Siyəzəndə 3 avtomobil yolu yenidən qurulur


Digərləri 17 Mar 2018 13:28:45 208 0

Siyəzəndə 3 avtomobil yolu yenidən qurulur

63 kənd və qəsəbələrarası avtomobil yollarının yenidən qurulması layihələri çərçivəsində Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən böyük miqyasda tikinti və bərpa işləri aparılır.

Bakı. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq respublikanın dörd bir tərəfində bu il reallaşdırılması nəzərdə tutulan 63 kənd və qəsəbələrarası avtomobil yollarının yenidən qurulması layihələri çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən böyük miqyasda tikinti və bərpa işləri aparılır. Agentlikdən Trend-ə verilən məlumata görə, Siyəzən rayonunda bu çərçivədə ümumi uzunluqları56.6 km olan və 37.3 min əhalinin yaşadığı 14 yaşayış məntəqəsini əhatə edən 3 avtomobil yolunun yenidən qurulması nəzərdə tutulub. Bu yollardan biri Gilgilçay-Yenikənd-Tuğay-Böyük Həmyə avtomobil yoludur. Uzunluğu 17.1 km olan yol IV texniki dərəcəyə uyğun bərpa edilir. Yolun torpaq və çınqıl örtüklü olması səbəbindən gediş-gəlişlə bağlı daim problemlər yaşandığındanyolun əsaslı şəkildə bərpasına ehtiyac var idi. Bu üzdən yolun yenidən tikintisi 4 yaşayış məntəqəsinin 8 minə yaxın əhalisinin ürəyincə olub. Hazırda layihəyə uyğun 10 metr enində yeni yol yatağının tikintisi aparılır ki, bunun üçün kənardan xüsusi çınqıl material daşınaraq yola yayılır və kipləşdirmə işləri aparılır. Torpaq işlərinin həcmi 117 min kub m-dir. Tikinti işləri çərçivəsində yolun altından suların ötürülməsini təmin edən mövcud suötürücü dəmir-beton boruların bərpası və təmiri də nəzərdə tutulub.