Nazirlik: "Mart ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsi tam başa çatdırılıb"


Digərləri 16 Mar 2018 16:01:00 303 0

Nazirlik: "Mart ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsi tam başa çatdırılıb"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən mart ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsi tam başa çatdırılıb.

Bu barədə Son.az-a Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.

O bildirib ki, xalqımızın əziz bayramı olan Novruz bayramının yaxınlaşması ilə əlaqədar pensiyaçıların maraqları nəzərə alınmaqla və onların sosial müdafiəsində növbəti tədbir kimi, bütün ölkə üzrə pensiyaların bayrama qədərki günlərdə maliyyələşdirilməsi üçün müvafiq tədbirlər görülüb. Dövlət Sosial Müdafiə Fondunun mərkəzi xəzinə hesabından əmək pensiyalarının maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin müəyyən olunmuş qrafikdən əvvəl yerli orqanların hesablarına köçürülməsi təmin olunub. Ümumiyyətlə, pensiyaların maliyyələşdirilməsinə mart ayı üçün 297,0 milyon manat vəsait köçürülüb.