kənizlərinizi evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah öz lütfü ilə onları dövlətli edər...". Ailə qurmaq, ev-eşik, övlad sahibi olmaq eyni zamanda insanı bir çox günahlardan, haramdan, zinadan qoruyur. Lakin ailə qurarkən seçim etmək, dünya malına aldanmamaq ən mühüm məsələlərdən biri hesab olunur. Sözsüz ki, övladın ailə qurmasında valideynin fikri önəmlidir. Hər bir ailə quran şəxs gələcəkdə günahlarla, zərərlərlə qarşılaşmamaq, peşman olmamaq üçün mütləq valideyninin gözəl təcrübələrindən, dəyərli fikirlərindən istifadə etməli, ata-anasının halallığını və məsləhətini almalıdır. İslam şəriətinə əsasən qızının ailə qurmaq məsələsində ata-ananın icazəsi şərtdir, əks halda evlənmə əsnasında oxunan əqd batil hesab olunar.  Gəncin ailə qurmasında ata-ananın rolu böyük olduğu üçün hər bir valideyn də övladının bu qərarına etinasız yanaşmamalı, mütləq vasitəçi olmalıdır. Xatırladım ki, iki şəxsin evlənməsində vasitəçi olmağın savabı böyükdür. Hətta bu barədə Əmirəlmöminin Həzrəti Əli ibn Əbu Talib (ə) buyurur: "Ən yaxşı vasitəçilik iki nəfərin arasında vasitəçi olub onları evləndirməkdir, ta ki, Allah-Təala onları bir yerə yığsın". Lakin təəssüf hissi ilə bir məsələyə toxunmaq istərdim ki, müasir zəmanəmizdə bəzi valideynlər övladlarının dindar bir şəxslə ailə qurmasına nədənsə narazıdırlar. Bu təbii ki, düzgün deyil. Hər bir valideyn unutmamalıdır ki, övladının evlənməsinə etinasız yanaşarsa və gələcəkdə bu məsuliyyətsizlik günahla, əxlaqi pozğunluqla nəticələnərsə, yaranacaq hər bir günahda ata və ana da şərik olacaqlar. Odur ki, valideyn övladının sözsüz ki, doğru seçiminə dəstək olmalıdır.  Bir çox hədislərdə də buyrulduğu kimi, övladlarınız üçün qapınıza elçi gələn şəxs əgər imanlı və dindardırsa, gözəl xasiyyətə və tərbiyəyə sahibdirsə, mütləq onunla qohum olun, qızınızı həmin insana verin. Əmin olun ki, Allah bu hərəkətinizə görə sizi heç vaxt peşman etməyəcək.  Ailə qurmağa hazırlaşan, həyat yoldaşı seçən şəxs özü də son dərəcədə diqqətli olmalı və mütləq Allahdan köməklik diləməlidir. Sübhəsiz ki, Allahın adı ilə həyatını başlayan hər bir ailə məhəbbətlə ömür sürəcək və xeyir bərəkəti özlərinə cəlb edəcəklər.  İmam Sadiq (ə) bu barədə buyurur: "Sizlərdən biri evlənmək istərsə, iki rükət namaz qılıb Allaha həmd etsin, sonra Ondan istəsin ki, əmanətdar, iffətli, dindar, təvazökar və insanın namusunu, sirlərini qoruyub saxlayan bir həyat yoldaşı qismət eləsin". Əlbəttə ki, ləyaqətli, dindar, gözəl əxlaqa sahib olan, halal, əməlisaleh həyat yoldaşı Allahın bəndəsinə əta etdiyi ən böyük nemətlərdən sayılır.  Son illərdə Azərbaycanda da namaz əhlinin sayının xeyli çoxalması, gənc oğlan və qızların dini adətlərə uyğun şəkildə toy etməyə meyl göstərmələri olduqca sevindirici haldır.  İzninizlə burada kiçik bir haşiyə çıxmaq istərdim.  