Heydər Əliyev Mərkəzinin parkında “Səməni” beynəlxalq sərgi-müsabiqəsi keçirilib (FOTO)


Digərləri 19 Mar 2018 20:40:00 240 0

Heydər Əliyev Mərkəzinin parkında “Səməni” beynəlxalq sərgi-müsabiqəsi keçirilib (FOTO)

Sərgidə müasir incəsənət nümunələri – baharın rəmzi olan səməni və Novruz bayramına həsr olunmuş monumental əsərlər təqdim edilib.

Bakı. Heydər Əliyev Mərkəzinin parkında “Səməni” beynəlxalq sərgi-müsabiqəsi keçirilib. Trend-in məlumatına görə, sərgidə müasir incəsənət nümunələri – baharın rəmzi olan səməni və Novruz bayramına həsr olunmuş monumental əsərlər təqdim edilib. Sərginin açılış mərasimində çıxış edən Xalq Rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov burada yer alan əsərlərin rəssamların yüksək istedadından xəbər verdiyini söyləyib: “Bu əsərlərə baxdıqca bizdə nə qədər yaradıcı gənclərin olduğu aydın görünür. Onların istedadına valeh olmamaq mümkün deyil. Bu gənclər Azərbaycan xalqının milli bayramlarına həsr edilən beynəlxalq sərgilər, yaxud başqa bir əlamətdar hadisə münasibətilə keçirilən sərgilər üçün çox gözəl əsərlər yarada bilirlər. Təqdim edilən sərgi mövzunu orijinal formada rəmzləşdirməkdə rəssamların yüksək istedadını və bacarığını nümayiş etdirir”. Tədbir iştirakçılarını bayram münasibətilə təbrik edən Ömər Eldarov sərgilənən əsərlərdə Novruzun, yeni ilin, baharın gəlişinin əksini tapdığını qeyd edib. Bu cür sərgilərin təşkilinin ənənəyə çevrildiyini diqqətə çatdıran akademik deyib: “Biz hər dəfə bu cür sərgilərdə orijinal, gözəl işlərə baxanda yaradıcı gənclərimizlə qürur duyuruq. Bu sərgidə iştirak edən rəssamların hamısı istedadlıdır. Onların hamısını mükafatlandırmaq olardı. Lakin müsabiqənin öz şərtləri var. Bütün işlər, xüsusən qalib əsərlər ən yüksək qiymətə layiqdir”, - deyə Ö.Eldarov bildirib. Daha sonra Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov və layihənin koordinatoru Emin Məmmədov qalibləri mükafatlandırıblar. Sabit Zamanov birinci, Nərmin Abdullayeva ikinci, Orxan Qarayev və Renate Verbruq (Yeni Zelandiya) üçüncü yerə layiq görülüblər. Rəsmi açılış mərasimindən sonra sərgiyə baxış olub. Mərkəzin parkında Azərbaycan və digər ölkələrdən olan rəssam və heykəltəraşların 20-dək əsəri nümayiş edilir. Qeyd edək ki, Sabit Zamanovun əsərinin konsepsiyası alovla bağlıdır. Bu əsəri səkkiz günə ərsəyə gətirən rəssamın fikrincə, milli adət-ənənələrimiz, o cümlədən Novruzun atributlarından olan səməni ilə bağlı sərgi-müsabiqə keçirmək çox gözəl təşəbbüsdür. Həmçinin belə sərgilər yeni-yeni istedadları üzə çıxarır.