ADR–100: Türk qoşunlarının Azərbaycanda son ayı


Digərləri 18 Mar 2018 19:32:00 260 0

ADR–100: Türk qoşunlarının Azərbaycanda son ayı

Son.az oxu.az-a istinadən Şərqin ilk demokratik respublikasının fəaliyyətinin 1918-ci il oktyabr ayına işıq salan məqaləni təqdim edir:

Oktyabr hökumətin neft sənayesinin özəlləşdirilməsi haqqında qərar qəbul etməsi ilə başladı. Bu qərara əsasən, bütün neft mədənləri əvvəlki sahiblərinə qaytarılmalı idi. Tədricən hökumət işini qaydaya salır və idarə sistemini formalaşdırırdı.

Hökumətin fəaliyyətilə paralel olaraq Fəhlə və Əsgər Deputatlarının Bakı Soveti yenidən işə başladı. Gözlənilmədən Bakı Soveti əməkhaqqı dərəcələrinin artırıldığını və fabrik-zavod komitələrinin fəaliyyətinin bərpa olunduğunu elan etdi. Bu, hökumətin planlarına uyğun deyildi.

Ərzaq işi "Sentrodom"a və Bakı şəhər dumasına həvalə edilsə də, fəhlələrlə bağlı problemlər Təsis Yığıncağı səviyyəsində həll edilməli idi. Bu vəziyyəti tənzimləmək üçün oktyabrın 12-də Bakı quberniyasının Fabrik Müfəttişliyinin orqan kimi bərpa edildiyi elan olundu.

Fəhlələrlə bağlı məsələlərin tənzimlənməsi bu orqanın səlahiyyətlərinə verilməli idi. Maraqlıdır ki, bu məsələnin həlli ölkənin digər regionlarında sonraya saxlanılmışdı.

Hökumət təkcə daxili siyasətdə deyil, xarici siyasətdə də bir sıra problemlərlə üzləşdi. Əlimərdan bəy Topçubaşovla görüşən Tələt paşa bəyan etdi ki, nə Avstriya-Macarıstan, nə də Almaniya Azərbaycanın müstəqilliyini tanımaq istəyir.

O qeyd etdi ki, vəziyyət çox mürəkkəbləşib. Tələt paşa deyirdi: "Bizim yalnız bir arzumuz, şübhəsiz, reallaşmışdır: Çar Rusiyasının dağılması".

Danışıqlar zamanı Tələt paşa qeyd etdi ki, bunun Osmanlı və bütün ümumrusiya xalqları, o cümlədən Qafqaz üçün nəticələri müsbət olmalıdır. O, Qafqazı birliyə çağırdı.

Üç gündən sonra Osmanlının Nazirlər Kabineti Qafqazdakı türk qoşunlarının təxliyyəsi haqqında qərar qəbul etdi. Doğrudur, Nuru paşa hələ də manevr edirdi. O, Qafqaz İslam Ordusunun qüvvələrini Dağıstana göndərmək, Dağıstanı aldıqdan sonra Xəzər dənizini keçmək və Orta Asiyaya doğru hərəkət etmək məqsədi güdürdü.

Nəticədə oktyabrın 9-da Dərbənd, 23-də isə Temirxan Şura (indiki Buynaksk) ələ keçirildi və türk qoşunları Port-Petrovskun (indiki Mahaçqala) alınması üçün hazırlaşmağa başladı. Ordunun ayrı-ayrı hissələri Qarabağda və ölkənin qalan ərazisində qanun-qaydanın bərqərar olunması ilə məşğul idi.

İngilis ordusunun bəzi hissələri Azərbaycan ərazisində qalmaqda idi. Sonuncu Britaniya hərbi hissələri yalnız oktyabrın 18-də ölkə ərazisindən çıxdı (onlar Lənkəran yaxınlığında yerləşirdi).

Xarici siyasətlə bağlı hökumət ümidini itirmirdi. Dağlılar Respublikası ilə münasibətlər genişlənirdi.

Oktyabrın 8-də Dağlılar Respublikasına bir milyon rubl məbləğində faizsiz kredit ayrıldı. Xarici ölkələrdə səfirliklərin açılması üçün Əlimərdan bəy Topçubaşova mandat verildi. Xarici işlər nazirinə yeni respublikalardan biri olan Krımda səfirliyin açılması tapşırıldı.

Hökumət Osmanlının dəstəyinə ümid bəsləyirdi. Osmanlı hökuməti bir-birinə zidd olan tədbirlərə əl atırdı. Belə ki, artıq oktyabrın 12-də Zaqafqaziyadan türk qoşunlarının tamamilə çıxarılması qərara alındı.

