Abşeronda “Kütləvi çıxarış” kampaniyası keçirilib (FOTO)


Digərləri 19 Mar 2018 12:04:00 209 0

Abşeronda “Kütləvi çıxarış” kampaniyası keçirilib (FOTO)

Əmlak Məsələləri Dövlət Komitəsi Novruz bayramı ərəfəsində daha bir yeni inşa edilmiş binanın sakinlərini sevindirib.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi Novruz bayramı ərəfəsində daha bir yeni inşa edilmiş binanın sakinlərini sevindirib. Komitədən Trend-ə verilən məlumata görə, 19 mart tarixində keçirilən növbəti “Kütləvi çıxarış” kampaniyasından Abşeron rayonunda yerləşən, 9 mərtəbəli 5 bloklu yaşayış kompleksinin sakinləri faydalanıb. Novruz bayramı münasibətilə keçirilən kampaniya çərçivəsində yaşayış kompleksinin 50 sakini birbaşa öz ünvanlarında mənzillərinə dair hazır çıxarışlar əldə ediblər. Kampaniya vətəndaşların məşğulluq prosesinin pozulmadan qeydiyyat xidmətindən yararlanmasına, bu sahədə əlçatanlığın artırılmasına və vətəndaş məmnunluğuna səbəb olur. Vaxtlarına qənaət edən sakinlər sənədləşdirmənin sürətli və rahat şəkildə aparılması, xidmətlərin birbaşa ünvana çatdırılmasından razılıqlarını ifadə ediblər. Belə yaşayış komplekslərində yerləşən mənzillərin kütləvi qaydada çıxarışla təmin olunması bu sektorda dövlət qeydiyyatına alınmış mənzillərin payını artırır, vətəndaşlara mülkiyyəti ilə bağlı iqtisadi əməliyyatların daha rahat aparılması imkanlarını genişləndirir. Eyni zamanda proses əhalinin mənzil bazarına olan marağı artırmaqla bu əmlakların hüquqi və iqtisadi əməliyyatlara cəlb olunması aktivliyini və rahatlığını təmin edir, belə əmlaklar isə vətəndaşlar üçün əlavə gəlir mənbəyinə çevrilir. Belə əmlakların iqtisadi proseslərə cəlb edilməsi son nəticədə daşınmaz əmlak bazarında canlanmaya səbəb olur.