Azərbaycanın uzunmüddətli makroiqtisadi sabitliyi üçün böyük əhəmiyyət daşıyan qlobal layihə


Digərləri 18 Mar 2018 14:47:00 327 0

Azərbaycanın uzunmüddətli makroiqtisadi sabitliyi üçün böyük əhəmiyyət daşıyan qlobal layihə

"Fitch" beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda qeyd olunur ki, "Cənub qaz dəhlizi" çərçivəsində həyata keçirilən layihələr Azərbaycanın uzunmüddətli makroiqtisadi sabitliyi üçün strateji əhəmiyyət daşıyır.

Bu il "Cənub qaz dəhlizi" layihəsi üçün önəmli il olacaq. Belə ki, "Cənub qaz dəhlizi"nin ehtiyat mənbəyi olan "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasilata başlanacaq. Azərbaycan qazını Türkiyənin ərazisi boyu Avropayadək daşıyan Transanadolu Qaz Boru Kəməri (TANAP) istifadəyə veriləcək. Hazırda Azərbaycandan və Gürcüstandan keçərək qazı TANAP-a çatdıran CQBK-nın (Cənubi Qafqaz Boru Kəməri) genişləndirilməsi demək olar ki, sona çatıb. Dəhlizin sonuncu seqmenti olan TAP-ın (Transadriatik Qaz Boru Kəməri) çəkilişi isə müvəffəqiyyətlə davam edir.

"Cənub qaz dəhlizi" Xəzərin sahilindən başlayaraq Avropayadək uzanan 3500 kilometrlik bir boru xəttidir ki, üç mühüm kəmərin birləşməsindən yaranır. Bu layihə təkcə Azərbaycan üçün deyil, ərazisindən keçdiyi və qazla təchiz edəcəyi bütün ölkələr üçün önəmlidir. Təbii ki, Azərbaycan bu layihədən əhəmiyyətli dərəcədə faydalanacaq. "Şahdəniz-2"nin fəaliyyətə başlaması ilə artan hasilat  ölkəmizin iri regional qaz ixracatçısı kimi rolunu gücləndirəcək.

Azərbaycan quruda qabaqcıl sənaye texnologiyalarından istifadə etməklə beynəlxalq standartlara uyğun inşa edilmiş yeni obyektlərə, dənizdə nəhəng qurğulara sahib olacaq, mükəmməl ixrac infrastrukturu qazanacaq. Bir sözlə, "Cənub qaz dəhlizi"ni açmaqla, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verən əsas ölkələrdən biri kimi özünün nüfuzunu daha da möhkəmləndirəcək və təbii ki, böyük həcmdə maliyyə imkanları əldə edəcək.

Təsadüfi deyil ki, bunlar "Fitch" beynəlxalq reytinq agentliyinin məlumatında da vurğulanıb. Agentlik öz hesablamalarını açıqlayıb. Orada bildirilir ki,  Azərbaycan tədricən neft və qazdan asılılığına son qoyacaq. Çünki sovet dövründən qalan neft yataqları artıq hökuməti yeni gəlir mənbələrini inkişaf etdirməyə sövq edir: "OPEC-lə əldə olunan razılaşmaya əsasən, 2017-ci ildə neft hasilatı azaldılıb. 2018-ci ildə reallaşacaq "Şahdəniz-2" layihəsi nəticəsində isə gələcək inkişafa nail olunacaq. Layihənin strateji əhəmiyyəti gələcəkdə onun transsərhəd mahiyyəti, o cümlədən daxili öhdəliklərin və tranzit ölkələri, Avropa Birliyi və istehlakçıların siyasi dəstəyi ilə möhkəmlənəcək. 2045-ci ilədək artıq qaz ehtiyatlarının böyük hissəsi Avropa Birliyi və Türkiyə hökuməti tərəfindən alınıb".

"Fitch"in hesabatında agentliyin mütəxəssisləri qeyd ediblər ki, keçən il "Cənub qaz dəhlizi" bir sıra beynəlxalq maliyyə təşkilatlarından birbaşa vəsait cəlb edib: "Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından (İBRD) 0,4 milyard dollar, Asiya İnfrastruktur və İnkişaf Bankından (AİİB) 0,6 milyard dollar, Asiya İnkişaf Bankından (ADB) 1 milyard dollar, Avropa Yenidənqurma və İnkişaf Bankından (EBRD) 0,5 milyard dollar həcmində dövlət zəmanətli kredit cəlb olunub".