Bir neçə gün öncə ziyarətgahların birində namaz qılarkən hicablı bir qızla tanış olub, iki gənc qız olaraq səmimi söhbətə başladıq. Söhbət əsnasında məlum oldu ki, həmin xanım bir neçə gün öncə ailə qurub. Mən ilk olaraq onların toyları ilə maraqlandım və dini adətləri yerinə yetirib-yetirməməsi barədə ona sual verdim. Xanımın cavabı: "Geyimim hicablı və toyumuz içkisiz keçdi" - oldu. Mən əsas nəyi vurğuladığımı ona bildirdikdə onun üzündəki ifadədən anladım ki, o dini adətlərdən xəbərsizdir. Çünki hicablı bacım gülümsəyərək: "Məgər toy günü namaz qılmaq vacibdir?" - deyə soruşdu.  Bu əhvalatı yazmaqda məqsədim budur ki, İslam şəriətinin buyurduğu əməlləri tam olaraq yerinə yetirməyən gənclərimiz az deyil. Təbii ki, mən bunu dinə qarşı etinasızlıq kimi qarşılamıram. Ya onların bu barədə elə də məlumatları yoxdur, ya da ... Odur ki, bu cür dini adətlə evlənməyə hazırlaşarkən mömin bacı və qardaşlarımıza kömək məqsədi ilə bu mövzuya bacardığım qədər aydınlıq gətirmək istərdim. Ümumiyyətlə dini toy mərasimi ilk növbədə spirtli içkisiz keçirilməli və süfrədə haram buyurulmuş ətlərdən hazırlanmış isti və ya soyuq yeməklər olmamalıdır. Gəlini atası evindən "ura" ilə deyil, əzan və təkbir ilə çıxarmaq lazımdır. Rəvayətə görə, Həzrəti Əlinin (ə) toyu günü xanım Zəhra (ə) qatıra minərkən birdən Cəbrayıl (ə) və Mikayıl (ə) hər biri yetmiş min mələklə Həzrəti Fatiməni müşayiət etmək üçün yer üzünə nazil olub təkbir deməyə başlamışlar. Peyğəmbərimiz də onlar kimi təkbir deməyə başlamış və beləliklə həmin vaxtdan etibarən bu, adətə çevrilmişdir.  Toy mərasimi üçün ən gözəl ay şəvval ayı, nikah üçün ən bəyənilən gün isə Cümə günü hesab olunur.  Həzrəti Əli (ə) buyurur: "Cümə günü nikah edin və evlənmək əqdi oxumazdan əvvəl xütbə oxuyun". Yeri gəlmişkən, İmam Muhəmməd Baqir (ə) Məmunun qızı ilə əqd bağlamazdan öncə oxuduğu xütbəni sizlərə təqdim edirəm.  "Əlhamdu lilləhi iqrarən bini'mətihi və lə ilahə illəllah ixlasən li vəhdaniyyətihi və səlləllahu əla səyyidi bəriyyətihi vəl əsfiyai min itrətihi əmma bə'du fəqəd kanə min fəzlilahi ələl-ənam in əğnahum bil həlali anil-həram fəqalə sübhanəhü və ənkihul-əyami minkum vəssalihinə min ibadikum və imaikum in yəkunu fuqəraə yuğni himullahu min fəzlihi vəllahu vasiun əlim". Eyni zamanda işıqlı və ilin ən isti günü, əqrəb bürcünə düşən aylarda toy etmək həm inanca görə uğursuzluq gətirir, həm də məkruh sayılır. Toy mərasiminizi də Allahın duası ilə başlayın və məclisinizə yaxınlarınızla yanaşı mömin bacı-qardaşlarınızı da dəvət edin ki, onların duası sizi şərdən qorusun.  