Əmlak, qızıl, bank əmanəti, yoxsa qiymətli kağızlar? – HANSI SƏRFƏLİDİR?


Digərləri 19 Mar 2018 12:40:00 245 0

Əmlak, qızıl, bank əmanəti, yoxsa qiymətli kağızlar? – HANSI SƏRFƏLİDİR?

Hazırda bazarda ən çox alınıb satılan qiymətli kağızlar dövlətə məxsus olanlardır. Bunlar Maliyyə Nazirliyinin manatla buraxdığı Dövlət Qısamüddətli İstiqrazları (DQİ) və dollarla buraxılmış SOCAR istiqrazlarıdır.

Bakı. Pulu qoruyub saxlamaq və artırmaq, bəzən onu qazanmaqdan çətin olur. İnvestorların, yəni əlində sərbəst vəsaiti olanların əsas qayğısı onları sərfəli şəkildə yatırmaqdır. Çünki düzgün yatırım etməyəndə nəinki gəlirdən məhrum olmaq, hətta yatırımın özünü də asanlıqla itirmək olar. Ona görə də etibarlı yatırım variantı tapmaq, pulu olanların baş sındırdığı əsas məsələdir. İndiyədək azərbaycanlılar pulu ən çox bankda, əmlakda və qızılda saxlayırdılar. Əksəriyyət belə də davam edir. Amma son vaxtlar digər variantlar da ortaya çıxmağa başlayıb. İndi birjada qiymətli kağızlara - səhm və istiqrazlara da yatırım etmək olar. Xüsusilə istiqrazlar çox məşhurlaşıb, indiyədək qiymətli kağızlar bazarından xəbərsiz olanlar belə, indi istiqraza yatırım edir və alıb-satırlar. Trend-in məlumatına görə, hazırda bazarda ən çox alınıb satılan qiymətli kağızlar dövlətə məxsus olanlardır. Bunlar Maliyyə Nazirliyinin manatla buraxdığı Dövlət Qısamüddətli İstiqrazları (DQİ) və dollarla buraxılmış SOCAR istiqrazlarıdır. Amma istiqrazı alıb-satmaq bir, bunlardan qazanmaq isə başqa məsələdir. İstiqrazlarla pul qazanmaq mümkündürmü? Ümumiyyətlə, yatırım məsələsində dövlətlə şəriklik sərfəlidirmi? Bunu bilmək üçün dövlət istiqrazlarının müsbət və mənfi cəhətlərinə baxmaq lazımdır. 1. Hansı variant daha gəlirlidir? İstənilən yatırımı etməzdən əvvəl onun gəlirliliyinə baxmaq lazımdır. Məsələn, əmlak alıb icarəyə verən şəxs ildə təxminən 2-5%, banklara manatla əmanət qoyan şəxs isə manatla təxminən 8-9%, dollarla 1-2% gəlir əldə edir. Bunların fonunda istiqrazlar daha gəlirli görünür. Belə ki, Maliyyə Nazirliyinin buraxdığı Dövlət Qısamüddətli İstiqrazları (DQİ) bir qədər əvvələ kimi ildə 14-17% gəlir gətirirdi. Son vaxtlar bu göstərici 8-10%-ə ensə də, yenə də sərfəlidir. Yeri gəlmişkən, bu istiqrazların nə qədər gəlir gətirəcəyi onların satışı üçün keçirilən hərracda məlum olur. İstiqrazlara tələb-təklifdən asılı olaraq onların gəlirliyi də dəyişir. SOCAR istiqrazlarında isə gəlir səviyyəsi sabitdir – illik 5%. Pulunu dollarda saxlayanlar onları ya illik 1-2%-lə banklara, ya da illik 5%-lə SOCAR İstiqrazlarına yatıra bilərlər. 2. Cəmi yarım saata nağd pul Yatırımın qazanc gətirməsi hələ işin bir tərəfidir. Əsas məsələ, likvidlik – yəni həmin qazancı və, əgər lazım olsa, yatırımın özünü itki olmadan dərhal pula çevirə bilməkdir. Ayrı-ayrı yatırımları pula çevirmək üçün fərqli müddət tələb olunur. Məsələn, əmlakı satmaq üçün azı bir neçə həftə və ya aylarla gözləməlisən, daha tez satmaq üçün qiyməti endirmək tələb olunur. Qiymətli kağızları pula çevirmək daha asandır. Lakin bazardakı bəzi kağızlar üçün alıcı tapmaq qəlizdir. Alıcı tapılsa belə, onun təklif etdiyi qiymət kağızın əsl dəyərindən aşağı ola bilər. Buna əmin olmaq üçün qiymətli kağızlar bazarındakı qiymətlərlə maraqlanmaq kifayətdir. SOCAR istiqrazlarında məsələ bir qədər fərqlidir. SOCAR bu kağızlara “geri alma” zəmanəti verib və istiqrazı istənilən vaxt, ən aşağısı nominal qiymətdən – 1000 dollardan geri satmaq olur. Satış prosesi də surətlidir. İstiqraz sahibi istiqrazı satmaq üçün müraciət etdikdən cəmi 20-30 dəqiqə sonra pul onun bank hesabına köçürülür. 3. Xaricilər bizim istiqrazlara inanırmı? Yatırımın digər mühüm cəhəti etibarlılıqdır. Azərbaycanlılar daha çox qızıl və əmlak yatırımlarına etibar edir. Bəs dövlətin istiqrazlarına etibar etmək olarmı? Maliyyə Nazirliyinin buraxdığı Dövlət Qısamüddətli İstiqrazları (DQİ) nəinki qiymətli kağızlar arasında, ümumiyyətlə bütün iqtisadiyyatda ən etibarlı yatırım aləti sayılır – çünki bu kağızların arxasında bütün resursları ilə Azərbaycan dövləti dayanır. Maliyyə Nazirliyinin xaricdə emissiya etdiyi avrobondlara da maraq ənənəvi olaraq yüksəkdir və bu kağızlar nominaldan yüksək qiymətə dövr edilir. SOCAR istiqrazları isə ölkənin ən böyük şirkəti və biznes strukturu, yenə də dövlətə məxsus olan SOCAR tərəfindən buraxılıb. Hərçənd tam arxayınlıq üçün bu da kifayət etmir. Hər hansı şirkətin qiymətli kağızlarının nə qədər etibarlı olduğunu bilmək üçün həmin şirkətin əvvəllər buraxdığı, xüsusilə də xaricilər üçün nəzərdə tutulan qiymətli kağızlarına baxmaq daha düzgündür. Hazırda London Birjasında SOCAR-ın 1,75 milyard dollarlıq avrobondu (bu da istiqrazın bir növüdür) dövriyyədədir və onlara xarici investorlar tərəfindən böyük tələbat var. Xarici investorların yatırım edərkən qarşı tərəfi necə araşdırdığını yada salmaq kifayətdir ki, onların SOCAR kağızlarına inanıb-inanmadığı məlum olsun. 4. Pulu neçə illiyə yatırmaq lazımdır? Ayrı-ayrı yatırım növləri üzrə investisiya müddəti fərqlidir. Əmlak və qızılda vaxt məhdudiyyəti yoxdur, bunlara pulu 100 illiyə də yatırmaq olar. Bank əmanətlərinin müddətini bank, istiqrazların müddətini isə emitent (onu buraxan şirkət) müəyyən edir.