Xasiyyətimizin bilinməyən yönləri FOTO


Digərləri 18 Mar 2018 19:07:00 217 0

Xasiyyətimizin bilinməyən yönləri  FOTO

Xasiyyətimizi formalaşdıran xüsusiyyətlərin bir çoxuna bələd olsaq da, bizi biz edən başqa gizli yanlar da var.

Biz adətən xasiyyətləri gördüyümüz fərqlər əsasında ayırırıq - Sara gülərüz və çoxdanışandır, John çox əsəbidir, Noah isə səliqəli və təmizkardır. Bu fərqlər fərdə xasdır.

Amma biz diqqətimizi təkcə görünən davranış üzərində cəmləsək, xasiyyətin kökündə duran xüsusiyyətləri görə bilmərik.

Bədənimizin içinə nəzər salmaq bizə yaxşı ipucları verəcək. Və elmin son əldə etdiyi nəticələr fonunda xasiyyətimizin hormonlar və immun sistemimizdən tutmuş bağırsağımızdakı mikroblara qədər biologiyamızdan asılı olduğu üzə çıxıb.

Əldə edilən yeni məlumatlar müstəsna əhəmiyyət kəsb edir. Çünki xasiyyət - xüsusilə də diqqətlilik və nevrotiklik - güclü şəkildə bizim gələcək əqli və fiziki sağlamlığımız və uzunömürlülülüyümüz ilə bağlıdır. Bunun izahını xasiyyətin fizioloji əsasını açaraq tapa bilərik.

Psixologiyanın qurucu ataları da elə bu sual haqqında düşünüblər.

1961-ci ildə ABŞ psixoloqu Gordon Allport yazırdı ki, "gələcəkdə nə vaxtsa xasiyyət ilə bağlı təsdiqlənmiş faktların insan biologiyasının təsdiqlənmiş faktları ilə əlaqəli olduğu üzə çıxacaq," lakin o, bunun üçün biologiyanın bir az daha irəli getməli olduğunu qəbul edirdi.

Biz adətən xasiyyətləri gördüyümüz fərqlər əsasında ayırırıq

Eyni onilliyin növbəti illərində Almaniyada doğulan ingilis psixoloqu Hans Eysenck Xasiyyətin Bioloji Əsası adlı kitab yazır. Kitab, fiziologiyada psixologiyanın əsaslarıni görən yazıçının ərsəyə gətirdiyi təcrübi xəritə idi.

1987-ci ildə o, əkizlər üzərində apardığı tədqiqatda xasiyyətin genetik əsaslı olduğu fikrini dilə gətirir və yazırdı ki, "əgər bu həqiqətən də belədirsə, o zaman orqanizmin müəyyən fizioloji quruluşları, biokimyəvi sekresiyaları və başqa bioloji xüsusiyyətlərində əks olunmalıdır...".

Eysenck və digərləri xasiyyətimizin daha çox beyindəki artma səviyyələrindən qaynaqlandığına inanırdılar və onların ideyaları introvert və ekstrovertlər arasındakı fərqlər üzərində cəmlənirdi.

Onlar elmin son gəldiyi nəticəyə - xasiyyətimizin dərimizin altında yatdığına təəccüblənib sevinərdilər.

Götürək stressli olarkən ayrılan kortizol hormonunu. Kortizol və şəxsiyyəti əlaqələndirən əvvəlki araşdırmalar fərqli nəticələr göstəriblər.

Amma həmin araşdırmalar arabir götürülən tüpürcək yaxmaları əsasında aparılmışdı ki, bu da heç ideal sayılmaz.

Çünki kortizol səviyyəsi bir gün içində düşüb-qalxır, o ki qalmışdı həftələr və aylar ərzində.

Fəqət 2017-ci ilin sonlarında çap olunan bir tədqiqat, 2000-dən çox iştirakçının saçındakı kortizol səviyyəsini yoxlayaraq bu problemi aşa bilib.

İştirakçılar həm də xasiyyətlə bağlı sualları cavablandırıblar. Tədqiqatçılar hər iştirakçının saçından 3 sm kəsiblər. Bu isə son üç ay ərzində yığılan kortizolu ölçmək imkanı verib.

Diqqətlilik (özünə qarşı intizam, qaydalılıq və məqsəd ilə izah olunur) xüsusiyyəti üzrə yüksək nəticə göstərən insanların saçlarında kortizol səviyyəsi aşağı olub.

Ən mühümü isə tədqiqatçılar iştirakçıların pəhriz forması, idmanla məşğuliyyəti və spirtli içki qəbuluna baxaraq nə qədər sağlam həyat sürdüklərinə də nəzər salıblar.

Diqqətliliyin bütün bu ölçülər üzrə sağlamlıqla üst-üstə düşməsi heç də təəccüblü deyil.

Ən vacibi isə sağlamlıqla bağlı bu faktorları nəzərə alınmadan belə, saçdakı kortizol səviyyəsi ilə diqqətliliyin əlaqəsinin eyni qalmasıdır.

Xasiyyətimiz hormonlar və immun sistemimizdən tutmuş bağırsağımızdakı mikroblara qədər biologiyamız bir çox tərəfləri ilə əlaqəlidir

Buna görə də tədqiqat yüksək diqqətliliyə malik insanların daha az stress keçirdiyini göstərən ilkin dəlildir.

Yəni, aşağı kortizol səviyyəsi sağlam həyatın nəticəsi deyil. Buna səbəb, adi fizioloji halda belə onların stressə qarşı daha az həssas olmalarıdır. Bu isə onların daha uzun və sağlam həyat sürmələrinə kömək olur.

Sağlamlıqla güclü şəkildə bağlı olan başqa bir xüsusiyyət də var: nevrotiklik.

Bu xüsusiyyətə malik olan insanlar əsəb, mübahisə, aşağı əhval və narahatçılığa meyllidirlər.

Onların fiziki sağlamlığı da ürəkaçan olmur. Son nəticələrə əsasən, qəribə səslənsə də, bağırsaqda yaşayan mikrobakteriyadan asılıdır.

2017-ci ildə dərc olunan başqa bir tədqiqatda tədqiqatçılar 672 könüllünün nəcis nümunəsinin DNT-sini analiz ediblər.

Könüllülər həm də xasiyyətlə bağlı sualları cavablandırıblar.

Pəhrizlərdəki fərqləri qaydasında qoyduqdan sonra belə, tədqiqatçılar yüksək nevrotiklik səviyyəsi ilə bir çox patogenlərdən ibarət qamma-proteobakteriya arasında kiçik, lakin mühüm əlaqə aşkarlayıblar.

Biz fiziki və əqli sağlamlığımız üçün tez-tez "yaxşı" bağırsaq mikrobları və pis mikroblar haqqında eşidirik.


Xəbərə aid fotolar