Bakıda Beynəlxalq Kitab Sammiti keçirilib (FOTO)


Digərləri 18 Mar 2018 21:38:56 235 0

Bakıda Beynəlxalq Kitab Sammiti keçirilib (FOTO)

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə keçirilən VI Qlobal Bakı Forumu çərçivəsində bu gün paytaxtda 7-ci Beynəlxalq Kitab Sammiti baş tutub

Bakı. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə keçirilən VI Qlobal Bakı Forumu çərçivəsində bu gün paytaxtda 7-ci Beynəlxalq Kitab Sammiti baş tutub. Diasporla İş Üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, milli inkişafda, mədəni irsin qorunmasında və ötürülməsində, gələcəyin formalaşmasında kitabın əhəmiyyəti, eləcə də milli kitabxanaların rolu, kitabxanaların gələcəyi mövzusuna həsr olunan sammitin açılış sessiyası İsgəndəriyyə Kitabxanasının keçmiş direktoru İsmayıl Səragəldinin moderatorluğu ilə keçib. Sessiyada çıxış edən Latviyanın sabiq Prezidenti Vayra Vike-Frayberqa yazılı nitqin yaranmasından, kitab çapının tarixindən danışıb. Rumıniya və Azərbaycanın Milli Kitabxanaları arasında əməkdaşlıqdan bəhs edən Rumıniya Baş nazirinin müavini Ana Birçal tezliklə Rumıniyada Azərbaycan Mərkəzinin açılacağını bildirib. A.Birçal çıxışında, həmçinin, gənclərə kitab sevgisinin aşılanmasının vacibliyini vurğulayıb. Xorvatiyanın sabiq Prezidenti İvo Josipovic elektron kitablarının müasir insanların həyatındakı rolundan bəhs edib. O, öz gəncliyində kitaba olan münasibəti indiki dövrlə müqayisə edib, eyni zamanda kitabxanaların müasir standartlara cavab verməsinin vacibliyini vurğulayıb. Latviyanın sabiq Prezidenti Valdes Zatlers ölkəsinin kitab, bilik təcrübəsinin tarixindən danışıb. Sovet dövründə kitab senzurasından və müəyyən kitabları müzakirə etməyin çətin olmasından bəhs edən V.Zatlers Latviyada uşaqlar və gənclər arasında kitab oxuma ənənəsinin olduğunu bildirib. Makedoniya Prezidenti Qeorqi İvanov ideyalar, fikirlərlə kitabların yaxın əlaqəsindən danışıb. Tarixin müəyyən dövrlərində kitabların yandırılması faktına toxunan Prezident bildirib ki, kitablar yandırıla bilər, amma ideyalar, fikirlər yox.