İmam Sadiq (ə) buyurur:  "Zifafı gecə ikən yerinə yetirin, onun qonaqlığını isə gündüz edin, hətta əqdin də gecə oxunması müstəhəbdir"  Bu ilk müqəddəs gecəni Allahın adı ilə başlamaq lazımdır. Rəbbinə şükür əlaməti olaraq bəy və gəlin dəstəmaz almalı, pak halda toy libasları ilə iki rükət namaz qılmalıdırlar. Daha sonra üzü qibləyə duraraq əllərini Allahın dərgəhına qaldırıb belə dua etmələri məsləhətdir:  "İlahi, Sənə həmd edir, Peyğəmbər və onun Əhli-beytinə salavat göndəririk. Pərvərdigara, bizi bir-birimizə meriban et!" Allaha şükür etdikdən sonra bəy aşağıdakı duanı oxumalıdır:  "Allahummərzuqni ulfəha və vuddaha və rizaha və ərzini biha vəcmə bəynəna bi əhsəni içtimain və ənəsə i'tilaf fə innəkə tuhibbul-həlal və tukrihul-həram". Daha sonra isə əlini gəlinin alnına qoyub bu duanı oxumalıdır:  "Allahummə bi əmanətikə əxəztuha və bikəlimatikə istəhləltuha fə in qəzəytə li minha vələdən fəc'əlhu mubarəkən təqiyyən min şiəti ali Muhəmməd və la təcəl-lişşəytani fiyhi şəriykən və la nəsiybən". Dini adətlərə əsasən, bu duanı oxuduqdan sonra bəy gəlinin corablarını çıxardıb onun ayaqlarını yumalı, suyunu isə otaqdan çölə atmalıdır. Deyilənlərə görə, bu kimi işlər evin içində yarana biləcək hər növ fəqirliyi və bəlanı çölə atır, İlahi həmin ailəyə rəhmət və bərəkət nazil edir. Peyğəmbərimiz tösiyə etmişdir ki, əgər yeni evlilər ilk gecə bu əməlləri yerinə yetirərsə, Allah onlara yetmiş min mələk göndərər və ailə qurduğunuz gəlin bir çox xəstəliklərdən amanda qalar. Peyğəmbərimiz hətta məsləhət görmüşdür ki, təzə gəlinə bir həftə ərzində süd, sirkə, turş alma və kişmiş yeməyi qadağan edin.  Əminəm ki, inşallah, hər bir ailə qurmağa hazırlaşan mömin bacı və qardaşlarımız bundan sonra dinimizin adətlərinə daha diqqətlə riayət edəcək və toy mərasimlərini İslam şəriətinə uyğun keçirəcəklər.  Əgər mən də bu haqda sizləri azacıq da olsa bilgiləndirdimsə, həqiqətən çox sevinərdim. Həqiqətən, evlənmək ən böyük ibadətdir. Subaylıq heç də sultanlıq deyil, Allahın Rəsulu subayları şeytanın qardaşı adlandırmışdır. Əgər bu adı qazanmaq istəmirsinizsə və Əhli-beytin aşiqlərinin çoxalmasını arzu edirsinizsə Peyğəmbərimizin (s) sünnəsini davam etdirin. Çünki İmam Sadiq (ə) buyurur:  "Allahın adı çəkilmədən, "Bismillahir-Rəhmanir-Rəhim" demədən zifaf gecəsi olarsa, şeytan bu yaxınlıqda iştirak edər və həmin gecədən törəyən uşaq Əhli-beyt düşməni olar".  Son.az islam.az-a istinadən bildirir ki, sonda isə Zifaf gecəsi oxunan digər duaları diqqətinizə ərz edirəm:  "Allahummə əla kitabikə təzəvvəctuha və fi əmanətikə əxəztuha və bikəlimatikə istəhləltu fərcəha fə in qəzəytə lə fi rəhmiha şəy'ən fəc'əlhu səviyyən və la təc'əlhu şəriykə şeytan". "Allahummərzuqni vələdən vəc'ələhu təqiyyən zəkiyyən ləysə fi xəlqihi ziyadətun vəla nuqsanun vəc'əl aqibətuhu ila xəyr". "Bismillahir-rəhmanir-rəhim. Əlləzi la ilahə illa huvə. Bədiyussəmavati vəl-ərz. Allahummə in qəzəytə minni fihazihil ləyləti xəliyfətən fəla təc'əl lişşəytani fiyhi şəriykən və la nəsiybən və la həzzən vəc'ələhu su'minən muxlisən musəffa minnəşəytan və riczihi cəllə sənauk".