F1 simulyator çempionatının qalibi Quba məktəblisi olub (FOTO)


Digərləri 19 Mar 2018 23:32:13 219 0

F1 simulyator çempionatının qalibi Quba məktəblisi olub (FOTO)

“Sənin sürət formulan” şüarı altında keçirilən simulyatorda Formula 1 çempionatının final yarışı baş tutub.

Bakı. Dənizkənarı bulvarda Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə Azərbaycan Avtomobil Federasiyasının birgə təşkilatçılığı əsasında regionlarda avtoidman maarifləndirmə ayı çərçivəsində “Sənin sürət formulan” şüarı altında keçirilən simulyatorda Formula 1 çempionatının final yarışı baş tutub. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Trend-ə verilən məlumata görə, gərgin mübarizə şəraitində keçən yarışda Quba rayonunu təmsil edən şəhər 7 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Fərid İslamov 1 dəqiqə 46 saniyə ilə (1:46:070) ən sürətli nəticə göstərərək regionların çempionu ünvanına yiyələnib. Yarışda bütün rəqiblərini üstələyən F.İslamov qalibiyyəti haqqında deyib: “Regional qaliblərlə mübarizə aparmaq mənim üçün çox çətin oldu. Rayonda baş tutmuş ilk yarışda bu qədər həyəcan və çətinlik yaşamamışdım. Ancaq bu gün yarışdan əvvəl keçirilmiş sınaq yürüşlərində iştirak edərək finala ciddi hazırlaşdım. Rəqiblərimi qabaqlayaraq regionların çempionu adını qazandığım üçün çox sevincliyəm. Bu çempionat mənə çox şey qazandırdı. Həm yol hərəkəti qaydaları haqqında məlumatlandırdı, həm də avtoidmana, xüsusən də Formula 1-ə böyük maraq və həvəs oyatdı. Bundan başqa, yarışdan bir gün əvvəl Bakıda bir sıra gəzməli-görməli yerlərdə, o cümlədən İçərişəhər və Heydər Əliyev Mərkəzində olduq, paytaxtımızı daha yaxından tanıdıq. Fürsətdən istifadə edərək bizə bu gözəllikləri yaşatdıqları üçün təşkilatçılara dərin minnətdarlığımı bildirirəm.” Qeyd edək ki, final yarışında Qaxı Aqşin Əhmədov, Mingəçeviri Xası İsgəndərli, Füzulini Hüseyn Eyvazov, Şirvanı Gülağa Abdullayev və Lənkəranı Azər Məmmədli təmsil edib.