Nuru paşa, İzzət paşa və başqa hərbi komandanlar bu qərara tabe olmadı. Oktyabrın 26-da Osmanlı hökuməti Azərbaycanda hərbi xidmətdə olan türklərə yerli orduya qoşulmaq şərtilə burada qalmağa icazə verdi.

Üç gün keçməmiş, oktyabrın 29-da Qafqazda ələ keçirilən ərazilərin boşaldılması və türk qoşunlarının Brest-Litovsk sülh danışığına görə təyin edilmiş sərhədlərə kimi çəkilməsi haqqında qərar qəbul edildi. İki aydan gec olmayaraq IX Ordunun sərəncamına keçməyən hərbi birliklərin cəzalandırılacağı qeyd olunurdu.

Hökumətin təhsil sahəsində apardığı siyasət bu dönəmdə məhsuldar oldu. Oktyabrın 13-də xalq maarifi naziri aşağıdakı əmri imzaladı:

"Bakı quberniyasının uyezdlərində oxuyan hər kəsə xidməti yerlərə getməyi, tədris binalarının və vəsaitin müvafiq vəziyyətə gətirilməsini və dərslərə başlanılmasını təklif edirəm".

Artıq ayın 15-də ölkədə ilk dərs ili başlandı. O zaman Bakıda təhsil alanların sayı 5942 nəfər təşkil edirdi. Zaqatala dairəsində isə 25 ədəd birsinifli məktəbin açılmasına qərar verildi.

Hökumətin yeni siyasətinə uyğun olaraq, artıq bütün məktəblərdə türk dilinin icbari tədrisi nəzərdə tutulmuşdu, milli azlıqlara isə könüllü seçim etmək imkanı verilirdi.

Məsələn, gələcəkdə yazılacaq "Əli və Nino" romanının  müəllifi Lev Nussimbaum həmin dövrdə türk dili dərslərinə yazılmışdı. "Kaspi" qəzeti bir sinifdə 25 şagirdlik normanın müəyyən edilməsi barədə yazırdı.

Bu norma anarxiya ya görə bir çoxlarının yaşayış yerini tərk etməsinə görə qəbul edilmişdi və yeniləri gələrsə, təhsil alanların sayının artırılması məqsədi daşıyırdı. Bir aydan çox vaxt itirildiyi təqdirdə, tədris prosesinin intensivliyini artırmaq mümkün idi.

Hökumət yerli kadrların yetişdirilməsi ilə bağlı tədbirlər həyata keçirməyə başladı. Belə ki, oktyabrın 21-də Qazax Müəllim Seminariyasının pansionu, işçilərin şəxsi heyəti və ilin sonuna qədər digər xərclər üçün nəzərdə tutulmuş kredit açıldı. Seminariyanın noyabrda fəaliyyətə başlaması nəzərdə tutulurdu.

Yerli kadr məsələsi ciddi problem idi və buna görə bir həftədən sonra səfərbərliyə baxmayaraq, hökumət azərbaycanlı-müsəlman tələbələrin xarici ölkəyə getməsinə icazə verən qərar qəbul etdi. Ancaq o tələbələr xarici ali məktəblərdə təhsil almaq imkanlarını isbat etməli idilər. Tələbələrin təqaüd almasına imkan yaradıldı.

Türk qoşunlarının Azərbaycandan getməsi labüd idi, buna görə hökumət milli hərbi hissələrin formalaşdırılmasına cəhd göstərməyə başladı. Ayın əvvəlində hərbi işlər üzrə səlahiyyətli şəxs rütbəsi təsis edildi, daha sonra isə hərbi təhsil sisteminin formalaşdırılmasına başlandı.

O dövrdə ölkədə yalnız Gəncədə gizirlər üçün peşə məktəbi var idi. Oktyabrın 1-də Gəncə sənət-peşə məktəbinin hərbi məktəbə çevrilməsi, oktyabrın  27-də isə Bakıda üç hərbi məktəbin açılması və vəsaitlə təmin olunması üçün pul ayrıldı.

İqtisadi baxımdan hökumət xarici ticarət münasibətlərinin tənzimlənməsi üçün tədbirlərin həyata keçirilməsini davam etdirirdi. Belə ki, oktyabrın 8-də aksiz idarələri təsis edildi, oktyabrın 21-də isə qoz və şərabdan başqa digər istehlak malları üçün nəzərdə tutulan idxal rüsumları ləğv edildi.

İdxal rüsumlarının ləğv edilməsinə baxmayaraq, istehlak mallarının qiyməti çox sürətlə artırdı. Bununla bağlı "Həddən artıq bahalıq səbəbindən Azərbaycan Respublikasının dövlət müəssisələrində bütün işçilərin əməkhaqqına müvəqqəti olaraq hər ay 250 rubl əlavə edilməsi" haqqında qərar qəbul edildi.